Azərbaycan məhsullarının Gürcüstan bazarına çıxışı rahatlaşır - FOTO/VİDEO
Bizi izləyin

Nəqliyyat

Azərbaycan məhsullarının Gürcüstan bazarına çıxışı rahatlaşır - FOTO/VİDEO

 25 km uzunluğunda yolcizgi və yol göstərici xətlər çəkiləcək.

Yevlax rayonunun Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolu yenidən qurulur.

“Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, artıq 18 km uzunluğunda olan avtomobil yolunun hazırda torpaq işləri aparılır, yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür.

IV texniki dərəcəyə uyğun yenidən qurulan Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun hərəkət hissəsinin eni 6 metr, çiyinlərinin eni hər iki istiqamət üzrə 1,5 metr olmaqla yol yatağının ümumi eni 10 metr təşkil edir. Layihə çərçivəsində yol boyu müxtəlif diametrli 16 ədəd su borusunun tikintisi işləri də aparılır.

Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra yola 360 ədəd təhlükəsizlik dirəkləri, 118 ədəd yol nişanları və göstərici lövhələr quraşdırılacaq, 25 km uzunluğunda yolcizgi və yol göstərici xətlər çəkiləcək.

Məlumat üçün bildirək ki, Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun tikintisi 8 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirərək gediş-gəlişi rahatlaşdıracaq, yük və sərnişin daşınmasını isə xeyli asanlaşdıracaq. Ən əsası isə avtomobil yolu ilə Mingəçevir-Bəhrəmtəpə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla əhalinin yetişdirdikləri məhsulları rahat şəkildə və qısa müddət ərzində bazarlara daşımasına imkan yaranacaq, bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının inkişafına müsbət təsir etmiş olacaq.

Bu yolun təmir edilməsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin hesabına bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm