MDB
Lavrovdan Putinlə bağlı etiraf: Əgər dostluq dedikdə...
Rusiya xarici işlər naziri Sergey Lavrov Vladimir Putinlə münasibətlərindən tutmuş Qərb siyasətçilərinə, diplomatiyada emosiyaların rolundan futbol sevgisinə qədər bir sıra məsələlər barədə danışıb.
Publika.az xəbər verir ki, Lavrov “Sama Menşova” internet layihəsinə müsahibəsində bildirib ki, Putinlə münasibətlərini dostluq adlandırmaq mümkündür. Onun sözlərinə görə, bu dostluq ilk növbədə birgə işə, qarşılıqlı etimada və dəstəyə əsaslanır.
“Əgər dostluq dedikdə birinin digərinə güvəndiyi və bir-birinə dəstək olmağa çalışdığı birgə işi nəzərdə tutursunuzsa, onda bəli”, - Lavrov deyib.
Diplomatiyanın universal dərsliyi yoxdur
Rusiya XİN rəhbəri diplomatların hər vəziyyətdə emosiyalarını gizlətməli olduğu fikri ilə bağlı danışarkən bildirib ki, diplomatiyada bütün situasiyalar üçün keçərli olan vahid qayda yoxdur.
Onun sözlərinə görə, bəzən diplomat gülümsəməli, başqa vəziyyətdə göz vurmalı, üçüncü halda isə heç bir reaksiya verməməlidir. Lavrov vurğulayıb ki, bunlar diplomatik fəaliyyətdə praktiki təcrübə ilə formalaşır.
2015-ci ildə mətbuat konfransında emosional şəkildə işlətdiyi (Lavrov 2015-ci ilin avqustunda keçirilən mətbuat konfransında mikrofonun söndüyünü zənn edərək sakitcə, lakin aydın şəkildə "Дебилы, б..." ("Axmaqlar, f...") ifadəsini işlədib - red.) və sonradan məşhurlaşan ifadəsini də xatırlayan Lavrov həmin sözə görə peşman olmadığını bildirib.
“Bu, müəyyən vəziyyətdə hisslərin təbii ifadəsi idi. Xeyr, peşman deyiləm. Bu, rus dilinin bir hissəsidir”, - nazir deyib.
Lavrov Qərb siyasətçilərindən narazıdır: “Parlaq şəxsiyyətlər lazım deyil”
Lavrov Qərb siyasətində son illərdə “xırdalaşma” tendensiyası müşahidə etdiyini bildirib.
Onun sözlərinə görə, Avropada Jak Şirak və Gerhard Şröder kimi tanınmış siyasətçilərin getməsindən sonra siyasi elita dəyişib.
“Parlaq şəxsiyyətlər artıq lazım deyil, boz və itaətkar insanlar lazımdır. İstənilən fərqli düşüncə silinir”, - Lavrov deyib.
“SSRİ” yazılı sviterin sirri
Rusiya XİN rəhbəri 2025-ci ildə Alyaskada üzərində “SSRİ” yazısı olan sviter geyinməsinə də aydınlıq gətirib.
Lavrov bildirib ki, sviter ona dostu tərəfindən hədiyyə edilib və ABŞ-da onu geyinməkdə heç bir problem görmür.
Onun sözlərinə görə, Rusiya ilə ABŞ-ı, o cümlədən Alyaska sakinlərini İkinci Dünya müharibəsi ilə bağlı ortaq tarixi yaddaş da birləşdirir.
“Bunda utancverici heç nə görmürəm”, - Lavrov vurğulayıb.
16 yaşında şeir yazmağa başlayıb
Lavrov müsahibədə şəxsi həyatından da danışıb. O bildirib ki, hələ 16 yaşından şeir yazmağa başlayıb və bu gün də dostlarının yubileyləri və müxtəlif əlamətdar günlər münasibətilə onlar üçün şeirlər yazır.
Lakin nazir əvvəlki qədər poeziyaya vaxt ayırmadığını etiraf edib.
“Bunlar artıq belə, konkret insana həsr olunmuş, fərdiləşdirilmiş şeirlərdir”, - Lavrov deyib.
Futbola qayıtmaq istəyir
Lavrov futbol sevgisindən də danışıb. Uzun illər futbol oynadığını bildirən nazir hazırda müəyyən fasilə verdiyini, lakin yenidən meydançaya qayıtmağa ümid etdiyini söyləyib.
O, payızda bəzi futbol oyunlarına getməyi planlaşdırdığını da açıqlayıb.
Lavrov 2026-cı il dünya çempionatını isə xüsusi həvəslə izləmədiyini bildirib. Səbəb kimi turnirdə azarkeşlik etdiyi konkret komandanın olmamasını göstərib.
Müəllif: Adəm Abbaslı
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
















.jpg)












.jpg)









