Vaşinqtonun planı ÜZƏ ÇIXDI: ABŞ istəyir ki, Türkiyə terror təşkilatları ilə... - MÜSAHİBƏ
Bizi izləyin

Yaxın Şərq

Vaşinqtonun planı ÜZƏ ÇIXDI: ABŞ istəyir ki, Türkiyə terror təşkilatları ilə... - MÜSAHİBƏ

ABŞ prezidenti Donald Tramp İŞİD terror təşkilatına qarşı mübarizədə əhəmiyyətli dərəcədə irəliləyən və məqsədinə çatan Pentaqon qüvvələrinin artıq vətəninə geri qaytımasının zamanının çatdığını açıqladı. Trampın bu qərarı Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində və ölkənin mərkəzinə gedən yolların üzərində olan Münbiçdə yerləşən terror yuvalarına qarşı hərbi əməliyyat təşkil etməsindən cəmi bir neçə gün sonra açıqlaması beyinlərdə sual işarələri yaradıb. Çəkilmə qərarı ilə bağlı hər hansı konkret addımın atılmaması isə müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Publika.az-ın suallarını Yaxın Şərq üzrə siyasi şərhçi Vüqar Zifəroğlu cavablandırıb.

- Türkiyə Fəratın şərqində məskunlaşan terrorçulara qarşı hərbi əməliyyat təşkil edəcəyini deyən kimi ABŞ qoşunlarını Suriyadan çıxaracağını açıqladı. Lakin bu proseslə bağlı heç bir addım atılmır. Belə çıxır ki, ABŞ Türkiyəni aldadır?

- ABŞ bu proseslər bağlı qrafik açıqlamışdı. Quru qoşunlarının çıxarılması mərhələli şəkildə həyata keçirilməli idi. Məsələnin ikinci tərəfi odur ki, hazırda Suriyada gedən danışıqlar prosesi onu göstərir ki, ABŞ maksimum dərəcədə özünün dəstəklədiyi bir çox terror təşkilatları ilə bağlı Türkiyənin mövqeyinin yumşalmasını istəyir. Burada YPG və PYD kürd qruplaşmaları nəzərdə tutulur. Türkiyənin isə bu məsələ ilə bağlı mövqeyi bəlli və sabitdir. Türkiyə tərəfi dəfələrlə bunu bəyan edib ki, onlar üçün bütün terror təşkilatları eynidir. İŞİD nədirsə, PKK da, YPG də odur. Amerikanın hansı terror təşkilatına necə münasibət bəsləməsindən asılı olmayaraq, Türkiyə bu terror təşkilatlarını öz milli maraqlarına və dövlət təhlükəsizliyinə təhdid kimi görür. Və buna görə onlara qarşı hərbi əməliyyatları davam etdirəcək. Amerikanın qoşunlarını çıxarmağa tələsməməsində ən vacib məqam Türkiyənin separatçı terror təşkilatlarına münasibətidir.

- Türkiyə Münbiçə girəcəkmi?

- Hələ ki il öncə “Fərat qalxanı” əməliyyatları başa çatarkən Türkiyə açıqladı ki, bu əməliyyatlar mərhələli şəkildə davam edəcək. Bu əməliyyatların ikinci mərhələsini Afrində “Zeytun budağı” hərəkatı ilə gördük. Ondan sonra anons verildi ki, Münbiç istiqamətində əməliyyatlar aparılacaq. Bu mənada, hərəkatın üçüncü mərhələsi də həyata keçiriləcək. Buna görə də Türkiyənin qüvvələrini sərhəddə yerləşdirməsi, hazırlıqlara başlaması təbii haldır. Ankara davamlı şəkildə milli təhlükəsizliyinə xələl gətirən terror qruplaşmalarına zərbələr vurmaqda israrlıdır və buna davam edəcək.

- Türkiyə Suriyada hər hansı bir xarici qüvvə ilə qarşıdurma yaşaya bilərmi?

- Düşünmürəm ki, ya ABŞ, ya da hər hansı başqa bir ölkə Türkiyənin ordu hissələri ilə birbaşa münaqişəyə girsin. Bu, elə birbaşa ABŞ-a aiddir. Ona görə ki, Türkiyə NATO ölkəsidir və Amerikanın müttəfiqidir. Buna görə də Suriyada və ya İraqın şimalında bu müttəfiqlərin qoşunlarının açıq konfliktə girməsi ilk növbədə, NATO-nun imicinin zədələnməsi deməkdir. Bu, münasibətlərə ciddi şəkildə zərbə vura bilər. Amma bu, o demək deyil ki, ABŞ Türkiyə və ya onun dəstək verdiyi qüvvələrə qarşı əməliyyatlar keçirməyəcək. Yaxın Şərqdə ən ciddi faktor ondan ibarətdir ki, dövlətlər həm də dəstəklədikləri hərəkatlar, təşkilatlar, birliklər vasitəsilə də müəyyən hədəflərinə doğru getməyə çalışırlar. Niyə Amerika PYD və YPG qüvvələrinə bu qədər önəm verir? Ona görə ki, onlar Amerikanın bölgədəki müttəfiqləridir. Mütləq deyil ki, ABŞ öz qoşunları ilə Türkiyə Silahlı Qüvvələrinə qarşı savaşsın. Bu, şərt deyil.

- Yaxın Şərqdə İran və Rusiya faktoru da var. ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsi çərçivəsində bu ölkələrdən hansı mövqeni sərgiləməsi gözlənilir?

- Suriyada proseslər başlayandan bu ölkələr Bəşər Əsəd rejiminə öz dəstəklərini ifadə ediblər. Onların məhz bu prinsipial mövqeyi, Əsədə həm hərbi, həm lojistik dəstəyinin nəticəsidir ki, bu gün Əsəd iqtidarda qalıb. Burada son proseslər Türkiyəni bu ittifaqa yaxınlaşdırdı. Yəni söhbət xarici şərtlərin diktəsilə formalaşmış ittifaqdan gedir. Bu faktor da Əsəd iqtidarının hakimiyyətdə qalmasında az rol oynamadı. Əlbəttə ki, həm Tehran, həm də Moskva Türkiyə-ABŞ münasibətlərinin kəskinləşməsində maraqlıdır. Ən azı ona görə ki, Ankaranın münasibətləri nə qədər kəskin olsa, bölgədə bir o qədər öz məqsədlərinə çatmaq üçün şərait yaranacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm