Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik və Qarabağ münaqişəsi
Bizi izləyin

Yaxın Şərq

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik və Qarabağ münaqişəsi

Dəyişən situasiya: dialoq arxa planda

Yaxın Şərqdə geosiyasi proseslər növbəti gərginlik mərhələsinə qədəm qoyur. Əvvəllər də analoji keçidlər baş verib. Lakin bu dəfə mənzərəni daha riskli və gərgin edən düşündürücü faktorlar xeyli qabarıq şəkildə özünü göstərir. Və bunun özəl cəhətlərindən biri böyük dövlətlərin mübarizəsinin artıq daha açıq və kəskin şəkildə həmin regiona təsir etməyə başlaması ilə əlaqəlidir. Burada ilk olaraq ABŞ-İran qarşıdurmasını vurğulamaq doğru olardı. Digər gərginlik xəttini ABŞ-Türkiyə münasibətləri təşkil edir. Bunların fövqündə isə ABŞ-Rusiya və ABŞ-Çin rəqabəti dayanır.

Bu qarşıdurmaların hər birinin öz məzmunu vardır. Onlar haradasa kəsişir, digər yerlərdə isə kəskin fərqlənirlər. Lakin yekun olaraq Yaxın Şərqin geosiyasi mənzərəsinə mənfi təsir edirlər. Vəziyyəti daha mürəkkəb edən əsas səbəb də bununla bağlıdır. Vurğulanan gərginlik qaynaqlarının hər biri üzərində ayrıca dayanaq.

Donald Tramp İrana qarşı yeni addımlar atmaqla bütövlükdə təhlükəli meylləri xeyli gücləndirmişdi. Buna qarşılıq Tehran nüvə sazişinin bir sıra əsas bəndlərindən imtina edə biləcəyini bəyan etməklə gərginliyi daha da alovlandırdı. Dərhal dünyanın üç böyük geosiyasi gücü – Rusiya, Çin və Avropa bu gedişata reaksiya verdilər. Rusiya İranı dəstəklədi, İngiltərə, Almaniya və Fransa isə Tehrana xəbərdarlıq etdilər. Bununla da Yaxın Şərq məsələsinə münasibətdə qlobal geosiyasətdə növbəti çat meydana gəldi. Hazırda tərəflər öz mövqelərində qalırlar. İran isə xəbərdarlıq müddətinin bitməsini gözləyir. Avropa ölkələrinin reaksiyasından belə duyulur ki, onlar heç bir addım atmayacaqlar, əksinə, Tehrandan daha yumşaq mövqe gözləyirlər.

Amerika isə İrana qarşı daha sərt mövqe tutmaqda davam edir. Vaşinqton regiona əlavə hərbi qüvvə göndərməklə bərabər, diplomatiya, kəşfiyyat istiqamətlərində də fəallığını artırıb. Hətta Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranla bağlı xüsusi iclas keçirdiyi haqqında informasiyalar yayılıb. İran rəhbərliyi də kifayət qədər əzm nümayiş etdirir. Tehran hesab edir ki, Amerika İranla savaşa girməyəcək. Xarici işlər naziri Məhəmməd Cavad Zərifin Moskvaya səfərinə bu kontekstdə dəstək axtarışı cəhdi kimi baxanlar vardır.

Bunlardan belə nəticə çıxara bilərik ki, ABŞ-la İran arasında gərginlik hələ davam edəcək. Bu baxımdan Suriyada bu iki gücün toqquşmasının daha mənfi təsir edə biləcəyi istisna deyil. Son olaraq Deyr-əz-Zorda yerli əhalinin ABŞ-ın dəstəklədiyi kürd qruplaşmalarına qarşı ayağa qalxdığı haqqında məlumatlar yayılır. Bu hərəkatı ekspertlər ABŞ və müttəfiqlərinə qarşı üsyan kimi xarakterizə edirlər. Məsələ ondan ibarətdir ki, İran məhz bu məntəqədən keçən marşrutla dənizə çıxmağa çalışır. Amerikalılar isə onu bağlayıblar. Deməli, həmin ərazidə onların qarşıdurmasının kəskinləşməsini gözləmək olar. Eyni vəziyyət İdlib istiqamətində yaranır. Orada Rusiya, İran və Bəşər Əsəd gücləri müxalif qruplara qarşı hücuma keçiblər. Hətta bir şəhərin azad edildiyindən bəhs edirlər. Bu da bölgədə Rusiya-İran-Türkiyə-Suriya bağlantısında yeni problemlərin meydana gəldiyinə dəlalət edir.

Deyilənlərin fonunda Türkiyəyə qarşı regionda ABŞ-ın rəhbərliyi ilə bir qrup dövlətin enerji şantajlarının başlaması da diqqəti çəkir. Buraya Misir, İsrail, Yunanıstan, Cənubi Kipr Respublikası və bir sıra digər dövlətlər daxildir. Hətta ABŞ regiona hərbi gəmi göndərib. Onun məqsədi Aralıq dənizinin şərq bölgəsində karbohidrogen ehtiyatlarının işlənilməsinə mane olmaqdan ibarətdir. Paralel olaraq yunan tərəfinə eyni fəaliyyət üçün əlavə şans verməyə çalışırlar. Nəticədə, kifayət qədər gərgin vəziyyət yaranıb. Türk tərəfi heç bir halda geri çəkilməyəcəyini bəyan edib.

İttihamlardan müharibəyə: məsafə qısalır

Yunanlar isə BMT Baş katibinə şikayət ediblər. Cənubi Kiprin lideri Nikos Anastasiadis Baş katib Antonio Quterreşə məktub yazaraq, Türkiyənin "ikinci işğala" başladığından dəm vurub. Ankara və Şimali Kipr Respublikasının rəhbərliyi isə qarşı tərəfi yalan danışmaqda, qeyri-səmimilikdə ittiham edib. Çünki türklər bir neçə ay əvvəl ortaq çalışmalarla bağlı müraciət etmişdi. Lakin nədənsə yunanlar və arxalarında duran qüvvələr ancaq yunan tərəfin enerji mənbələrinin axtarışına ixtiyarının olduğu fikrindədirlər.

Bununla İran-ABŞ qarşıdurmasına ABŞ-Türkiyə gərginliyi də əlavə olunmaqdadır. Bu məsələnin bir ucu da Suriyanın şimalındakı vəziyyətə gedib çıxır. Çünki Türkiyə oradakı terror qruplarını zərərsizləşdirmək fikrindədir. Amerika isə açıqca terrorçuları dəstəkləyir. Deməli, Suriyada ABŞ-İran və ABŞ-Türkiyə gərginliyi haradasa birləşir.

Bu iki istiqamətin fonunda təbii ki, Amerika-Rusiya və ABŞ-Çin münasibətlərinin regiona ciddi təsirindən danışmağın əsası vardır. Vaşinqtonla Moskvanın Yaxın Şərq uğrunda gərgin mübarizə apardıqları sirr deyil. İndiki situasiyada bu, daha təhlükəli məzmun kəsb edir. Belə ki, hər iki böyük dövlət güc nümayişini artırırlar. O cümlədən Suriyada qarşıdurmalar daha kəskin xarakter alır. Məsələ İsrail-Fələstin və Amerika-Çin münasibətləri baxımından daha da ağırlaşıb. İsrailin hərbi güc tətbiq etməsi və Qolan təpələrindən sonra Qəzzanın da işğalının istisna olunmaması bunun əlamətlərindəndir.

Bu bağlılıqda D.Trampın Çin mallarına əlavə vergi qoyması növbəti gərginlik mənbəyi kimi görünür. Amerika vergini 10 faizdən 25 faizə yüksəldib. Bununla dünya maliyyə bazarında dalğalanmalar artıb. Həmin prosesin müxtəlif regionlardakı geosiyasi-iqtisadi vəziyyətə təsir edəcəyini ekspertlər inkar etmirlər. Daha riskli məqam ondan ibarətdir ki, böyük güclər bir-birinə əlavə problemlər yaratmaq üçün mövcud münaqişələri daha da alovlandıra və ya yeni münaqişə mənbələri yarada bilərlər. Burada bir qrup dövlətlərin qarşıdurması ssenarisi də istisna deyil. Enerji ilə zəngin Yaxın Şərqin həmin prosesdən kənarda qala biləcəyini təsəvvür etmək çətindir.

Beləliklə, bir neçə istiqamətdən Yaxın Şərqdə geosiyasi mənzərəyə mənfi təsir edən dalğalar yüksəlməkdədir. Region yeni risklərə doğru gedir. Bu prosesin qeyri-müəyyənliyi ümumi mənzərəni olduqca həssas edir. Yəni kiçik bir hadisə belə böyük parlayışa səbəb ola bilər. Xüsusilə İranla Amerika arasında ziddiyyətin kəskinləşməsi birbaşa silahlı toqquşmalara apara bilər. Unudulmamalıdır ki, Amerika İran İslam İnqilabının Keşikçiləri Korpusunu (Sepah), İran isə ABŞ-ın Avropadakı qoşunlarını terror təşkilatı kimi tanıyıblar. Bu, bəri başdan hər iki tərəfin silah tətbiq etmək üçün özlərinə hüquqi baza hazırlaması əlamətidir.

Digər tərəfdən, Suriyada və başqa region dövlətlərində radikal qrupların sayı kifayət qədərdir. Onlardan yerlərdə vəziyyəti gərginləşdirməyə cəhdlər ola bilər. Əslində, Amerikanın həmin qrupların bir hissəsini silah-sursatla təmin etməsi və faktiki olaraq ordu halına gətirməsi çox təhlükəli ssenariləri gündəmə gətirir. Ekspertlər hesab edirlər ki, bu reallıq regionu daha geniş silahlı toqquşmalara sürükləyə bilər.

Vurğulanan faktlar göstərir ki, Yaxın Şərq növbəti geosiyasi gərginlik mərhələsinə keçir və bu gərginliyin qonşu regionlara təsiri istisna edilmir. O cümlədən Qafqazda terror dalğası yaratmaq planlarının istisna olmadığını demək gərəkdir. Bunun fonunda Cənubi Qafqazda erməni aqressiyasının daha da artması ehtimalı mövcuddur. Ermənistan rəhbərliyi üçün bu, növbəti fürsətdir. Çünki qarışıq vəziyyətdə ermənilər təcavüzkarlıq planlarını işə sala bilirlər.

Ən əsası isə, onlar Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və sülh yolu ilə həlli yolunda süni əngəllər yaradırlar. Bu baxımdan Yaxın Şərqdə geosiyasi vəziyyətin kəskinləşməsi və burada böyük dövlətlərin qarşıdurmasının yeni səviyyəyə yüksəlməsi bütün dünya üçün yeni təhdidlər meydana gətirir. Bütün bəşəriyyət bu təhlükəli tendensiyaya qarşı durmalıdır.

Newtimes.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm