• USD 1,7000 0,00% EUR 2,0183 -0,05%
    • GBP 2,3633 -0,32% RUB 0,0232 0,00%

Bu marşrut xətti üzrə "Baku Bus" avtobusları işləyəcək

Bu marşrut xətti üzrə "Baku Bus" avtobusları işləyəcək

Yanvarın 13-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “BakuBus” MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar xidmət göstərəcək.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Dəyişiklik edilməsinə səbəb 175 nömrəli marşrut üzrə daşıyıcının işində ciddi nöqsanlara yol verməsidir. Belə ki, 06.01.2018-ci il tarixində çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi də məhz daşıyıcının fəaliyyətində yol verdiyi ciddi nöqsanlardan qaynaqlanıb. Sərnişinlərin təhlükəsizliyinə hər zaman önəm verən BNA tərəfindən hazırda marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib.

Məlumatda bildirilir ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. 13.01.2018-ci il tarixindən bu xətti üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən “28 may” metrostansiyasınadək hərəkət edəcək. 175 nömrəli marşrut xəttinin müvəqqəti istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilir. Bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 21 olacaq.

Qeyd edək ki, yanvarın 6-da Zığ şosesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-XM-581 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində ümumilikdə, 20 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 15-i 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı məlumatda bildirilir ki, sözügedən hadisəni törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Ağayev Kamran Hüseynağa oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR