Metrodan istifadə edənlərin sayı azalıb: Səbəb nədir?
Bizi izləyin

Nəqliyyat

Metrodan istifadə edənlərin sayı azalıb: Səbəb nədir?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda metrodan istifadə edən sərnişinlərin sayı 162 575,8 min olub, bu da illik müqayisədə 2,4 faiz azalma deməkdir. Həmçinin cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 61 809,5 nəfər olub, bu da illik müqayisədə 0,7 faiz artım deməkdir. Bəs insanların yenidən taksiyə qayıtmasının səbəbləri nədir? Metro istifadəsini təşviq etmək üçün nələr edilməlidir?

Azalmanın səbəbləri

"Bakı metropoliteni" QSC-dən sorğumuza cavab olaraq bildirildi ki, qurumda statistik məlumatlar əsasında müqayisəli təhlillərin nəticələrinə uyğun daimi monitorinqlər aparılır və tədbirlər görülür: “2025-ci və 2024-cü illərin 9 ayının müqayisəli təhlillərinə əsasən, sərnişindaşımaya təsir göstərən əsas fərqlər sırasında "Həzi Aslanov" stansiyasının dalanında başlanmış təmir işləri və bunun nəticəsində "Həzi Aslanov-Əhmədli" mənzili üzrə hərəkətin təşkili qeyd oluna bilər. Həmçinin 2024-cü ildə ölkəmizdə dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən olan COP29-la əlaqədar paytaxtda aparılan yenidənqurma, təmir-bərpa, quruculuq və abadlıq işlərinə uyğun müxtəlif dövrlər və günlərdə metropolitenə olan tələbatın müvəqqəti artması əlavə oluna bilər. Təqvimlə bağlı 2024-cü ilin 366 gündən ibarət olması və fevral ayının 29-nun iş gününə təsadüf etməsi, eyni zamanda 780 minə yaxın sərnişin daşınması və hava şəraiti ilə əlaqədar qış aylarının bu ilə nəzərən daha mülayim keçməsi də qeyd oluna bilər”.

“Metroya tələbat artacaq”

Bildirildi ki, hazırda Bakı metropolitenində Dövlət Proqramına uyğun olaraq tikinti və yenidənqurma işləri davam etdirilir: “10 yeni stansiyanın inşası, xətlərin ayrılması və bunun nəticəsində daha 88 milyon sərnişinin daşınması imkanı, metro xətlərinin bir-biri ilə daha sıx kəsişərək şəbəkələşməsi və şəhər mərkəzini daha sıx əhatə etməsi metroya olan tələbatı xeyli artıracaq. Bununla belə, mövcud texniki imkanların optimallaşdırılması ilə digər əhəmiyyətli tədbirlər də davamlı həyata keçirilir. Son 16 il ərzində ilk dəfə Yaşıl və Qırmızı xətlərin müştərək hərəkət sahəsində qatarların hərəkət intervalı 2 dəqiqədən, digər sahələrdə isə 4 dəqiqədən aşağı salınıb.

Bu ilin may ayında mövcud texniki imkanlar daxilində aparılmış təkmilləşmə işləri sayəsində interval əvvəlcə pik saatlarda 1 dəqiqə 52 saniyəyə, bu ilin sentyabrında isə 1 dəqiqə 45 saniyəyə endirilib. Ümumilikdə pik saatlarda xətlərdə 34 cüt qatarın hərəkət etməsi əlavə 8 mindən artıq sərnişinə xidmət imkanı yaradır. Lakin bu yeniliyin əsas təsirləri əvvəlki illərlə müqayisədə sərnişin sıxlığının azaldılmasında özünü büruzə verir. Həmçinin aparılan mütəmadi monitorinqlər və texniki təkmilləşdirmələr nəticəsində daha iki sahədə də intervalın azaldılmasına nail olunub. Bunun nəticəsində "Həzi Aslanov–Əhmədli" mənzilində qatarların hərəkəti pik saatlarda beş, qeyri-pik saatlarda üç dəqiqə, "Cəfər Cabbarlı–Xətai" mənzilində isə qatarların hərəkət intervalı 5 dəqiqə azaldılıb”.

“2030-cu ilə qədər gündəlik bir milyon insan daşınacaq”

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev də metroda sərnişin sayını azaldan səbəblərdən bəhs etdi: “Nəzərə almalıyıq ki, biz hələ pandemiyadan öncəki rəqəmlərə çatmamışıq. Keçən il daşınmanın artmasının səbəbi COP29 tədbiri idi. Bu il üçün azalmanın səbəblərindən biri də “Həzi Aslanov” stansiyasında gedən təmir işləridir. Havaların sərt keçməsi də təsirsiz ötüşmür”.

R.Ağamirzəyev düşünür ki, metroda nəzərdə tutulmuş işlər, xətlərin ayrılması və şəbəkənin genişlənməsi kimi layihələr bu sayı əksinə dəyişəcək: “Çünki gələn ilin sonuna xətlərin ayrılması layihəsi bitəcək. 3 müstəqil xətt fəaliyyət göstərəcək. Hər bir xəttin ayrıca deposu olacaq. Bu da minimum intervalla hərəkət etmək üçün imkan yaradacaq. "Dərnəgül" elektrik deposu inşa ediləcək və "Yaşıl xətt"ə aid olacaq. 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək. “Qırmızı xət”də hərəkətin mümkün ən minimal interval hədlərinə çatdırılması üçün “İçərişəhər” stansiyasının arxasından qatarların geri qaytarılması məqsədilə dönmə kamerasının inşası planlaşdırılıb və müvafiq işlərin aparılması üçün ilkin tədbirlər görülür”.

Ekspertin fikrincə, indiki vəziyyətdə müəyyən qisim sərnişinlər taksiyə yönəlibsə, bu, dəyişən prosesdir. Növbəti illərdə yeni infrastruktur tikiləndən, interval dəyişikliyi olandan sonra insanların prioriteti ictimai nəqliyyata doğru daha da artacaq: “Xətlərin şəhər mərkəzinə çatdırılması, şəhərin digər hissələri ilə əlaqələndirilməsi ümumi dövriyyənin artımına zəmin yaradacaq. Bu gün metroda günlük 640 min sərnişin daşınırsa, düşünürəm ki, 2030-cu ilə qədər bu rəqəmin 800 min-1 milyon günlük trafikə qalxması gözlənilir”.

“Metro stansiyaları arasında məsafə az olmalıdır”

Nəqliyyat eksperti Yasin Mustafayev də düşünür ki, gələcəkdə insanlar ictimai nəqliyyata daha çox yönələcək: “Metro stansiyalarının artırılması ilə bağlı hələ yeni qərar verilib. Yaxın beş ildə 10 yeni stansiya tikiləcək. Böyük şəhərlərdə metro stansiyaları 1,5 kilometr aralığında olur. 700-800 metr piyada gediləcək məsafələrdə hər tərəfdə metro olmalıdır. Belə olan halda metronun işi optimallaşır. Taksi sahəsində aparılan islahatlar da öz effektini verməkdədir. Taksi sayına limitin qoyulması düzgün addımdır. Çünki çalışıb insanlarımızı çoxtutumlu nəqliyyat vasitələrinə yönəltməliyik. Yalnız belə olan halda şəhərdəki tıxacın qarşısını ala bilərik”. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm