"Bu kitabın təqdimatının Şuşada keçirilməsi..." – Səs-küylü romanın müəllifi ilə MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

"Bu kitabın təqdimatının Şuşada keçirilməsi..." – Səs-küylü romanın müəllifi ilə MÜSAHİBƏ

Təsəvvür edirsiniz? Bir roman yazırsınız, çap etdirirsiniz və səsi 7 ildən sonra çıxır. Hətta əsərin sonluğunda təsvir edilən hadisələr yeddi ildən sonra gerçəkləşir. Zamanı yeddi il qabaqlayan yazıçı isə AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyi və Rusiya Yazıçılar İttifaqının üzvü, yazıçı Sadıq Qarayevdir.

Onun "Sahilsiz təzadlar" romanının sonundakı hadisələr Şuşa hələ işğaldan azad edilməmiş qələmə alınıb. İş o yerə çatıb ki, ölkənin 50-dən artıq ziyalısı – millət vəkilləri, alimlər, jurnalistlər, pedaqoqlar ölkənin aidiyyəti qurumlarına müraciət ediblər ki, bu kitabın Şuşada da təqdimatı keçirilsin. 7 il sonra ölkə gündəminə əməlli-başlı səs-küy salan romanın müəllifi ilə söhbətləşdik.

Beləliklə, "Cümə söhbəti"mizin budəfəki qonağı yazıçı Sadıq Qarayevin Publika.az-a müsahibəsini təqdim edirik:

- Sadıq bəy, gəlin, 7 il əvvələ qayıdaq. Ölkəyə səs salan kitabınızdan danışaq. Bu kitabdakılar öncəgörmələrdir, yoxsa?..

- 2014-cü ildə mənim "Sahilsiz təzadlar" adlı elmi, fəlsəfi, detektiv janrda iri həcmli romanım çapdan çıxmışdı. Romanımın mahiyyətində milli və bəşəri dəyərlər, azərbaycançılıq məfkurəsi, keçmiş Qarabağ münaqişəsi dayanır. 630 səhifədən ibarətdir. Romanın əsas qayəsini təbiətdə və cəmiyyətdə baş verən təzadlar təşkil edir. O vaxta qədər Qarabağ münaqişəsi ilə bağlı 5 qətnamə vardı. Məsələn, erməni qoşunları Qarabağdan çıxmalı idi, amma reallıqda çıxmırdı. Bu, təzaddır. Mən özüm bioloqam. Bu təzadlar təkcə cəmiyyətdə yox, həm də bitkilər, heyvanlar aləmində, ümumiyyətlə, canlı və cansız təbiətdə baş verir. İnsan bunları vəhdətdə götürərək milli məsələyə bu üç vəhdətdən baxır. Azərbaycançılıq məfkurəsini, Azərbaycan xalqının bədii, elmi şüur səviyyəsini müəyyən məsələlər fonunda qabarıq vermək həm daxili, həm də xarici auditoriya üçün önəmlidir. Həm də yazanda düşünmüşəm ki, xarici dillərə tərcümə olunsa, bu roman Azərbaycan xalqını təmsil edə bilsin. Bu romanda rənglərin, kainatın, materiyanın əmələ gəlməsi, təkamül məsələləri ilə yanaşı, Qarabağ məsələsi də geniş yer alıb.

- Bəs bu kitabların ideyası nədir?

- Mənim birinci və ikinci kitablarımda belə bir ideya xətti götürülüb ki, bizim yaşadığımız Qafqaz regionu çox strateji yer olduğu üçün imperiya dövlətləri tarix boyu bura ilə bağlı öz marağını ortaya qoyub. Sahib olmağa çalışıb. Təbii ki, imperiya qüvvələri ermənilərdən bir vasitəçi, alət kimi həmişə istifadə edib. Onlardan Pyotr dövründə bir cür, inqilabdan əvvəl başqa cür, sovet imperiyası dönəmində tamam başqa səpkidə istifadə olunub. Yəni ermənilərlə bağlı məna və məqsəd eynidir, sadəcə olaraq metodlar fərqlidir. Əsərdə bunlar da öz əksini tapıb. Ona görə ki, dünya xalqları bu əsəri oxuyarkən məsələnin əsl kökünü, mahiyyətini bilsinlər. "Sahilsiz təzadlar"da əsərin qəhrəmanı olan Nərminin Moskvada özəl xəstəxanası var. Orada tibb üzrə professordur. Qalina adlı erməni qadın buna müraciət edir ki, mənim oğlumun gözləri tutulub. Soruşur ki, bunu niyə öz həkimləriniz müalicə etmədi. Qadın da qayıdır ki, özümüzünkülər pulsuz müalicə etmədilər. Qalina onu da əlavə edir ki, mən də müəlliməm, müalicə üçün pulum yoxdur. Nərmin yenə də böyüklük göstərir və düşünür ki, xəstəliyin, onun müalicəsinin milli kimliyə dəxli yoxdur. Deyir ki, mən bu xəstəni müalicə edəcəyəm. Bu romanda bir Azərbaycan xanımının bəşəri dəyərlərə sayğısı göstərilir.

- Çapından 7 il sonra bütün ölkəyə səs salan romanın sonluğu haqqında fikirlərinizi öyrənək...

- 2014-cü ildə yazılmış "Sahilsiz təzadlar" romanının sonluğu Şuşada bitir. Şuşada Nobel mükafatına namizədlər beynəlxalq konfrans keçirirlər. Onlar orada Gövhərağa məscidini, Heydər Əliyevin büstünü ziyarət edirlər. Cıdır düzündəki Bayraq meydanını ziyarət edəndən sonra konfrans öz işinə başlayır. Əsərdə zaman baxımından xeyli qabağa getmişik. Orada qeyd olunur ki, son illər Şuşa elmi, mədəni, ədəbi, beynəlxalq tədbirlərin keçirildiyi bir yerdir. Təsəvvür edin, o vaxt, Şuşa azad edilməmişdən 7 il əvvəl deyilən fikirlər indi reallaşıb. Bu, proqnoz tipli olsa da, elmi əsaslara söykənən bir öngörüdür. Biz alimik. Bioloqlar istənilən toxumu Abşerona gətirib reproduksiya edəndə onun biologiyasını öyrənirik. Eyni zamanda, yerli iqlimi öyrənirik ki, buna uyğun gələr, yoxsa yox... Biz bu barədə proqnozlar verəndə elmi təhlillərə, müşahidələrə əsaslanırıq. Şuşa ilə bağlı məsələdə də elmi təhlillər, müşahidələr əsas götürülüb. Bəzi şairlər deyir ki, mənə ruh, təb gəldi. Mən qətiyyən belə şeyləri qəbul etmirəm. Bəlkə də onlara təb gəlir, mən öz barəmdə deyirəm. Şuşanın azad olunacağını da elmə, məntiqə əsaslanaraq yazmışam.

- Necə ki?

- Mən görürdüm ki, Azərbaycan dövləti zaman-zaman Prezident İlham Əliyevin başçılığı ilə bütün beynəlxalq istiqamətlərdə, hüquqi müstəvidə - Avropa Şurasında, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, digər beynəlxalq qurumlarda bu məsələni qaldırır. Geniş təbliğatla, diplomatik səylərlə Qarabağ münaqişəsi ilə bağlı, işğal edilmiş torpaqların Azərbaycanın ərazisi olması ilə bağlı hüquqi baza yaradırlar. Bunun da nəticəsi orada göründü ki, 44 günlük müharibə dövründə heç bir dövlət bu məsələyə müdaxilə edə bilmədi. Çünki buna qədər hüquqi baza yaranmışdı. Digər tərəfdən, bizdə dövlət quruculuğu ilə yanaşı, ordu quruculuğu da gedirdi. Paradlarda necə müasir silahlarımızın olduğunu görürdük. Prezident də dəfələrlə qeyd edirdi ki, Ali Baş Komandan kimi bu məsələ mənim diqqət mərkəzimdədir. Mən həmişə xalqımızı bütöv görmək istəmişəm. Birinci Qarabağ müharibəsi dövründəki uğursuzluqlarımızı kiminsə üstünə atmağın tərəfdarı olmamışam. Satqınlar, "filankəs"lər olacaq. Pərakəndəlik, xaos, anarxiya, mərkəzləşdirilmiş güclü dövlət olmayan yerdə uğursuzluq da, digər nüanslar da ola bilər. Amma bizim indi apardığımız müharibə dövlətin və ordunun gücünü ortaya qoydu. Xalqla dövlət vəhdət təşkil edərək saat mexanizmi kimi işlədi. Bunun nəticəsində biz qalib gəldik. Qələbə üçün birinci şərt beynəlxalq aləmdə hüquqi bazanın yaradılması, ikinci məqam ordu quruculuğu, üçüncüsü isə bizim dayanıqlı iqtisadiyyatımızın yaranmasıdır. Biz heç bir dövlətdən asılı deyilik. Marks da deyirdi ki, əvvəl iqtisadiyyat, sonra siyasət... İqtisadi müstəqillik olmazsa, kimdənsə asılı düşərsən. Bu üç amillə yanaşı, bir başlıca nüans da var. Son 17 il ərzində, xüsusən də müstəqillik dövründə bizim gənclərimizdə, xalqımızda çox böyük vətənpərvərlik ruhu əmələ gəldi. Təsir əks təsirə bərabərdir. Bəlkə də Xocalı faciəsi, ermənilərin Qarabağdakı vəhşilikləri bizim xalqımızın ruhunu elə formada deformasiya etdi, fərqlilik yaratdı ki, məğlubiyyət sindromunu sıxıb atdı.

- Yəni?

- Mən o vaxt həmin romanı yazarkən dövlətimizin güclənməsini, ordunun güclənməsini, xalqımızdakı intiqam hissinin get-gedə artmasını, dövlətin Qarabağ məsələsində qətiyyətlə güzəşt mövqeyi tutmamasını görürdüm. Dövlətimiz bu məsələdə qəti və prinsipial mövqe sərgiləyirdi. Bu faktorların axırı sonda bizim Şuşanı azad etməyimizə gətirib çıxarmalı idi. Necə olursa-olsun almalı idik, bizim xalqın, dövlətin başqa çıxış yolu yox idi. Ona görə də fikirləşə-fikirləşə bu romanı öz proqnozlarım əsasında yazdım.

- Deməli, təxəyyülünüz öncəgörməyə yox, elmi əsaslara söykənən müşahidə və proqnozlara dayanır?

- Bəli. Əsərin sonunda Şuşada alimlərin konfransı barədə bayaq qeyd etdim. Gələcəkdə Şuşanı Şərqlə Qərbin, mədəniyyətlərin qovuşduğu bir paytaxt elan etmək olar. Ən beynəlxalq nüfuzlu tədbirlər, elmə, mədəniyyətə aid simpoziumlar, konfranslar Şuşada keçirilsin. Artıq Şuşa ölkə başçısının sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bir məsələni də qeyd etmək istəyirəm, Arximed Ling qanununu kəşf etdikdən sonra ruhlanaraq belə bir ifadə işlədir ki, mənə bir dayaq nöqtəsi göstərin, bütün Yer kürəsini qaldırım. Hər bir xalqın da milli-mənəvi dayaq nöqtələri olur. Onları da yaradan həmin xalqın şəhidləri, alimləridir, ziyalılarıdır. Bizim şəhidlərimiz 44 günlük müharibədə elə bir milli-mənəvi dayaq nöqtəsi yaratdı ki, bundan sonra da yüzillər boyu xalqımız hər hansı çətinliyə düşərsə, mənəvi dayaq nöqtələri hesabına həmin problemə güc gələcək. Erməni xəstəliyi bu ərazilərdə yayılmayacaq. Onu da deyim ki, ermənilər nə antropoloji quruluşuna, nə xarakterinə, nə də xarici görkəminə, dilinə görə qafqazlı deyil. Qafqazda onların dilinə oxşar dil yoxdur. Bunlar onu göstərir ki, bioloq dili ilə desək, onlar buraya haradansa introduksiya olunub gəlmiş xalqdır. Biz Türkiyədəki, Güney Azərbaycandakı türklərlə soy, mədəniyyət, adət-ənənə baxımından oxşarıq. Amma ermənilər buradakı heç bir etnik qrupa, xalqa bənzəmirlər. Bu da o deməkdir ki, onlar bu ərazilərə köçürülüblər, buraya gəlmədirlər.

- Sadıq bəy, artıq ölkə başçısı Zəngəzur, Göyçə, hətta İrəvana qayıdışın ismarışlarını verir. Bununla bağlı sizdən proqnoz xarakterli əsərlər gözləyə bilərikmi?

- İnşallah, gözləyərsiniz. Bu sualınıza cavab verməzdən əvvəl bir məsələyə aydınlıq gətirmək istəyirəm. Mən həmişə iki nüansı qabardıb göz önündə saxlamağımızı istəmişəm. Ermənilər heç vaxt məğlubiyyətlə barışmayacaqlar. Barışmayıb da böyük bir iş görə bilməyəcəklər, amma bizim indi bunları məğlub etməyimiz onların 200 illik hazırlığının, təbliğatının, lobbisinin, kilsələrinin, onların ağalarının hamısının birgə işinə vurulmuş öldürücü zərbədir. Cənab Prezident demiş, biz onları dəmir yumruqla əzdik. 200 il hələ bunlar "cücərməzlər". Onlar tarixin katastrof vaxtını gözləyəcəklər. Biz də düşünməliyik ki, tarixi şərait yarandı, Qarabağı azad etdik. Bir də belə şans ələ düşərsə, Zəngəzura, İrəvana qayıtmaqla bağlı milli-strateji hədəflərimiz olmalıdır. Cənab Prezident bunu diplomatik dillə ifadə edir. Orada dəmir yolları açılacaq, nəqliyyat infrastrukturu bərpa olunacaq. Amma bu fikirlərin altında dərin qatlar da mövcuddur. Sətiraltı mənada cəmiyyətə mesaj ötürülür ki, bizim gələcəkdəki milli yolumuz Zəngəzura da qayıtmaqdır. Bu, bizim tarixi, dədə-baba torpağımızıdır. Xəritələr də bunu göstərir ki, vaxtilə bizi Naxçıvandan ayrı salıblar. Tələsmək lazım deyil, bu işləri addım-addım irəliyə aparmaq lazımdır. Cənab Prezident də deyir ki, bizim rəqibimiz zamandır. Hər şeyi bir anın içində həll etmək mümkün deyil. Bitkini də torpağa əkirsən, onun bəhrə verməsi üçün mütləq may ayı gəlməlidir. Müəyyən şərtlər ödənilməlidir ki, bitki cücərsin...

- Niyə Sadıq Qarayev, niyə bu iki roman?

- Bu romanımın təqdimatının Şuşada keçirilməsi ilə bağlı ölkəmizin tanınmış elm, fikir adamları, ictimai xadimlərimiz təkliflə çıxış etdilər. 50-yə yaxın insan bu təklifə imza atdı. Oxucularda fikir formalaşa bilər ki, niyə məhz bu kitab, niyə məhz bu müəllif?!.. Bu, çox vacib məsələdir. Həmin təklifə imza atan alimlərin, yazıçıların heç biri təsadüfi deyil. Onların əksəriyyəti bu kitabı oxuyublar. Həmin iki roman haqqında zaman-zaman tənqidçilər, alimlər mətbuatda çıxış ediblər. Kitabın təqdimatında çıxışlar ediblər, fikirlərini bildiriblər. Yüksək fikirlər söyləyiblər. Həmin müraciətə imza atmış insanların əksəriyyəti işıqlı insanlardır. Alimlərdir, yazıçılardır, ədəbiyyat adamlarıdır. Həmin insanlar nəyə imza atdıqlarının məsuliyyətini də dərk edirlər. Onlar onu əsas götürüb ki, kitabın sonundakı nikbin proqnozun doğrulmağı, orada göstərilən arzu - may ayının sonunda Şuşada elmi konfrans keçirilməsi məsələsi hazırda baş verən proseslərə uyğun gəldiyinə, hər iki kitabın mahiyyətinə görədir.

Digər kitab "Sahibsiz kölgələr"dir. Bu, xüsusi xidmət orqanlarımızın fəaliyyətindən bəhs edən bir romandır. Biz bu sahibsiz kölgələri görmürük, bilmirik. Onlar vətənə, dövlətə xidmət edirlər. Eləsi olur ki, bu yolda şəhid olur, heç ondan da xəbərimiz olmur. Onlar bizim naməlum qəhrəmanlarımızdır. Həmin romanda da milli birlik, vətənsevərlik öz əksini tapıb. Hətta "Mədəniyyət" kanalında hər iki kitab haqqında veriliş gedib. Kitab haqqında olan bilgilər sayəsində kitabın axırında verilmiş proqnoza görə, onun növbəti təqdimatının Şuşada keçirilməsi məsələsi qabardılıb. Bu, təkcə mənim yox, həm də sizin, hamımızın kitabıdır. Bu kitab xaricə çıxanda deməyəcəksiniz ki, filankəsindir. Deyəcəksiniz ki, bizimdir. Sizin də yaratdığınız dəyər mənimdir. Mən hər bir azərbaycanlının yaratdığı dəyəri özümünkü hesab edirəm.

- Bəs Şuşada təqdimat keçiriləcəkmi?

- Təqdimatın Şuşada keçirilib-keçirilməyəcəyi ilə bağlı mən bir söz deyə bilmərəm. Onu da başa düşürəm ki, bu, indiki dövrdə çətindir. Orada minalanmış ərazilər var...

- Onsuz da iyul ayında Şuşada Vaqif poeziya günləri keçiriləcək. O ərəfədə də keçirmək olar...

- Biz müraciət etmişik. Mümkün olmayan bir şey yoxdur. Dünya tarixində görünməmiş bir şey idi, süngü-bıçaqla şəhər alınıb. Bunu heç kim təsəvvür etmirdi. Bu olubsa, kitabın Şuşadakı təqdimatı da hansısa məqamda ola bilər. Elə də ola bilər ki, Vaqif poeziya günləri keçiriləndə həmin tədbir çərçivəsində, yaxud ayrıca da keçirilməsi mümkündür. Biz təqdimatla bağlı AMEA-nın Humanitar Elmlər Bölməsinə, AYB-yə və Mədəniyyət Nazirliyinə müraciət ünvanlamışıq. Kifayət qədər tanınmış imzalar bu müraciətə qol çəkib. Yəqin ki, onlar da araşdırarlar, baxarlar, kitabla tanış olarlar. Şuşa Qarabağın simvoludur.

- Onlar kimlərdir?

- Hörmətli professor İsmayıl Kazımov və bir qrup AMEA əməkdaşı, yazar və ziyalı mənim üçün böyük fəxr olan gözəl ideya ilə çıxış etdi. İmza atanlar: Əlirza Xələfli, professor İslam Qəribli, Qurban Bayramov- tənqidçi, Şahlar Göytürk- filologiya üzrə fəlsəfə doktoru, dosent, Əsəd Cahangir- tənqidçi, Zeynəddin Şabanov- fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Vüqar Əhməd- filologiya elmlər doktoru, professor, şair Rüstəm Behrudi, Mərziyyə Nəcəfova- filologiya üzrə elmlər doktoru, Atif İslamzadə- filologiya üzrə fəlsəfə doktoru, dosent, Kənan Hacı- yazıçı, tənqidçi, Əyyub Qiyas- yazıçı, Yunus Oğuz- yazıçı, Ləman Ələşrəfqızı- jurnalist, Fazil Mustafa- fəlsəfə üzrə doktor, millət vəkili, Mərziyyə Nəcəfova- filologiya üzrə elmlər doktoru, dosent, Varis Yolçuyev- yazıçı, Mail Yaqub- fəlsəfə üzrə fəlsəfə doktoru... Siyahını uzatmaq olar, təxminən 53 nəfər ölkəmizin ən işıqlı adamı, ziyalılarımız bu müraciətə imza atıblar.

- Bu kitabın Şuşada təqdimatının hər hansı mesajı, ismarışı varmı?

- Bu kitabların orada təqdimatının keçirilməsi həm də dünyaya bir mesaj olar ki, bu şəhər bütün dünyanın mədəniyyət mərkəzi ola bilər. Ermənilər işğal dövründə içki içib, rəqs edirdilərsə, biz orada elmi-mədəni tədbirlər keçiririk. Bunun mesajını dünyaya vermiş olarıq. Biz bu məsələni qloballaşdırıb beynəlxalq səviyyəyə çıxarmalıyıq. Dünyada Nobel mükafatı var. Hətta biz Şuşa və yaxud Xarıbülbül adında beynəlxalq mükafat da təsis edə bilərik. O mükafatı elm, mədəniyyət adamlarına vermək olar. Onun hər il təqdimetmə mərasimini Şuşada keçirmək olar. Məsələn, fizika, kimya sahələrində ən yaxşı kəşflərə Şuşa mükafatı vermək mümkündür. Bizim dövlətimizin də buna gücü çatır. Nobel mükafatının təkrarı olmasın deyə, oraya yeni elementlər də əlavə etmək olar. İnşAllah, mən bunları gözləyirəm.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm