Nəqliyyat
Paytaxtda daha 17 yerüstü piyada keçidi tikiləcək

İctimai nəqliyyat üzrə aparılmış təhlillər nəticəsində Bakı şəhərinin avtobus marşrut xətlərində təkrarlanmaların mövcud olması aşkarlanıb. Şəhər və şəhərsalmaya uyğun olmayan xətlər optimallaşdırılmış, daşıyıcıların sayı 57-dən 48-ə, marşrut xətlərinin sayı isə 157-dən 150-yə endirilib. Bu istiqamətdə işlər davam etdiriləcəkdir".
Publika.az xəbər verir ki, bunu Bakı Nəqliyyat
Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevin
rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunmuş iclasında bildirib.
Vüsal Kərimli vurğulayıb ki, 48 daşıyıcıya məxsus istehsalat bazası
təhlil edilib və əksəriyyətinin qaraj və maddi texniki bazasının
müasir tələblərə uyğun olmadığı müəyyənləşib: "Agentlik tərəfindən
qoyulmuş tələblər nəticəsində daşıyıcı şirkətlər 5 yeni istehsalat
bazası (qaraj) təşkil edib, 25 ədəd yeni avtobus alıb, 800-dən çox
avtobusu isə təmir edərək istismara veriblər.
Bununla yanaşı, qeyd etmək istərdim ki, hazırda şəhərdə
sərnişindaşıma təyinatlı 2124 avtobusdan 468 ədədinin istehsal ili
5 ilə qədər, 1577 ədədinin istehsal ili 6-10 il arası, 79 ədədinin
istehsal ili isə 10 ildən çoxdur. Bir avtobusun bir dəfəyə orta
hesabla 70-80 sərnişin daşıdığını nəzərə alsaq, təhlükəsiz və
keyfiyyətli sərnişindaşıma üçün Bakı şəhərində fəaliyyət göstərən
avtobusların 50 faizinin mərhələlərlə yenilənməsi zərurəti var.
Bütün sahələrdə olduğu kimi, ictimai nəqliyyatda da nağdsız
ödənişin tətbiqinə başlanılıb. Sizin təşəbbüsünüzlə Bakı Şəhər İcra
Hakimiyyətinin tərkibində yaradılan “BakuBus” Məhdud Məsuliyyətli
Cəmiyyətə məxsus 300, digər daşıyıcılara məxsus 150, ümumilikdə,
450 avtobusda, həmçinin hava limanı ekspress xəttində və Bakı
metropolitenində də gediş haqqı vahid ödəmə kartı ilə həyata
keçirilir".
Vüsal Kərimli qeyd edib ki, agentliyin tabeliyində yaradılan Sürücü
Təlim Mərkəzində avtobus sürücülərinin peşə fəaliyyətinə və
davranışına dair xüsusi hazırlıq keçirilməsinə başlanılıb:
"Təlimlərə yalnız yaşı, peşəkarlığı və sağlamlığı imkan verən
sürücülər buraxılır. Təlimdə sürücülərə zəruri qanunvericilik,
mədəni rəftar, psixoloji dərslər, avtobusda təhlükəsiz və ehtiyatlı
idarəetmə üzrə təcrübi və nəzəri mövzular tədris olunur. Təlim
keçmiş sürücülərin Agentliyin Vahid Məlumat Bazasına daxil edilməsi
və daşıyıcılara məhz bu sürücülərin işə götürülməsi tövsiyə
olunacaq.
Bakı şəhərində taksi fəaliyyəti ilə əsasən, özəl sektor məşğul
olur. Qeyd edim ki, taksi fəaliyyətində şəffaflıq təmin edilib.
Belə ki, taksi fəaliyyəti üçün fərqlənmə nişanı almaq istəyən
hüquqi və fiziki şəxslər müraciət etdikdən 5-7 dəqiqə ərzində
fərqlənmə nişanı ilə təmin olunurlar. Hazırda şəhərdə 79 taksi
dayanacaq məntəqəsinin yeri müəyyənləşdirilib və 150-sinin təşkili
üzrə işlər aparılır.
Bakı şəhərinin dünyanın cəlbedici turizm mərkəzlərindən birinə
çevrilməsini, çoxsaylı turist axınını və şəhər barədə ilk
təsəvvürün məhz hava limanından yaranmasını nəzərə alaraq, Heydər
Əliyev Beynəlxalq Aeroportunda xarici qonaqlara, ölkə
vətəndaşlarına göstərilən taksi xidmətinin keyfiyyətinin
artırılması məqsədilə “Airporttaxi” konsepsiyası hazırlanıb, hava
limanında xidmət edən taksilərə və onların sürücülərinə dair xüsusi
tələblər müəyyən edilib. Hazırda bu istiqamətdə “Azərbaycan Hava
Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə işlər görülür.
Birinci Avropa Oyunları zamanı avtobusların xüsusi zolaqla hərəkət
etməsi müsbət nəticə verib və nəqliyyat axının optimallaşdırılması
üzrə işlərin davamı olaraq, əhalinin ictimai nəqliyyatdan
istifadəsinin stimullaşdırılması məqsədilə şəhərin 9 küçəsində
avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi
planlaşdırılıb. Bu il pilot layihə olaraq, Məhəmməd Füzuli və Yusif
Səfərov küçələrində xüsusi zolaqların çəkilməsi təmin olunub.
Aidiyyəti orqanlarla birgə fəaliyyət bu zolaqlardan istifadədə
müsbət irəliləyişin olmasını göstərəcək.
Bundan başqa, Bakı şəhərində quraşdırılmış dayanacaq məntəqələrinin
yerləri təhlil olunub, beynəlxalq təcrübəyə əsaslanan yeni
dislokasiya planı hazırlanıb. Tıxacların qarşısının alınması,
şəhərin mərkəz hissəsi ilə şəhər ətrafının əlaqələndirilməsi,
sərnişinlərin nəqliyyat sistemindən rahat və asan istifadəsi
məqsədilə “Koroğlu” metro stansiyasının yaxınlığında və Lökbatan
qəsəbəsində layihələndirilmiş nəqliyyat mübadilə mərkəzləri artıq
fəaliyyət göstərir. “Dərnəgül”, “Avtovağzal” və “28 May” metro
stansiyalarının yaxınlığında da analoji qovşaqların təşkili
planlaşdırılır".
Agentlik rəhbərinin sözlərinə görə, paytaxtımızın mərkəzi
hissələrində sərnişin-piyada təhlükəsizliyini təmin etmək məqsədilə
1100 ədəd piyada keçidinin monitorinqi aparılıb: "Bunlardan 398-nin
yenidən planlaşdırılaraq salınması nəzərdə tutulur. Sağlamlıq
imkanları məhdud insanların istifadə etməsi mümkün olmayan 32 ədəd
yeraltı piyada keçidinin, pandussuz səkilərin vəziyyəti araşdırılıb
və 534 ədəd səkidə pandusun təşkili üçün satınalma prosedurlarına
başlanıb. Bu baxımdan piyada keçidlərində işıqforların və sərnişin
təhlükəsizliyi üçün məlumatlandırıcı yol nişanlarının
quraşdırılması zəruridir.
Eyni zamanda, şəhərin ən çox tıxac yaranan, nəqliyyatın hərəkətini
çətinləşdirən ərazilərinin ilkin təhlilləri aparılıb, problemdən
çıxış yolları elmi-texniki cəhətdən araşdırılıb. 74 yol
kəsişməsində, Tbilisi prospektində dörd əsas kəsişmədə, Şərifzadə
küçəsində, Heydər məscidi qarşısında, üçüncü mikrorayon dairəsində,
Həsənoğlu-Təbriz küçələrinin kəsişməsində nəqliyyat problemlərinin
aradan qaldırılması, “20 Yanvar” dairəsində nəqliyyat axını və
sərnişin-piyada təhlükəsizliyinin yaxşılaşdırılması üzrə az
investisiya tələb edən layihələr, habelə 17 ədəd yerüstü keçidin
tikilməsi ilə bağlı təkliflər hazırlanıb".

-
Hadisə14:05
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
-
ABŞ13:25
Tramp pomidorun bahalaşmasına səbəb olacaq
-
Sosial12:55
Şərurlu İsfəndiyar oğlunun həbsindən danışdı
-
Dünya11:22
Zelenski Rusiyanı ittiham etdi: Pasxa atəşkəsini pozublar
-
Magazin110:24
Toyda yerə 200 min dollar səpiblər... - Əməkdar artist
-
İdman09:00
Qurban Qurbanov bu kluba yollana bilər
-
MDB08:12
Həştərxanda bağ evində DƏHŞƏT - 5 uşaq yanaraq öldü
-
Dünya06:16
Məşhur iş adamı Balidə itkin düşdü - FOTO