Azərbaycanda yüksək dağlıq ərazidə yeni yol çəkilir - FOTO
Bizi izləyin

Nəqliyyat

Azərbaycanda yüksək dağlıq ərazidə yeni yol çəkilir - FOTO

Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 km uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranıb.

Publika.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri artıq sonuncu mərhələ üzrə 30 km uzunluğa malik Susay-Xınalıq hissəsində, həmçinin sözügedən yoldan 4.8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolda davam etdirilir.

Layihə üzrə tikinti işləri IV texniki dərəcəyə uyğun aparılır. Yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilir, çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün isə dağların partladılması üsulu ilə yol yatağı inşa edilir.

Qeyd edək ki, hazırda tikinti işləri dəniz səviyyəsindən 1500-2500 m hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.

Xatırladaq ki, bundan öncə tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılaraq yekunlaşdırılıb. Quba-Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 km təşkil edir.

Bundan başqa Alpan-Kürkün-Susay avtomobil yolunda 2 körpü də inşa edilib. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğundadır.

Ümumi uzunluğu 58.8 km təşkil edəcək yeni avtomobil yolunun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasının xeyli yaxşılaşmasına imkan verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm