Metropoliten 15 və 18 sentyabrla bağlı nə planlayır? – AÇIQLAMA
Bizi izləyin

Nəqliyyat

Metropoliten 15 və 18 sentyabrla bağlı nə planlayır? – AÇIQLAMA

Bu il “Bakı Metropoliteni”ndə 15 sentyabr Bakının işğaldan azad olunmasının 103-cü ildönümü və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibəti ilə ənənəvi tədbirlər qeyd olunmayacaq. Bunun səbəbi pandemiyadır. Məhdudiyyətlər var və kütləvi toplaşmanın qarşısını maksimum şəkildə almalıyıq deyə, bu cür tədbirlərdən bacardığımız qədər qaçırıq.

Bunu Publika.az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Metropoliten sözçüsü bildirib ki, hər hansı tədbir olarsa, bununla bağlı ictimaiyyətə məlumat veriləcək:

“Pandemiyadan əvvəlki dönəmlərdə “Bakı Metropoliteni”nin stansiyalarında Üzeyir Hacıbəylinin bəstələdiyi musiqilərdən ibarət canlı kompozisiyalar təqdim olunurdu. Bu illə bağlı hər hansı qərar verilməyib. Bildiyimiz kimi, bu il tədris mövsümü də fərqli başlayacaq. 2020-ci ildə bu kimi tədbirləri ümumiyyətlə gerçəkləşdirmədik. Çünki pandemiyanın ağır dövrləri idi. İndiki dövrdə isə bütün məsələləri dəfələrlə süzgəcdən keçiririk. Ən vacib məsələ sərnişinlərimizin metodiki göstərişlərin tələblərinə uyğun hərəkət etməsidir. Bizim də həmin göstərişlərə uyğun qaydaları təşkil etmək öhdəliyimiz var. Biz indi sərnişinlərin təhlükəsizliyinə və rahatlığına daha çox üstünlük veririk, nəinki digər məsələlər. Pandemiya başa çatandan sonra həmin layihələr tamam başqa formada reallaşdırılacaq. Daha şövqlə hazırlanıb təqdim olunacaq. Böyük planlarımız var. Hamısı planlaşdırılıb. Hələlik pandemiyanın tələblərinə xüsusi diqqət yetiririk”.

Bəxtiyar Məmmədovun sözlərinə görə, Qərbi Azərbaycandakı yer adlarımızın, toponimlərimizin tarixi adları, eləcə də Qarabağ, Şərqi Zəngəzur və xüsusən zəfər tariximizin hər bir səhifəsi ilə bağlı metropolitendə müxtəlif layihələr planlaşdırılır:

“Həyata keçirilir və bundan sonra da keçiriləcək, bu, birmənalıdır. Bütün bu layihələrin hər birinin özünəməxsus xüsusiyyətləri var. Sadəcə olaraq, pandemiya ilə əlaqədar prinsipiallıq var, zamanı gələndə bu layihələrin hər biri həyata keçiriləcək. Hazırda metropolitendə dediyimiz məsələlərlə bağlı xüsusi təbliğat və təşviqat kampaniyamız təşkil olunub. Yəni bu istiqamətdə fəal işlərimiz gedir. Amma sərnişinlərlə bağlı məsələlərə xüsusi yanaşılır. Cənab Prezidentin müxtəlif müraciətləri, Qarabağdakı quruculuq və yenidənqurma işləri ilə bağlı xüsusi layihələr var. Bunlar sərgi və sərnişinlərlə ünsiyyət formatındadır. Bunların reallaşması üçün əlimizdəki bütün təbliğat və təşviqat imkanlarından istifadə olunacaq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm