Yük maşınları niyə təhlükə yaradır? - VİDEO
Bizi izləyin

Nəqliyyat

Yük maşınları niyə təhlükə yaradır? - VİDEO

Paytaxtda yolu dönmək istəyən yük maşını təhlükəli vəziyyət yaradıb. Avtomobilin daşıdığı dəmir yük yolun hərəkət hissəsinə aşıb.

Belə halların baş verməməsi üçün sürücülərin əməl etməli olduqları müəyyən qaydalar mövcuddur.

Yük avtomobili ilə daşınma həyata keçirən sürücü hərəkətə başlamazdan əvvəl yükün düzgün yığılmasına, möhkəm bağlanmasına və təhlükəsizliyinə ciddi nəzarət etməlidir.

Sürücülər AzTV-yə bildiriblər ki, yük maşınlarının sürülməsi zamanı xüsusi ehtiyatlı olmaq vacibdir:

"Yük maşınları ilə hərəkət edərkən sürətə nəzarət etmək lazımdır. Yolda icazə verilən sürət 60 km/saatdırsa, bəzən daha ehtiyatlı olmaq üçün 40-50 km/saatla hərəkət etmək məsləhətdir. Yük mütləq yan tərəflərdən kəmərlərlə bərkidilməlidir ki, maşın hərəkət zamanı sağa-sola oynamasın".

Bəzi hallarda isə bu qaydalara laqeyd yanaşılır. Nəticədə təhlükəli vəziyyətlərin yaranması qaçılmaz olur.

Sürücülərin sözlərinə görə, bəzi yük maşını sürücüləri yol hərəkəti qaydalarına əməl etmədən hərəkət edirlər:

"Bəzən görürsən ki, sürücülər nə sağlarına, nə də sollarına baxırlar. Yük maşınları əsasən yolun sağ zolağı ilə hərəkət etməlidir. Lakin bəzi sürücülər sürəti artıraraq 90-100 km/saatla hərəkət edir, yükləri düzgün bağlamır və yola diqqət yetirmirlər".

Digər sürücülər isə bildirirlər ki, bəzi yük maşınlarında həddindən artıq yüklənmə halları müşahidə olunur və bu da qəza şəraitinin yaranmasına səbəb olur.

Ekspertlər də qeyd edirlər ki, bəzi yol-nəqliyyat hadisələri yük avtomobillərinin standartlara uyğun yüklənməməsi və yükün düzgün bərkidilməməsi ilə bağlıdır.

Açıq kuzalı yük maşınları ilə yüklərin daşınması elə təşkil olunmalıdır ki, hava şəraitindən və digər amillərdən asılı olmayaraq, yük yolun hərəkət hissəsinə dağılmasın və digər yol hərəkəti iştirakçılarına maneə yaratmasın.

Əks halda, daşıyıcı şirkət hüquqi şəxs kimi, sürücü isə fiziki şəxs kimi inzibati məsuliyyətə cəlb oluna bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm