Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib
Bizi izləyin

MDB

Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib

Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib

Son illər Qazaxıstanın müxtəlif regionlarında yerləşən təbii, tarixi və mədəniyyət abidələrinə qarşı vandalizm hallarının kəskin artması ölkə ictimaiyyətinin, elmi dairələrin və dövlət qurumlarının ciddi narahatlığına səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan mediasında dərc olunan materiallarda bildirilir.

Məlumata görə, problemin ən ağrılı nöqtələrindən biri Türküstan vilayətində yerləşən, tunc dövrünə (e.ə. II minillik) aid 4 min illik Boralday petroqlifləridir. Şımkent şəhərindən bir saatlıq məsafədə, Terekty aulu yaxınlığında yerləşən Boralday petroqlifləri tunc, dəmir, türk və qazax-sufi dövrlərinə aid 3 mindən çox unikal təsviri özündə birləşdirir. Açıq səma altındakı bu "daş kitablar"da qədim insanların ov səhnələri, 4 min il əvvəl atların əhliləşdirilməsini sübut edən fiqurlar həkk olunub. Lakin abidənin yerləşdiyi 30 hektarlıq ərazi Sırdərya-Türküstan Dövlət Regional Təbiət Parkı yaradılarkən xüsusi mülkiyyətdə olduğu üçün parkın tərkibinə daxil edilməyib. Nəticədə, heç bir mühafizəsi olmayan abidə illərdir çəkic və kəski ilə dağıdılır, qədim rəsmlər qopardılır, üzərinə müasir adlar yazılır. Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki Bauırjan Baytanayev və təbiət parkının keçmiş rəhbəri Beybit Moşkalov ərazinin təcili olaraq dövlət tərəfindən geri alınmasını və mühafizəyə götürülməsini bəyan etsələr də, yerli icra hakimiyyətinin bürokratiyası səbəbindən 2016-cı ildən bəri bu proses dayanıb.

Bənzər vandalizm halları Şərqi Qazaxıstanın Katon-Karaqay Milli Parkında da müşahid olunur. Parkın ərazisindəki Arşatı kəndi yaxınlığında yerləşən və hərbi xidməti başa vuran əsgərlərin adlarını yazdığı "Dembel daşı", həmçinin Raxmanov bulaqlarına gedən yol boyunca yerləşən qayalar aerozol boyalarla korlanıb. Park rəhbərliyi bildirib ki, bu hərəkətlər xatirə deyil, açıq vandalizmdir. Aerozol boyaların tərkibindəki kimyəvi maddələr daşın təbii strukturuna nüfuz edərək onu parçalayır, mühitdəki nadir mamır və şibyələri məhv edir.

Milli parklarda təmizlik aksiyalarının keçirilməsi də vandalizmin qarşısını ala bilmir. Karaqanda vilayətinin Qarqaralı Milli Parkında "Taza Qazaxıstan" ekoloji aksiyası çərçivəsində könüllülər tərəfindən iki gün ərzində boyalardan təmizlənən qayalar vur-tut iki gün sonra — mayın 2-də yenidən korlanıb. Qayaya "İrina + Yuri. Artyom 02.05.2026" yazan Şaxtinsk şəhərinin 49 yaşlı sakini polis tərəfindən müəyyən edilərək barəsində "xırda xuliqanlıq" maddəsi üzrə inzibati icraat başlanıb və məsələ məhkəməyə göndərilib.

Ölkədə böyük rezonans doğuran digər bir fakt isə Mangistau vilayətinin Ibıqtı Say ərazisində qeydə alınıb. 2026-cı ilin mayında 21 yaşlı yerli sakin kanyonundakı unikal daşların üzərinə öz adını, soyadını və avtomobilinin dövlət nömrə nişanını həkk edib. Hadisə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin kəskin reaksiyasına səbəb olub. Dövlət başçısı bu hərəkəti "mədəniyyətsizliyin və barbarlığın utancverici təzahürü" adlandıraraq hüquq-mühafizə organlarından sərt tədbirlər tələb edib. Nəticədə vandala cinayət işi açılıb, o, 25 sutka azadlıqdan məhrum edilib və yazdığı yazılar özünə təmizlətdirilib.

Mədəniyyət abidələrinə qarşı belə məsuliyyətsiz yanaşma təkcə yaşlılar və ya fərdi şəxslər tərəfindən deyil, hətta təhsil müəssisələrinin şagirdləri tərəfindən də törədilir. İle-Alatau Milli Parkının Butakov şəlaləsi yaxınlığındakı daşlara yazılar yazan şəxslərin "Gemini Education" təhsil mərkəzinin şagirdləri olduğu müəyyən edilib. Milli park əməkdaşlarının apardığı profilaktik söhbətdən sonra şagirdlər əməllərindən peşman olaraq ərazini özləri təmizləyib və cəmiyyətdən üzr istəyiblər.

Təbiət və tarix abidələrinə qarşı hörmətsizlik təkcə ölkə vətəndaşları ilə məhdudlaşmır, əcnəbi turistlərin də iştirakı ilə müşahid olunur. 2026-cı ilin avqustunda Şərqi Qazaxıstandakı Sibin göllərində Rusiya vətəndaşlarının qayanın üzərinə iri hərflərlə "Sankt-Peterburq" yazması sosial şəbəkələrdə kütləvi narazılıq doğurub. Polis həmin əcnəbi turistləri saxlayaraq İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə məsuliyyətə cəlb edib və boyanı silməyə məcbur edib.

Qazaxıstanda artan vandalizm dalğasının qarşısını almaq üçün Mədəniyyət və İnformasiya Nazirliyi, həmçinin Daxili İşlər Nazirliyi qanunvericiliyi kəskinləşdirib. Hazırda Cinayət və İnzibati xətalar məcəllələrinə əsasən təbii və tarixi abidələri korlayan şəxsləri 432 min tengədən 8.6 milyon tengəyədək (təxminən 1600 – 32 000 AZN) cərimə, ictimai işlər, 50 sutkayadək inzibati həbs və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Ekspertlər vurğulayırlar ki, cəzaların sərtləşdirilməsi ilə yanaşı, Boralday kimi xüsusi mülkiyyətdə qalaraq məhv olan tarixi abidələrin təcili dövlət balansına qaytarılması təxirəsalınmaz zərurətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm