Avtobuslar niyə yanır? - AÇIQLAMALAR
Bizi izləyin

Nəqliyyat

Avtobuslar niyə yanır? - AÇIQLAMALAR

Son vaxtlar tez-tez müxtəlif marşrut xətləri üzrə hərəkət edən avtobuslarda tüstüləmə və yanğın baş verməsi ilə bağlı xəbərlər yayılır. Bu hadisələrin avtobusların içərisi sərnişinlə dolu və hərəkətdə olarkən baş verməsi narahatlığı bir az da artırır. Bəzi yanğınlar mühərrik, bəziləri təkərlə bağlı olur. Düzdür, sərnişinlər arasında hadisələr nəticəsində xəsarət alan olmayıb.

Lakin mənzil başına çatmaq üçün mindikləri avtobusun yarı yolda qalması sərnişinlərə əlavə problemlər və qorxu yaradır. Bununla yanaşı tez-tez nasazlıq səbəbindən də sürücülər sərnişinləri yolun yarısında avtobusdan endirir. İnterval üzrə növbəti avtobusu gözləməli olan sərnişinlər mənzil başına vaxtında çata bilmir. Hətta bəzən eyni marşrut xətti üzrə ən azı həftədə bir dəfə, bəzən hər gün nasazlıq, tüstüləmə müşahidə edilir.

Bəs səbəb nədir?

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Publika.az-a bildirib ki, texniki cəhətdən saz və təhlükəsiz nəqliyyat vasitələri ilə təminata görə bütün məsuliyyət daşıyıcı şirkətin üzərindədir:

“Şəhərdaxili avtobus marşrutu istifadəsinə verilən daşıyıcı şirkət qanunvericiliyə uyğun olaraq daşımalar təşkil etməlidir. Müqavilədə nəqliyyat vasitəsinin saz, interval üzrə hərəkətinin təmin edilməsi göstərilir. Bunlar son dərəcə vacib məqamlardır. Avtomobil Nəqliyyatı haqqında qanunda, Nazirlər Kabinetinin sərnişin və baqaj daşımaları ilə bağlı qaydalarında göstərilir ki, hər bir avtobus reysqabağı texniki yoxlamadan keçirilməlidir. Məqsəd avtobusun müəyyən olunmuş olunmuş reys üzrə problemsiz hərəkətini təmin etməkdir.Problem aşkar olunan avtobus xəttə buraxılmamalı, istehsalat qarajında saxlanılmalıdır. Texniki problem aradan qaldırılandan sonra xətdə buraxıla bilər. Texniki baxışdan keçən avtobusda xətdə olarkən nasazlıq yaranarsa dərhal əlavə avtobus xətdə buraxılmalıdır. Əgər belə bir addım atılmazsa, bu sərnişindaşıma qaydalarının pozulmasıdır. Çünki burada əsas məsələ sərnişinin hüquqlarını qorumaqdır”.

Ekspert eyni marşrut xətti üzrə bir neçə dəfə bu cür texniki problemlər yaranarsa,həyata keçiriləcək tədbirlərə də aydınlıq gətirib.

“Reysqabağı texniki yoxlama keçirmədən avtobusu xəttə buraxmağa görə ciddi məsuliyyət nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsini 326-cı maddəsinə görə bu hal aşkar edilsə fərdi sahibkara 500-800 manat, hüquqi şəxsə 2-3 min manat cərimə tətbiq edilə bilər. Bu maddəyə görə cərimə tətbiq etmək səlahiyyəti Dövlət Yol Polisinə aiddir. Bu protokola isə məhkəmə baxır. Bakı Nəqliyyat Agentliyi son vaxtlar daşıyıcılar qarşısında tələblər müəyyən etdi. Həmin tələblərə uyğun avtobuslar xətdə buraxılmalıdır. Öhdəlikləri icra edə bilməyən daşıyıcı ilə müqavilə ləğv edilməlidir. Müsabiqə əsasında başqa daşıyıcı cəlb edilməlidir. Lakin son vaxtlar Agentliyin açıqlamalarında xətdən kənarlaşdırılan daşıyıcıların əvəzinə başqa birilərini tapmaqda çətinlik yaşanması ilə bağlı fikirləri eşidirik. Hazırkı daşıyıcıların əlində tələbələr uyğun avtobus yoxdur. Lakin istənilən halda tələblər tətbiq edilməlidir ki, daşıyıcılar əllərində olan avtobusları yararlı vəziyyətə salsınlar”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də Publika.az-a açıqlamasında avtobusların xətdə çıxmamışdan əvvəl texniki baxışdan keçməsinin tələb edildiyini bildirib:

“İstehsalat bazaları olan marşrut xətlərinin avtobusları bu yoxlamadan keçir. Lakin avtobuslarda baş verən buxarlanmalar əsasən istehsalat bazası olmayan marşrut xətlərində baş verir. Bunlar da qısa zamanda aradan qaldırılır. Son günlər baş verən hadisələrin heç birində marşrut xətdən çıxmayıb. Buxarlanma olanda həmin marşrut xətti üzrə digər avtobus xəttə buraxılıb. Problem qısa zamanda aradan qaldırılır. Təbii ki, bu halların olmaması daha yaxşıdır. Texniki məsələlər arada ola bilir. Lakin daşıyıcılara haqq qazandırmaq olmaz. Yaxşı olar ki, hər gün avtobuslar xəttə çıxmamışdan əvvəl yoxlamadan keçsinlər ki, gün ərzində belə hallar yaşanmasın. Çünki daşıyıcının borcu sərnişinlərin rahat şəkildə mənzil başına çatmasıdır. Tüstülənmə, buxarlanma isə sərnişinləri narahat edən məqamlardır. Bu cür problemlərin tez-tez müşahidə edildiyi daşıyıcılarla müqavilələrə xitam verilə bilər. Yaxın zamanda 88 nömrəli marşrut xətti üzrə “BakuBus”MMC-yə məxsus avtobuslar fəaliyyət göstərəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm