Nəqliyyat
Bakıda da ödənişli yollar olacaq - Tıxaclara təsir edəcəkmi?
Azərbaycanın bölgələri ilə yanaşı, Bakıda da ödənişli yolların tətbiqi gözlənilir. Artıq dövlət qurumları bu prosesin hazırlıqlarına başlayıblar. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda ödənişli hərəkət zonaları yaradılması layihəsi üzrə texniki məsləhət xidməti alır.
Məhz AYNA məsləhət xidmətini almaq üçün “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkətini seçib. Şirkətlə birmənbə metodu ilə 307 min manat dəyərində müqavilə imzalanıb (Cebhe.info).
Qeyd edək ki, “IDOM Consulting, Engineering & Architecture S.A.A.” İspaniya şirkətidir. O, 1957-ci ildə İspaniyanın Bilbao şəhərində yaradılıb və baş qərargahı həmin şəhərdə yerləşir. Fəaliyyət sahəsi Konsaltinq, mühəndislik və memarlıq xidmətlərini əhatə edir.
Bu məsələ prezident İlham Əliyevin ötən il imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda da öz əksini tapıb. Sənədə əsasən, Nazirlər Kabineti paytaxtda belə zonaların yaradılması, onların əhatə dairəsi və avtomobillərin girişinə görə tətbiq olunacaq haqqın məbləği barədə təkliflər hazırlayıb Prezidentə təqdim etməlidir. Qərara görə, bu yolla toplanan vəsaitlər birbaşa “İctimai nəqliyyat” Məqsədli Büdcə Fonduna yönləndiriləcək.
Ödənişli yolların yaradılması Bakıdakı tıxacların azalmasına real olaraq necə təsir edə bilər? Belə hərəkət zonaları Bakının hansı ərazilərində daha məqsədəuyğun ola bilər?
Publika.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Əslində ödənişli zonaların yaradılmasında əsas məqsəd şəhər mərkəzində olan avtomobil sıxlığını aradan qaldırmaqdır. Düşünürəm ki, bu addım qismən də olsa sıxlığı aradan qaldıracaq və zərurət olmadan hər gün şəhər mərkəzinə yürüş edən sürücüləri bundan çəkindirəcək”.
Ekspertə görə, ödənişli zonalar, yəqin ki, şəhərin daha çox yüklənmiş mərkəzi küçələrində təşkil oluna bilər: “Burada iki variant var: həmin zonanın, yəni yolun daimi olaraq ödənişli olması və ya sutkanın saatlarına görə tariflərin dəyişməsi.
Məsələn, səhər və axşam pik saatlarında fərqli tarif tətbiq oluna bilər, gecə saatlarında həmin yolda hərəkət etmək pulsuz ola bilər, digər saatlarda isə daha aşağı tarif tətbiqi mümkündür. Belə variantlar da təklif oluna bilər ki, yol daimi ödənişli yox, müəyyən saatlara görə ödənişli olsun və ya ümumiyyətlə, daimi ödənişli rejimə keçirilsin. Bu da artıq həmin yolun avtomobil ötürücülüyündən və əhəmiyyətindən asılı olaraq dəyişə bilər”.
Bəs dünyanın müxtəlif şəhərlərində bu model necə tətbiq olunur?
Sinqapurda ödəniş tıxacın səviyyəsinə və günün saatına görə dəyişir. Nəqliyyatın sıx olduğu vaxtlarda tarif artırılır, sıxlıq azaldıqda isə aşağı salınır. Məqsəd sürücüləri pik saatlarda avtomobildən istifadəni azaltmağa və alternativ nəqliyyatdan yararlanmağa təşviq etməkdir.
Londonda isə şəhər mərkəzində müəyyən edilmiş əraziyə avtomobillə daxil olanlardan gündəlik ödəniş alınır. Bu sistemin əsas məqsədlərindən biri mərkəzdə avtomobillərin sayını və tıxacları azaltmaqdır. Stokholmda da oxşar sistem tətbiq olunur və ödənişin məbləği günün saatından asılı olaraq dəyişir.
Ekspertlərin fikrincə, belə sistemlərin effektivliyi təkcə ödənişin tətbiqindən asılı deyil. Əgər sürücüyə alternativ olaraq rahat və əlçatan ictimai nəqliyyat təklif edilmirsə, tıxac sadəcə başqa küçələrə yönələ bilər.
Bakıda isə ödənişli zonaların konkret olaraq hansı əraziləri əhatə edəcəyi hələlik müəyyənləşməyib. Beynəlxalq təcrübəyə əsasən, ilk mərhələdə şəhərin ən sıx mərkəzi hissələrində belə zonaların yaradılması nəzərdən keçirilə bilər.
Əsas məsələlərdən biri də ödənişin məbləğidir. Tarif çox yüksək olarsa, sürücülər üçün əlavə maliyyə yükü yarana bilər. Aşağı müəyyən edilərsə, tıxacın azalmasına ciddi təsir göstərməyəcək. Digər mühüm məsələ isə toplanan vəsaitin hara yönəldiləcəyidir. Azərbaycanda nəzərdə tutulan modelə görə, bu vəsait “İctimai nəqliyyat” Məqsədli Büdcə Fonduna yönəldiləcək. Buna görə də əsas gözlənti odur ki, sürücülərdən alınan ödəniş hesabına ictimai nəqliyyat daha rahat, sürətli və əlçatan vəziyyətə gətirilsin. Yəni, Bakıda ödənişli hərəkət zonalarının tətbiqi təkcə “avtomobilə görə pul alınması” kimi deyil, tıxacın azaldılması və ictimai nəqliyyatın inkişaf etdirilməsi üçün kompleks tədbir kimi həyata keçirilməlidir.
-
İdman07:35Futbolçuların yeni rolu: Ulduzların sərmayə qoyduğu 6 klub
-
Sosial07:15Ən yüksək sosial yardımı onlar alır - Siyahı
-
Magazin205:45Məşhur aktyor yeni serialı üçün 12 kiloqram arıqladı - Foto
-
Dünya03:43Böyük, tarixi və unudulmaz bir dərs veriləcək - İranlı komandan ABŞ-ı hədələdi
-
Region21 Avqust 23:05Ankarada mədəndə uçqun: yaralı sayı artdı - Yeniləndi
-
İdman21 Avqust 22:18DÇ-2026-nın finalından sonra dava: FİFA cəzaları açıqladı
-
Kriminal21 Avqust 21:26Oğlu tərəfindən qətlə yetirilən 48 yaşlı qadının fotosu - Yeniləndi
-
Hadisə21 Avqust 20:48Minaya düşən traktorçunun vəziyyəti açıqlandı - Yeniləndi











.webp)






















