Bu avtomobil yolları təhlükədə - XƏBƏRDARLIQ
Bizi izləyin

Nəqliyyat

Bu avtomobil yolları təhlükədə - XƏBƏRDARLIQ

Bu gündən ölkə ərazisində hava şəraiti dəyişir və ayın sonuna qədər yağışlı hava şəraiti proqnozlaşdırılır. Bu cür hava şəraiti isə tədricən sürüşmə sahələrində aktivliyə səbəb olur. Hər il yağışlı havaların ardınca Bakı-Şamaxı yolu, İsmayıllı, Ağsu, Lənkəran-Lerik yolu və bir sıra ənənəvi sürüşmə sahələri aktivləşir, yeni sürüşmə sahələri yaranır. Sürüşmə və uçqunların avtomobil yolları ərazisində qeydə alınması isə vəziyyəti daha da qəlizləşdirir. Bu il oxşar problemlərin yaranmaması üçün görülən işlər barədə aidiyyəti qurumlarla danışdıq. Hazırda Şamaxı, Ağsu, İsmayıllı və bir sıra rayonlardakı yollarda sürüşmə hadisələri baxımından vəziyyət gərgindir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Publika.az-a açıqlamasında bildirib ki, avtomobil yollarında sürüşmə hallarının təkrarlanmaması üçün yollar çəkilməmişdən əvvəl ərazidə geoloji araşdırma aparılmalıdır:

“Bu baxımdan çəkilən yolların bünövrəsi haqqında geoloji rəyin verilməsi mütləqdir. Bu rəydə ərazidəki sürüşmə, çökmə sahələri, axıntıların olması barədə araşdırılırmış məlumatların nəticələri verilməlidir. Həmçinin bu proseslərin gələcək fəsadları təhlil edilməlidir. Təəssüflər olsun ki, yollar çəkilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin illərdir fəaliyyət göstərən geoloji qurumundan rəy alınmır. Şübhəsiz ki, həmin yollar çəkilərkən geoloji rəy alınır, lakin hansı təşkilat tərəfindən aparıldığı bəlli deyil”.

Ə.Qaralov onu da vurğulayıb ki, təkcə sürüşmə sahələri deyil, maili yamacların da üzərində yol çəkilməsi doğru hesab edilmir:

“Çünki bu zaman yamac kəsilir və torpaq qatının təbii müvazinəti ləğv edilir. Bu da şübhəsiz ki, sürüşmə, uçquna səbəb olur. Buna görə də yol çəkərkən mütləq məsləhətləşmə olmalıdır. Bu zaman yolun çəkiləcəyi yer, kəsiləcəyi dərinlik, relyefdə hərəkət istiqamətlərini dəqiqləşdirmək lazımdır.

Bir müddət əvvəl çəkilən Çuxuryurd-Qızmeydan yolunda geoloji proses nəzərə alınmayıb. Qədim yol çay yatağından gedirdi, yol çəkiləndən sonra isə sürüşmə sahələri aktivləşdi. Lənkəran-Lerik yolundə bir neçə il əvvəl yolun təmiri aparıldı. Həmin sahə sürüşmə sahəsi idi. Bununla da proses aktivləşdirildi. Ötən il Xızı-Altığac yolunun 10-cu kilometrliyindən 19-cu kilometrliyinə qədər 200-300 metrdən bir uçma və çökmə baş verdi. Həmin yol isə çəkilib başa çatmışdı. Bu da bir daha yol çəkməmişdən əvvəl mütəxəssislərlə məsləhətləşmənin vacibliyini gündəmə gətirir. Bakı-Şamaxı yolunun 106-111-cu kilometrliyində (Acıdərə adlı ərazi) hər ay sürüşmə baş verir. İstinad divarı çəkilib, hər gün orada uçqun,sürüşmə kimi müşahidə edilir. Biz həmin yolun istiqamətinin dəyişməsini tövsiyə etmişdik”.

“Azəravtoyol”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Publika.az-a açıqlamasında bildirib ki, avtomobil yolları çəkilməmişdən əvvəl layihə hazırlanır və bu zaman yol sürüşmə zonasından keçirsə, öncədən geoloji işlər aparılır, həmin sturuktur öyrənilir:

“Görülə biləcək qabaqlayıcı tədbirlər layihənin icrasına salınır. Hər hansı ərazidə yol çəkilməmişdən əvvəl dağdan axan və qurunt sularının istiqamətlənməsi üçün drenaj sistemi qurulmalıdır, ehtiyac olduğu halda istinad divarları inşa edilməlidir. Bu məsələlər hamısı nəzərə alınaraq layihədə göstərilir, sonra aidiyyəti qurumlardan rəy alınandan sonra tikinti işlərinə başlanılır. Bakı-Şamaxı yolunda 106-107-ci kilometrliyi sürüşmə zonasından keçir. Həmin yolun 101-117-ci kilometrliyi ilə bağlı yeni layihə hazırlanır. 16 km ərazidə bir neçə zonada sürüşmə sahələri var. Öncədən qabaqlayıcı tədbirlərin görülməsi planlaşdırılır. Yolun müəyyən hissələrində ehtiyac olduğu halda istiqamətin dəyişməsi də mümkün ola bilər. Lakin yol mütləq şəkildə sürüşmə zonasından keçməlidirsə, alternativ istiqamət yoxdursa, bu zaman qabaqlayıcı tədbilər görülülə bilər”.

Son illər yeni çəkilən yollarda aktivliyin müşahidə edilməsinə gəldikdə, A.Nəcəfli bunun qaçılmaz proses olduğunu dedi:

“Bəzən elə fikirlər yaranır ki, yol çəkiləndən sonra ərazidə hər hansı problem müşahidə edilməməlidir. Lakin təbiət hadisələri qarşısında heç kim sığortalanamayıb, o cümlədən yol inrasturukturu da. Bu vaxta qədər sürüşmə müşahidə edilməyən ərazilərdə, yol çəkiləndən sonra aktivliyin müşahidə edilməsi mümkündür. Əlbəttə, aktivlik təkcə yolda deyil, ümumi ərazidə müşahidə edilir. Sonradan yaranan sürüşmə sahələrindən keçən sahələrdə qabaqlayıcı tədbirlər görülməlidir ki, təkrar sürüşmə baş verməsin”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm