Müsahibə
Möhlət Müslümov: “Əlini stola çırpıb dedi, ay vicdansızlar”
Publika.Az-ın "Ötüb-keçənlər" layihəsinin növbəti qonağı Quzey və Güney Azərbaycanın tanınmış tarzəni, xalq artisti Möhlət Müslümovdur. Sənətkarın həyatında ötüb keçən, lakin unudulmayan məqamları onun öz dilindən təqdim edirik.
- Həyat doğrudan da çox qəribədir. Əvvəlimizlə axırımızın necə olacağından xəbərsiz şəkildə, qismətimizə yazılan ömür yolunu addımlayırıq. Ta yolun sonuna qədər, harda qırıla-qırıla... Mənim ömür yolum hamar olmayıb. Ayağım yer tutmağa başlayandan, gəzməyi öyrəndiyim vaxtdan qarşıma daş-kəsək çıxıb.
O daşları təmizləyib, yaralı ayağımın qanını silib yoluma yenə davam etmişəm. İnkar eləmirəm, bəzən həyatdan bezib yolumdan üz döndərdiyim, üsyan etdiyim vaxtlar da olub.
Kimin ağlına gələrdi ki, uşaq vaxtı qoyun-quzu otaran bir oğlan illər sonra çoxlarının tanıdığı bir sənətçi olacaq?! Hə, mənim sənət yolum bax o örüşdən başladı...
Tar çalmağı qoyun-quzu qırağında öyrənmişəm
Biz dədə-baba tərəkəməyik. Mənim babam da, babamın atası da tərəkəmə olub, heyvandarlıqla məşğul olmuşuq. İndinin özündə də əmim heyvan saxlayır. Bakıdan 40 kilometr uzaqlıqda, Şamaxı yolunun üzərində bir Çay kəndi var. O, bizim ata-baba kəndimizdir. O kəndin əhalisi də deyilənə görə, Xalxaldan, Cənubi Azərbaycandan gəlmədirlər. Sonradan atam Biləcəriyə köçüb.
Anamın atası isə Qumda, Nəcəfdə 25 il ruhani təhsili alıb. 10 yaşında təhsil arxasınca Qobudan çıxıb, bir də 35 yaşında qayıdıb. Uzun illər Göy məscidin axundu olub. Yəni, mən və bacım bu cür halal, zəhmətkeş bir ailədə böyümüşük. Atam fəhlə olub, bizi alın təriylə dolandırıb. Qəssablıq da edib.
Həm bu işdə, həm də qoyun-quzu otarmaqda atama kömək etmişəm. Uşaqlığım qoyun-quzu qırağında keçib. Tar çalmağı da qoyun-quzu otara-otara öyrənmişəm. Anam evdar qadın olsa da, əruz vəznində ən qəliz qəzəlləri mənə təhlil edirdi. Atam isə muğamları tanıyırdı. Həmişə danışırdı ki, "2 yaşın vardı, tavanı mənə verirdin, "oxu" deyə bilmirdin, deyirdin "oxa". O qədər ağlayırdın ki, axırı nəsə quraşdırıb oxuyurdum. Sənin də elə xoşuna gəlirdi".
Atam ömrü boyu özünə tar almaq istəyib. Amma imkansızlıq ucbatından bu arzusunu həyata keçirə bilməyib. Tarı mənə məhz atam sevdirdi. Mən onun bu ölmüş arzusuna can verdim...
Tarla ilk tanışlığım da yadımdadı, cəmi 5 yaşım vardı. Bir qohumumuzun evində gördüm. Təsadüfən əlim tara dəydi. İstədim götürüm, dedilər olmaz, gücün çatmaz. O aləti əlimə almaq istəyisə ürəyimdə qaldı.
Bu arzuma düz 5 il sonra çatdım. O vaxta qədər isə başımı nağarayla qatdım. Mənə bir nağara aldılar. Tardan fərqli, nağara güc tələb eləmirdi. Ayağımın arasına qoyub çalırdım.
O ləkə köynəyimdən də təmizlənmədi, xatirəmdən də silinmədi
Sonra məktəb illəri başladı. Bir hadisəni hələ də unuda bilmirəm. Birinci sinifdə oxuyurdum. O vaxt indiki qələmlərdən yox idi. Peronu mürəkkəbə batırıb yazırdıq. Mürəkkəbi özümüzlə məktəbə aparırdıq, dərsdən sonra da qaytarıb evə gətirirdik.
Necə oldusa, təsadüfən mürəkkəbi köynəyimə dağıtdım. O qədər ağladım... Elə bildim evdə ana-atam buna görə məni döyəcək, ya danlayacaq. Amma heç nə eləmədilər. Anam o ağ məktəbli köynəyimi yuyub təmizlədi. Birinci sinfi qurtarana qədər köynəkdən o mürəkkəbin ləkəsi getmədi.
O ləkə köynəyimdən təmizlənmədiyi kimi, xatirəmdən də silinib getmədi. Həmin gün axıtdığım göz yaşlarını, keçirdiyim həyəcanı ömrüm boyu unuda bilmədim. Ötüb keçsə də...
Bəlkə də bu ondan irəli gəlir ki, biz çox kasıb ailəydik. Maddi çətinliyimiz vardı. Məhz o pulsuzluq ucbatından atam özünə arzusunda olduğu tarı ala bilməmişdi. Mənə də tarı o səbəbdən gec aldılar. Amma aldılar...
Yəqin heç bir çətinliyə baxmayaraq atam mənim də taleyimin özününkünə bənzəməsini istəmədi. Onda 10 yaşım vardı. 18 nömrəli musiqi məktəbinin birinci sinfinə gedirdim. İkinci tarımı isə 14 yaşımda aldım. Amma bu, çox kədərli bir hadisədir.
50 ildən çox vaxt keçib, amma bu gün də xatırlayanda gözlərim dolur. Böyük zülmlə, çətinliklə atam mənə tar aldı. Özüm də onunla getmişdim. Adını unutduğum bir kişidən aldıq. Balaca tardan böyük idi bir az. Professional tara yaxındı. O an necə sevinirdim...
Sevinə-sevinə maşından düşüb tarı əlimə götürdüm ki, evə gətirim. Maşından düşməyimlə yıxılmağım bir göz qırpımında baş verdi. Yıxıldım və sevinərək aldığım ilk böyük tarım iki bölündü. Tarla bərabər arzularım, xəyallarım da çilik-çilik oldu...
Yazıq atam o tarı düzəltdirib aldığı adama qaytardı, pulunu da üstündə. Pulun yox vaxtında kişini ikiqat xərcə saldım. Bircə ona sevinirəm ki, atamın o zəhmətini puç eləmədim, arzusunu ürəyində qoymadım...
Pencəyimə o qədər yağış dəymişdi ki, qolları qısalmışdı
Musiqi məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil oldum. Bax, o illərdə ailəmizin maddi baxımdan necə çətinlik çəkdiyinin fərqinə daha çox vardım. Tələbəlik illərim çox ağır keçdi, hər baxımdan.
Gündə 8 saat tarla məşğul olurdum. Atama da kömək edirdim, evin ağır işlərini görürdüm. Gecə-gündüz yatmırdım. Gecə saat 12-yə qədər oturub tar çalırdım, axtardığımı tapa bilməyib yatırdım. O qədər fikirli yatırdım ki, axtardığımı yuxuda görüb ayılırdım. Ayağa qalxıb təzədən tar çalırdım ki, birdən səhər unudaram.
Anam yazıq da deyirdi "bu uşaq dəli olub deyəsən". Həmin illər həyatımın ən çətin illəriydi. Amma mən bunu çəkinmədən, utanmadan yada salıram. Keçmişini unutmaq nadanlıqdı. Mən həmişə öz tələbə yoldaşlarımdan seçilmişəm.
Tələbə vardı ki, imkanlı idi, bahalı yerlərdə çörək yeyirdi. Mənim pulumsa yalnız avtobus biletini almağa yetirdi. Pulum qalsaydı, ən çoxu bir bulka alıb yeyərdim. Geyimdə də o biri uşaqlardan seçilirdim. Qışda geyinməyə paltom olmadığından dərsə pencəklə gedib-gəlirdim. Hətta pencəyimə o qədər yağış dəymişdi ki, qolları qısalmışdı.
Həmin il güclü soyuqdəymədən kor bağırsağım şişdi, əməliyyat olundum... Mən o tələbə yoldaşlarıma heç vaxt həsəd aparmırdım. Həvəsdən də düşmürdüm, daha artıq öz üzərimdə çalışırdım.
İxtisası və ədəbiyyatı yaxşı oxuyurdum, amma riyaziyyatı, həndəsini sevmirdim, marağım yox idi. Müəllimləri də incidirdim. Hətta mənə "iki" yazıb texnikumdan çıxarmaq istəyirdilər.
Əlini stolun üstünə vurub dedi, ay vicdansızlar...
Hərbi xidməti başa vurmağa bir neçə ay qalmış Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası – X.M.) hazırlaşmağa başladım. Onda da xeyli zülm çəkdim. Gecələr yatmırdım, nəzəriyyəni öyrənirdim. Onda konservatoriyaya qəbul olunmaq üçün 9 imtahan verirdin.
6 imtahandan "əla" qiymət aldım. 7-cisi SSRİ tarixi imtahanından məni kəsdilər. O an nə hisslər keçirdiyimi, nələr yaşadığımı dilə gətirə bilmirəm. Elə bir vəziyyətə düşdüm ki, tamamilə həyatdan küsdüm. Bütün günü kədərli gəzirdim, heç kim, heç nə ürəyimi açmırdı. Tarı, sənəti atmaq, başqa sənətə getmək istəyirdim.
Sonra dostum rəhmətlik Həsənağa Qurbanov atasına dedi, yığışıb məni danladılar ki, oxuyub qəbul olunmalısan. Həmin il də qəzetdə qərar çıxdı ki, ixtisasdan "5" alan tələbəyə digər imtahanlardan güzəşt olacaq. Qəbula düz 20 gün qalmış həvəslənib yenidən imtahanlara hazırlaşdım.
İmtahan götürənlər arasında rəhmətlik Səid Rüstəmov da vardı. Soruşdu, a bala, bu vaxta qədər hardaydın?. Dedim, keçən il gəlmişdim 7-ci imtahanda məni kəsdilər. Əlini stolun üstünə vurub dedi, ay vicdansızlar... O imtahandan "5" aldım. O biri imtahanlarda da Səid Rüstəmov şəxsən gəlib dayandı müəllimlərin başının üstündə.
Ondan sonra çətinlikləri geridə qoya-qoya irəliləməyə başladım. İşlədim, məni tanıdılar, maddi imkan düzəldi. Ailəyə də kömək etdim. Çox çətinliklər görmüşəm, çox... Dayısız, əmisiz, heç nəsiz, nə etmişəmsə, yalnız öz gücümə etmişəm.
Sevməyə vaxtım olmadı. Konservatoriyada oxuduğum illərdə ata-baba ənənəsi ilə məni evləndiriblər. Yoldaşım da qonşumuz idi. Hazırda üç uşağım, yeddi nəvəm var. 45 yaşım tamam deyildi, artıq baba olmuşdum. Böyük nəvəmin 13 yaşı var, kiçiyi isə iki aylıqdır. Şükür, bu gün hər şeyim var.
Ömür, sənət yolumun əvvəlində çəkdiyim əziyyətlər, zülmlər hədər getmədi. Xalqın sevgisini qazandım. Bu gün prezidentin fərdi təqaüdçüsüyəm, Heydər Əliyev Fondunun təqaüdünü alıram, prezident mənə ev verib, xalq artisti, Milli Konservatoriyanın dosenti, AzTV-nin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri, Cabbar Qaryağdıoğlu adına muğam üçlüyünün solistiyəm. Bunları qram-qram əldə etmişəm...
5 dəqiqə əllərim titrəyə-titrəyə çaldım
Elə bilməsinlər ki, professional sənətdəsənsə, vəssalam, deməli, hər şey yağ kimi gedir. Elə deyil. Bizim də çətinə düşdüyümüz vaxtlar olub, başımıza elə işlər gəlib ki...
Səhnədə xaric oxuyan da olub, sözü yadından çıxardan da. Adını çəkməyəcəm, çala-çala görürəm ki, deton oxuyur. O qədər həyəcanlıdır ki, işarə edirəm başa düşmür. Yalnız mahnının axırına yaxın nə demək istədiyimi anlayıb, onda da artıq gec olub.
Bəzən mahnının sözləri kiminsə yadından çıxır, ifasını eləcə başa vurur. Bunların hamısı həyəcandandı. Bu olmalıdır, təbii. Həyəcan məsuliyyət deməkdir. Məndə də olur, 2-3 dəqiqədən sonra keçir. Amma elə sənətçi var heç 2 saat da həyəcandan qurtula bilmir. Həyəcandan söz düşmüşkən, bir hadisə danışım.
Dünyanın üç böyük salonundan biri Amsterdamda yerləşir. 1995-ci ildə o salonda Fərəc Qarayevin "Muğam surə" əsərini ifa edirdim. Özü də oranın orkestrinin müşayiəti ilə. Gündüz məşqə getdim. Boş zalda həyəcan məni necə tutdusa, bilmədim neyləyim. Dedilər, burada çıxış edən ikinci azərbaycanlısız, birinci Alim Qasımov çıxış edib. Bu söz məni lap həyəcanlandırdı.
Axşam konsert başladı. Səhnəyə çıxdım. Zalda əyləşən tamaşaçıları görəndə elə bildim hamısı üstümə gəlir. Hardasa 5 dəqiqə əllərim titrəyə-titrəyə çaldım. Sonra keçib getdi. İfa qurtarandan sonra dörd dəfə məni alqışlarla geri çağırdılar.
Heydər Əliyev gülümsənərək Doğramacıya işarə etdi...
Opera və Balet Teatrında mərhum Heydər Əliyevin göstərişi ilə İhsan Doğramacının 80 illik yubileyinə həsr olunmuş gecə keçirilirdi. Tədbir AzTV ilə canlı yayımlanırdı. Orda üç xanəndəni – Səkinə İsmayılovanı, Arif Babayevi və Canəli Əkbərovu mən müşayiət etməliydim.
Onu da deyim ki, tar insandan da həssasdı. Bir balaca nəmişlik olan kimi "burnunda danışır", simləri korlanır. Gördüm ora nəmişlikdi. Vaxt da az olduğundan hazırlaşa bilmədik. Bir də gördük bizi elan edirlər. Yadımda deyil bu üç xanəndədən hansı birinci oxudu. Səhnəyə çıxıb yerimizi tutduq. Çaldığım heç bir dəqiqə deyildi, tarın ağ simlərinin ikisi də qırılıb sallandı yerə.
Təsəvvür edin nə vəziyyətə qalmışam. O anda ya Allah sənə kömək etməlidi, ya da gərək bir az ustalığın olsun. Az qaldı ürəyim partlaya. Avtomatik fikirləşdim hansı simlərdə çalım ki, vəziyyətdən çıxa bilim, ifanı yekunlaşdırım.
Gördüm Heydər Əliyev gülümsənərək Doğramacıya işarə edir ki, simi qırılıb, amma çalır. O işarə məni vəziyyətdən çıxardı. Necə çaldım, necə qurtardım bilmədim. Hətta zalda əyləşən bəzi sənətçilərdən soruşdum, onlar simlərin qırıldığının fərqinə də varmamışdılar...
Çox qəribədə, tarın aparıcı simləri ağ simlərdi. İfa zamanı onlar çox işlənir. Amma nədənsə el içində "ürəyimin sarı siminə toxundu" fikri işlənir. Mən bu barədə çox fikirləşdim, axırı tapdım. Sarı sim tarın simləri içində ən yumşaq, ən zərif, ən şirin simdi.
