Cənub bölgəsinə aparacaq pullu yolda İŞLƏR YEKUNLAŞIR - FOTO/VİDEO
Bizi izləyin

Nəqliyyat

Cənub bölgəsinə aparacaq pullu yolda İŞLƏR YEKUNLAŞIR - FOTO/VİDEO

Ələt-Astara istiqamətində yeni yolun əsas hissəsinin tikintisi yekunlaşmaq üzrədir.

Publika.az xəbər verir ki, gələcəkdə ödənişli olması planlaşdırılan Ələt-Astara–İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 31-ci km-dən başlayaraq Astara şəhərinədək inşa olunan yeni yolun uzunluğu 174 km-dir.

Layihə çərçivəsində yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir.

Yol yatağının eni 26.5 metr təşkil edir. Yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3.75 m, ayrıcı zolağın eni 4 m, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3.75 m-dir. Yol geyiminin qalınlığı isə 1 m 12 sm-dir. Ümuilikdə asfalt-beton örtük 27 sm təşkil edəcək.

Sözügedən avtomobil yolu bir-neçə hissə üzrə inşa olunur.

Bu aşağıdakı hissələrdir:

1. Yenikənd-Salyan-Şorsulu (31-80.6 km),

2. Şorsulu-Cəlilabad ( 80.6-110.7 km),

3. Cəlilabad-Masallı ( 110.7-142.9 km),

4. Masallı-Astara (142.9-205 km).

Yuxarıda sadalanan hissələr üzrə 30.1 km-lik Şorsulu-Cəlilabad hissəsi istisna olmaqla tikinti işləri tam olaraq bu ilin sonu gələn ilin əvvəllərində yekunlaşdırılacaq. Bu hissələr üzrə yerinə yetirilmiş iş həcmi ümumilikdə 90 % təşkil edir. Yolun 80.6-110.7-ci km-lik hissəsini əhatə edən Şorsulu-Cəlilabad hissəsində tikinti işlərinə ötən il başlanılıb və 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub. Bu hissədə faktiki tərəqqi 50 %-dir.

Yeni Ələt-Astara avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol boyu 692 dairəvi və düzbucaqlı su keçidinin, 69 yeraltı keçidin, 47 körpünün və 3 qovşağın tikintisi nəzərdə tutulub ki, sadalanan əksər mühəndisi qurğu artıq tikilərək istifadəyə tam hazır vəziyyətə gətirilib.

Hhazırda Yenikənd-Salyan-Şorsulu, Cəlilabad-Masallı və Masallı-Astara hissələri üzrə son tamamlanma işləri həyata keçirilir.

Qeyd edək ki, hazırda mövcud olan Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 km təşkil edir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 km qısalaraq 205 km olacaq. Böyük əhəmiyyətə malik yolun tikintisi turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

Bundan başqa şimaldan cənuba doğru və əksinə avtomobil yükdaşımaları dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara avtomobil yolu ilə daşımaların daha rahat şəkildə həyata keçirilməsi mümkün olacaq. Bu amil isə yükdaşımaların həcminin artmasına gətirib çıxaracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm