Nəqliyyat
Sürücülərin nəzərinə: sərnişin daşımaq üçün yeni sənədlər tələb olunacaq
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin alınması üçün tələb olunan sənədlər (məlumatlar) siyahısı genişləndirilib.
Publika.az xəbər verir ki, bu məsələ bu gün Milli Məclisdə müzakirə edilib.
Qanun layihəsinə əsasən, aşağıdakı sənədlər də sürücülərdən tələb olunacaq:
sürücünün narkotik sərxoşluq vəziyyətinin, vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;
sürücülərin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;
ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;
qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:
avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası;
bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulan halların təsdiqedici sənədləri.
Bildirilib ki, son illərdə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının bütün növləri üzrə ciddi islahatlar həyata keçirilmiş, qanunvericilik təkmilləşdirilmiş, son nəticədə daşımaların keyfiyyəti yüksəldilmişdir.
Görülən işlərin davamı olaraq avtomobil nəqliyyatı ilə daşımanın bir növü olan ölkədaxili sifarişli daşımalar (buraya taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla, qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aiddir) sahəsində, xüsusilə bu fəaliyyətə icazə verilməsi sahəsində təkmilləşdirilmənin aparılmasına ciddi zərurət yaranmışdır. Bir tərəfdən qeyri-müntəzəm sərnişin daşımalarına tələbatın artması, digər tərəfdən isə bu nəqliyyat vasitələrinin iştirakı ilə ağır yol- nəqliyyat hadisələrinin baş verməsinin yüksək olması təklif olunan dəyişikliklərin edilməsini labüd edir.
Hazırda ölkədaxili sifarişli daşımalara icazə buraxılış vəsiqəsinin verilməsi ilə həyata keçirilir. Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər (sənədlər) digər daşıma növləri ilə (о cümlədən taksi fəaliyyəti ilə məşğul olma) müqayisədə çox məhduddur və daha az sayda sənədlər tələb olunur. Tələb olunan sənədlər isə əsasən məlumat xarakterli sənədlərdir (buraxılış vəsiqəsi alan şəxsə dair məlumatlar, VÖEN, nəqliyyat vasitəsi üzərində hüquqları müəyyən edən sənədlər). Təklif olunan dəyişiklik buraxılış vəsiqəsinin əldə olunması üçün əlavə tələblərin (sənədlərin) müəyyən edilməsini nəzərdə tutur, hansı ki, bu tələblər sürücünün peşəkarlığının (xüsusi hazırlıq keçməsinin), sürücülük vəsiqəsinin kateqoriyasının bu fəaliyyətlə məşğul olmağa uyğunluğunun, onun sağlamlıq vəziyyətinin və nəqliyyat vasitəsinin texniki vəziyyətinin qiymətləndirilməsinə xidmət edir. Qeyd etmək lazımdır ki, bu tələblər hazırda taksi ilə sərnişin daşımalarına və müntəzəm şəhərdaxili, şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına icazə verilməsi zamanı mövcuddur.
Məlumat üçün bildiririk ki, son dövr ərzində sifarişli daşıma həyata keçirən nəqliyyat vasitələrinin böyük hissəsi buraxılış kartı ilə təmin edilmişdir. Belə ki, ölkədaxili qeyri-müntəzəm sərnişin daşımaları üzrə 3764 buraxılış vəsiqəsi, 6322 nəqliyyat vasitəsinə buraxılış kartı verilmişdir. Ölkədaxili yük daşımaları üzrə isə 14120 buraxılış vəsiqəsi, 43135 buraxılış kartı verilmişdir. Buraxılış kartı verilmiş nəqliyyat vasitələrinin istismar yaşı yüksək olaraq qalır. Buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün vətəndaşlar tərəfindən "AYNA" İnformasiya sistemində yaradılmış "E-daşıyıcı" altsistemi vasitəsilə müraciət olunur və elektron formada müvafiq icazə əldə olunur.
Sifarişli daşımalarda (xüsusən də sərnişin daşımalarında) istifadə olunan nəqliyyat vasitələrinin orta yaşının 17,6 il olduğu nəzərə aldıqda, nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi ilə həmin nəqliyyat vasitələrinin daşıma üçün təhlükəzliyinə tam şəkildə nəzarət etmək mümkün deyildir. Digər tərəfdən nəzərə alınmalıdır ki, ən çoxu 5 sərnişin daşınan taksi minik avtomobillərinə dair texniki, daxili və xarici tərtibatla bağlı tələblər olduğu halda 10-dan çox sərnişin daşıyan sifarişli sərnişin daşımalarında bu tələblərin olmaması daha ciddi təhlükələrə yol aça bilir.
Eyni zamanda qanun layihəsi ilə ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlarası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün aşağıdakı icbari sığortaların olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaqdır:
avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası;
avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.
Qeyd etmək lazımdır ki, bu tələblər bu Qanunda avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcının vəzifəsi kimi müəyyən olunmuş, həmçinin həmin sığortaların icbariliyi "İcbari sığortalar haqqında" və İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunlarda təsbit edilmişdir və qeyd olunan sığortalar həmin fəaliyyətlərin həyata keçirilməsi zamanı hazırda da mövcud olmalıdır. Bu tələblərin əvvəlcədən, yəni icazə verilərkən mövcudluğunun təmin edilməsi isə bu normaların daha işlək olmasına, son nəticədə həmin tələblərə gündəlik fəaliyyətdə əmələtmə səviyyəsinin yüksəlməsinə xidmət edəcəkdir.
Təklif olunan digər dəyişiklik qeyri-müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, daxili və xarici tərtibatının müvafiq tələblərə uyğunluğu ilə (müntəzəm və taksi ilə sərnişin daşımalarında olduğu kimi) bağlıdır.
Dəyişikliklər çərçivəsində həmçinin daşıyıcı anlayışı dəqiqləşdirilir.
Qanun layihəsi sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizlik səviyyəsinin yüksəlməsinə, keyfiyyətli xidmətin göstərilməsinə xidmət edir, müxtəlif sığorta hadisələri zamanı sığortaolunanların, xüsusilə zərərçəkən sərnişinlərin qorunmasına və onların həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatı yaradır. (Trend)
-
Hadisə21:52Dəhşətə gətirən ailə faciəsi: "Bütün kənd camaatı şokdadır" - Video
-
Nəqliyyat20:24Sürücülərin nəzərinə: sərnişin daşımaq üçün yeni sənədlər tələb olunacaq
-
İnanc20:00Ramazan ayının üçüncü günü: İmsak və iftar vaxtı, günün duası
-
Region18:40SEPAH generalının qızı ilə bağlı qalmaqal - Video
-
Sosial18:2010 şagird qarğıdalı çubuqlarından zəhərlənibmiş - Rəsmi açıqlama
-
ABŞ16:52Bu ölkələrin liderləri Trampın tədbirində çırtıq çalıb oxudular - Video
-
Rəsmi xronika16:48Azərbaycanda bu qurumlar birləşdirilir - Fərman
-
Dünya16:09Real güzəştlərə hazırıq - Zelenski təslim olur?















.jpg)


