Yəqin ona görə bu söz yaranıb. Məsələn, elə mahnı var sarı simdə çalmışam, çox şirin alınıb. Amma onu ağ simdə çalsam, heç elə alınmaz.
İfanın ortasında başımı tarın üstünə qoyub ağladım
Unutmadığım ifam isə... Dünyada nə qədər müsəlman dövləti varsa, hamısında muğam oxunur. Mənim üçün Azərbaycan muğamı hamısından üstündü. Xüsusən də "Segah"ı çox sevirəm.
"Segah" çalanda ağlamışam da, ağlatmışam da... Bir dəfə Ərdəbildə keçirilən müsabiqələrin birinə münsif kimi dəvət olunmuşdum. Orada müsahibəmdə dediyim "Ərdəbilə bir "Segah" borcluyam" sözümü yada salıb çalmağımı istədilər. Söz verdim ki, sabahkı konsertdə bir "Segah" çalacam.
Fikirləşdim ki, uzağı 10 dəqiqə ifa edərəm. Çıxdım səhnəyə. Heç 3 dəqiqə keçməmiş bir də gördüm zalda hönkürürlər. Mənə elə təsir etdi. Gözümün qarşısına anam, atam gəldi. Elə bildim bütün doğmalarımın ruhu o zaldadı. Özümdən necə getdimsə, bir də ayıdım ki, artıq 26 dəqiqədir çalıram. Özü də ağlaya-ağlaya. Tərim göz yaşıma qarışmışdı. O, mənim heç vaxt unuda bilməyəcəyim ifa oldu.
Çünki o tamaşaçı musiqiyə qulaq asmırdı, musiqini içirdi. Ancaq çox təəssüf ki, çəkiliş olmadı və həmin lent yazısı qalmadı. Bir də İTV-dəki bir çıxışım yaddaqalan oldu. Anam təzə rəhmətə getmişdi. Məni İTV-də "Ekspromt" verilişinə dəvət etdilər. Veriliş zamanı dedilər, Cahangir Cahangirovun "Ana" mahnısını çal.
O musiqini efirdə ilk dəfəydi çalırdım. İfanın ortasında başımı tarın üstünə qoyub ağladım, ağlaya-ağlaya çıxışımı başa vurdum. Çalışdım bunu tamaşaçılara bildirməyim. Amma bilənlər olmuşdu. Verilişdən sonra zəng eləyib dedilər ifan qeyri-adi alındı.
Bir ara ağlıma batmışdı ki, radionun fondundan 25-30 yaşımda çaldığım musiqiləri pozub yenidən yazdırım. Başlamışdım da. Sonra bir ağıllı adam dedi, dəli olmusan? Bu sənə də sübutdur ki, o yaşda necə ifa eləmisən. Həmin musiqiləri təzədən yazdır və müqayisə et, fərqi gör.
Vaxt ötür, hər şey dəyişir, fərq yaranır... Amma dəyişməyən də var. Bu, yəqin ki, sənətdi...
Xəyalə Muradlı
Publika.Az
-
Yaxın Şərq16:53
İsrail bu ölkədən qoşunlarını çıxarmağa başladı
-
Rəsmi xronika16:15
Məişət tullantılarını kənara atanlar 7 min manatadək cərimələnəcək
-
Sosial15:02
Təhsillə bağlı çağırışa möhlət verilməsi qaydasına dəyişiklik edilir
-
Sosial15:00
İlkin hərbi qeydiyyata alınma müddətləri dəyişir
-
Yaxın Şərq14:12
Vaşinqton rəsmən açıqladı: ABŞ və Türkiyə Suriyanın gələcəyi ilə bağlı razılığa gəldi
-
Hadisə13:36
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - Vəfat etmiş 11 şəxsi sağ kimi göstərib və...
-
Sosial13:00
Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ
-
Sosial12:30
Onlar da əmək pensiyası alacaq