Qiymət artımı müqabilində atılan addımları vətəndaşlar rəğbətlə qarşılayacaq - EKSPERT
Bizi izləyin

Nəqliyyat

Qiymət artımı müqabilində atılan addımları vətəndaşlar rəğbətlə qarşılayacaq - EKSPERT

“Nəqliyyat sahəsində qiymət artımı gözlənilən idi, uzun müddətdir bu mövzuda müzakirələr aparılırdı. Son bir neçə ildir bu məsələ gündəmdə saxlanılırdı”.

Bu sözləri Publika.az-a açıqlamasında Yol-nəqliyyat eksperti Azər Allahverənov deyib.

O, nəqliyyat sektorunda artımı labüd edən səbəblərə də toxunub:

“Bir neçə il əvvəl yanacağın qiymətində artım müşahidə edildi, həmin ərəfədə ictimai nəqliyyatda qiymət artımı gözlənilən idi, lakin bu, baş vermədi. Bununla yanaşı, Bakı ətrafı qəsəbələrdə fəaliyyət göstərən marşrut avtobusları rentabelli işləmədiyinə görə sahibkarlar nəqliyyat parkını yeniləyə bilmirdi. Bu da insanların narazılığına səbəb olurdu. Həmçinin, uzun illərdir “Bakı Metropoliteni” subsidiya ilə işləyir. Düzdür, dünyanın heç bir ölkəsində metro rentabelli işləmir, dövlət tərəfindən buna dəstək göstərilir. Uzun illərdir ki, Azərbaycanda Metropolitenin fəaliyyəti dövlət tərəfindən ayrılan subsidiya hesabına həyata keçirilir. Bununla yanaşı, Metropoliten infrasturukturu genişlənir, böyük məbləğdə sərmaye yatırılır, yeni qatarlar alınır. Bunun üçün də lazım olan böyük miqdarda vəsait dövlət hesabına təmin edilir. Dövlətin bu yükü daşımağa gücü çatsa da, müəyyən xidmətlər var ki, onlar əldə olunan gəlir hesabına da təmin edilə bilər”.

Ekspert onu da əlavə edib ki, qiymət artımından əldə olunan gəlir daha çox infrasturuktur yenilənməsinə xərclənə bilər:

“Ümid edirəm ki, qiymət artımından əldə olunan vəsaitin müəyyən hissəsi nəqliyyat sahəsində infrasturukturun yenilənməsinə yönələcək. Nəticədə bu sahədə xidmətin keyfiyyətinin artmasına səbəb olacaq. Yəni vətəndaş artıq pul ödəməyə hazırdır, təki göstərilən xidmətin keyfiyyəti yaxşı olsun. Yüksək keyfiyyət müqabilində müəyyən qədər məsrəf etmək mümkündür. Düşünürəm ki, belə də olacaq. Artan qiymət infrasturuktur yenilənməsi, keyfiyyət artımına yönələcək və bu da vətəndaşlar tərəfindən rəğbətlə qarşılanacaq. On qəpik elə də böyük rəqəm hesab edilməyə bilər, lakin gün ərzində bu sektordan istifadə edənlərin sayını nəzərə alsaq, sonda ciddi bir rəqəm əldə edilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm