Eyni yolda 10 gündə 7 QƏZA - Sürücülər şikayət edir - - FOTOLAR
Bizi izləyin

Nəqliyyat

Eyni yolda 10 gündə 7 QƏZA - Sürücülər şikayət edir - - FOTOLAR

Dünən Babək prospektində "Hundai" markalı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisədə ciddi xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb. Artıq 10 gün ərzində eyni yerdə bu baş verən 7-ci hadisədir.

Bu barədə Publika.az-a daxil olan şikayətdə bildirilib ki, prospekt təmir olunsa da, bu yolu təmir edənlər çox təhlükəli vəziyyət yaradıblar.

Şikayətdə bildirilir ki, yolun sol hissəsi həmişə sürət və ötüb keçmə yolu seçildiyi üçün avtomobillərin çoxu tam sol hissəylə hərəkət edir. Lakin düz yolu getdiyin yerdə qarşına sürpriz bir səki çıxır və qəza qaçılmaz olur. Babək prospekti başdan ayağa mağazalarla doludur və həmin mağazaya gələn avtomobillər yolun sağ hərəkət hissəsində avtomobillərini park edirlər. Həmin geriyə dönüş yeriylə paralel avtomobil saxlayanda prospektdə cəmi bir maşının keçə biləcəyi qədər yer qalır. Şikayətdə o da vurğulanır ki, yolu təmir edən şirkət yolun ortasına tökdükləri betonları nə yığır, nə də xəbərdaredici bir nişan qoyur, bu da daha çox qəzalara səbəb olur.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Publika.az-a bildirib ki, Babək prospekti boyunca əsaslı təmir zamanı yollarda maneələrin olması mümkündür.

“Lakin bu maneələrin aradan qaldırılması, yolboyu nişanların qoyulmasını təmir-tikinti işlərini aparan şirkət etməlidir. Həmin yoldan daimi istifadə etmədiyimə görə vəziyyət barədə detallı məlumatım yoxdur. Lakin həmin ərazidə maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri baş verir. Bu hadisələrin səbəbi sürücülərin "Yol hərəkəti haqqında" Qanunun tələblərinin pozmaları və diqqətsizlikdir. Bəzən yollarda olan manelər də yol nəqliyyat hadisələrinin yaşanmasına səbəb olur. Sükan arxasında diqqətli olmaq, maneəni görmək də vacib şərtlərdən biridir. Bütün bunlar sürücünün funksional vəzifəsinə aiddir. Yol nəqliyyat hadisəsinin baş verməsi həmin maneələrlə əlaqəlidirsə, sözsüz ki, tədbirlər görülür. Bunu edənlər qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalandırılır. Təmir-tikinti işlərini aparan şirkətə bu barədə protokol yazılır. Onların məsuliyyətə cəlb edilməsi yol hərəkəti haqqında qanunla tənzimlənir. Hər bir yol nəqliyyat hadisəsi təfərrüatı ilə araşdırılır, hadisənin nədən baş verdiyi aşkarlanırsa, aktlaşdırılır”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Publika.az-a açıqlamasında bildirib ki, yoldakı beton hissələr ərazidə avtomobillərin hərəkətini məhdudlaşdıran maneələrdir:

“Daş parçaları yola atılmır. Sadəcə yolu beton maneələrlə bağlayırlar ki, təmir ərazisinə maşınlar daxil olmasın. Təmir gedən əraziyə avtomobillərin daxil olmaması üçün bu, normal üsuldur. Sürücülər təmir gedən ərazilərdə diqqətli olmalıdırlar, müvəqqəti yol nişanlarına və ümumiyyətlə, yol hərəkəti qaydalarına riayət etməlidirlər ki, bu cür hadisələr baş verməsin”.

A.Nəcəfli bildirib ki, sürət həddini aşan və diqqətsiz sürücülərin bu cür qəzalar törətməsi qaçılmazdır: “Sadəcə olaraq sürücülər təmir gedən ərazilərdə diqqətli olmalıdırlar, müvəqqəti yol nişanlarına və ümumiyyətlə, yol hərəkəti qaydalarına riayət etməlidirlər ki, bu cür hadisələr baş verməsin”.

A.Nəcəfli Babək prospektində təmir işlərinin sentyabr ayında yekunlaşacağını bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm