Sükan arxasında danışmaq olar - İKİ QURUMDAN FƏRQLİ AÇIQLAMA
Bizi izləyin

Nəqliyyat

Sükan arxasında danışmaq olar - İKİ QURUMDAN FƏRQLİ AÇIQLAMA

"Son günlər sürücülərin sükan arxasında olarkən sərnişinlərlə danışmalarına görə məsuliyyətə cəlb olunmaları ilə bağlı sosial şəbəkələrdə əsassız müzakirələr aparılır, bəzi KİV-də isə həqiqətə uyğun olmayan, guya qanunvericilikdə bununla bağlı dəyişikliklər olması haqda yanlış informasiyalar yayılmaqla yol hərəkəti iştirakçıları arasında bilərəkdən çaşqınlıq yaradılır".

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin yaydığı məlumatda bildirilib.

“BDYP bir daha hərəkət iştirakçılarının, xüsusilə sürücülərin diqqətinə çatdırır ki, sürücünün sükan arxasında, sərnişinlərin isə nəqliyyat vasitəsində gedərkən danışmasının qadağan olunması ilə bağlı qanunvericilikdə heç bir dəyişiklik olmayıb, bu hərəkətlərə görə indiyədək heç kim inzibati məsuliyyətə cəlb edilməyib və edilə də bilməz.

Sürücülərin diqqətinə onu da çatdırırıq ki, təkcə bu ilin 9 ayı ərzində qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən piyada vurma, toqquşma və maneəyə vurma kimi ağır yol qəzalarının əksəriyyəti məhz sürücülərin diqqətinin yayınması səbəbindən baş verib”.

Məlumatda vurğulanır ki, insanların ölümü və xəsarət almaları ilə nəticələnən qəzaların qarşısının alınması, habelə ümumilikdə yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə hərəkət iştirakçılarının, xüsusilə sürücülərin nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmaları, yol hərəkəti qaydalarına ciddi riayət etmələri tövsiyə olunur.

Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlamasında sükan arxasında söhbət edən sürücünün yol polisi tərəfindən saxlanılmasına qanunun da icazə verdiyi barədə açıqlama verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm