Nəqliyyat
Bakıda “tıxac vergisi” ödəyəcəyik: Məbləğ nə qədər olacaq?

Bakının mərkəzinə giriş ödənişli olacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanda öz əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində paytaxtın inzibati ərazisində ödənişli hərəkət zonalarının yaradılması və bu zonalara daxil olmağa görə ödənişin məbləği ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir. Qanunvericilikdə nəzərdə tutulur ki, ödənişli zonalara daxilolma haqqı “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun maliyyələşmə mənbələrindən biri olacaq.
Bəs bu sistem necə reallaşacaq? Nəzarət hansı üsullarla həyata keçiriləcək? Bu zonalara giriş haqqı nə qədər olacaq?
“Bakıya 300 mindən çox avtomobil daxil olur”
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, yeni yanaşma ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbii qazla və elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara tətbiq ediləcək: “Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə, həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobusların sistemin əhatə dairəsinə daxil edilməsi nəzərdə tutulub. Gün ərzində ətraf ərazilərdən Bakıya 300 mindən çox avtomobil daxil olur. Bunlardan 100 mindən çoxu Sumqayıt-Xırdalanın payına düşür. 200 min avtomobil isə ətraf ərazilərdən Bakı şəhərinə daxil olur”.
“Bu, texnoloji baxımdan mümkündür”
Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bu sistemin ölkəmizdə reallaşdırılması heç də çətin deyil. O vurğulayır ki, dünyada bununla bağlı analoji nümunələr mövcuddur: “İndi texnologiyalar inkişaf edib və texniki həllər rahatlıqla mümkündür. Burada heç bir çətinlik yoxdur. Həm ödənişli zonaların tərtibatı, həm həmin zonalara girişdən əvvəl ödənişlərin həyata keçirilməsi, həm də ödəniş etməyənlərin cərimə edilməsi texnoloji baxımdan realdır”.
“Ödəniş vətəndaş üçün əlçatan səviyyədə olacaq”
Mütəxəssis düşünür ki, ödənişli zonalar sıxlıq yaşanan, yüklənmiş magistrallarda ola bilər: “Məbləğlər hələ dəqiqləşməyib. İlk olaraq monitorinq aparılacaq, sosial və iqtisadi təsirlər qiymətləndiriləcək. Bundan sonra ödənişin məbləği açıqlanacaq. Amma yəqin ki, vətəndaş üçün əlçatan səviyyədə olacaq. Burada bölgü də aparmaq olar. Məsələn, hüquqi şəxslərlə fiziki şəxslərin ödədiyi məbləğ fərqli ola bilər. Bundan əlavə, gündəlik, aylıq və illik ödəniş paketlərinin tətbiqi də mümkündür”.
“Bu yolla sıxlığın qarşısı alınır”
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, böyük ehtimalla şəhərin mərkəzi hissələrinə girişlərdə ödəniş tətbiq edilməsi nəzərdə tutulub: “Məqsəd həmin ərazilərə giriş-çıxışların sayını məhdudlaşdırmaq və tıxacları azaltmaqdır. Dünya təcrübəsində bu model mövcuddur və adətən “tıxac vergisi” adlanır. “Tıxac vergisi” iri şəhərlərin mərkəzi və ya sıx hərəkətli hissələrinə avtomobillə girişə görə tətbiq olunan ödənişdir. Bu verginin məqsədi nəqliyyat sıxlığını azaldaraq sürücüləri alternativ yollar və ya ictimai nəqliyyata yönəltmək, avtomobil sayının azalması ilə havaya atılan tullantıları azaltmaq və şəhər nəqliyyatını tənzimləməkdir. Əsasən şəhərin mərkəzi zonaları ödənişli elan olunur. Ödəniş etməyənlər cərimələnir. Bunun əsas mahiyyəti odur ki, işi olmayan və alternativ marşrutlardan istifadə edə biləcək sürücülər mərkəzi zonalara daxil olmasın, bunun nəticəsində də orada yaşayan və işləyən insanların hərəkəti rahatlaşsın. Bu yolla sıxlığın qarşısı alınır”.
“Giriş haqqının beş manat ola biləcəyi ehtimal olunur”
Ödənişin məbləğinə gəldikdə isə mütəxəssis qeyd edir ki, giriş haqqının beş manat olacağı ehtimal edilir: “Ödəniş məbləği hələ dəqiqləşməyib. Çünki monitorinq aparılmalı, sosial və iqtisadi təsirlər qiymətləndirilməlidir. Bundan sonra dəqiq rəqəm elan ediləcək. Amma təxminən giriş haqqının beş manat civarında ola biləcəyi ehtimal olunur”.
Bəs dünya təcrübəsi necədir?
Böyük şəhərlərdə “ödənişli zonalar” artıq uzun müddətdir tətbiq olunur. Məsələn, Londonda 2003-cü ildən etibarən mərkəzi zonaya giriş üçün “congestion charge” (tıxac vergisi) tətbiq edilir. Hazırda bu ödəniş gündəlik 15 funt (təxmini 35 manat) təşkil edir. Məqsəd sıxlığı azaltmaq və ictimai nəqliyyata tələbatı artırmaqdır.
İsveç paytaxtı Stokholmda 2007-ci ildən bəri oxşar sistem mövcuddur. Giriş haqqı günün saatından asılı olaraq dəyişir, pik saatlarda daha yüksək olur.
Bu sistem Sinqapurda 1975-ci ildə tətbiq olunub. Bu gün ERP adlı elektron sistemlə idarə olunur və tariflər real vaxt rejimində sıxlığa uyğun tənzimlənir.
Bu modelin əsas məqsədi şəhər mərkəzlərində avtomobil yükünü azaltmaq, hava çirklənməsini minimuma endirmək və ictimai nəqliyyatdan istifadəyə stimul verməkdir. ("Kaspi" qəzeti)

-
Sosial12:35
Bakını bürüyən “toy tüstüsü” – Cərimələr artırılacaq?
-
Nəqliyyat11:35
Bakıda “tıxac vergisi” ödəyəcəyik: Məbləğ nə qədər olacaq?
-
Hadisə10:37
Aşağı Güzdəkdəki yanğın məhdudlaşdırıldı - YENİLƏNDİ
-
Nida Təhlil 09:30
Zəfər yolunu başladanlar
-
ABŞ08:49
ABŞ İran milli komandasına viza vermədi
-
Sağlamlıq08:37
Trampın parasetamolla bağlı iddialarına alimlərdən cavab
-
Magazin203:47
Meqan Markl hamilədir? - Bu FOTOsu şayiələrə səbəb oldu
-
Avropa03:18
Almaniyada dron təşvişi