Politoloq: "Sarkisyan təxribata əl atacaq" - VİDEO
Bizi izləyin

Nida.az

Politoloq: "Sarkisyan təxribata əl atacaq" - VİDEO

Ermənistanda baş qaldıran etirazların yaxın vaxtlarda azalacağı gözlənilmir. Bu dəfə suyun qiyməti ilə bağlı müzakirələrin gündəmə gəlməsi hökumətə qarşı nifrəti daha da artırıb.

Ermənistanda cərəyan edən hadisələri millət vəkili, politoloq Rasim Musabəyov şərh edib.

- Ermənistandakı hadisələrin inkişafını necə qiymətləndirirsiniz?

- Mənə elə gəlir ki, Ermənistanda mövcud gərginlik getdikcə artacaq. Bunu aradan qaldırmaq üçün isə Ermənistan hökümətinin heç bir imkanı yoxdur. Hazırda Rusiyadan pul köçürmələrinin həcmi 40 faiz azalıb. Eyni zamanda Ermənistanın ixracat potensialı da təxminən bərabər miqdarda aşağı düşüb, büdcə boşalıb. Sabah dövlət insanların təqaüdlərini və hərbiçilərin əmək haqlarını ödəyə bilməyəcək. Təbii ki, belə olan halda ölkədə gərginlik artacaq. Vaxt ötdükcə Ermənistanda sosial gərginlik sonda siyasi gərginliyə yol açacaq.

- Həftənin ilk günlərində polisin aksiyanı dağıtmasından sonra etirazların yatırıldığını zənn etmək olardı. Amma bir neçə saatdan sonra isə müxalif düşərgənin liderləri siyasi təşkilatlanmanın həyata keçiriləcəyini elan etdilər. Bunun sonu sizcə nə ilə nəticələnəcək?

- İrəvanda havalar isti keçir. Dövlət elektirik enerjisi tariflərinin qiymətini 6 ay ərzində təxirə salındığını nəzərə alsaq, onda görərik ki, aksiyada iştirak edənlərin böyük bir hissəsi meydandan çəkilib. Ancaq aksiya təşkilatçılarının məhz müxalif siyasi partiyalarla birləşməsinə gəlincə isə onu demək olar ki, Ermənistanı çox gərgin, isti payız gözləyir.

- Xarici dövlətlərin, yəni Rusiyanın təsiri burada özünü göstərirmi?

- Rusiya az da olsa, etdiyi yardımla hökümətin vəziyyətini bir qədər yaxşılaşdırmağa çalışdı. Rusiya vəd verib ki, qazın qiymətini 30 dollar azaldacaq. Eləcə də Rusiya hərbi sahənin inkişafı məqsədilə Ermənistana 200 milyon dollar məbləğində kredit ayırıb. Bundan başqa Rusiya Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının yenidən qurulması üçün kredit ayıracağını bildirib. Amma nəzərə alsaq ki, bütün bunlar hamısı sadəcə olaraq vəddir və onların həyata keçirməsi ilə bağlı dəqiq bir tarix göstərilməyib. Bununla yanaşı Ermənistanın dövlət büdcəsi də boşdur. Belə olan halda hər hansı bir dövlət Ermənistana nağd şəklində pul verəsi deyil. Qərb Ermənistana müəyyən məbləğdə kredit verib. Kreditlər konkret olaraq nəzərdə tutulmuş layihələrin həyata keçirilməsinə ayrılıb. Digər bir yandan da Ermənistan bundan öncədən götürdüyü kreditləri geri qaytarmalıdır. Onların belə bir vəziyyətdən çıxmaları üçün yolları yoxdur.

- Sanki Ermənistanda baş verənlər, 20 il əvvəl Azərbaycanda baş verən vəziyyəti, yəni daxildəki gərginliyi xatırladır. Sizcə Ermənistandakı mövcüd siyasi gərginlik, vəziyyətin nəzarətdən çıxması bizdəki kimi torpaqların itirilməsi ilə nəticələnə bilərmi?

- Ermənilər hər zaman daxildə baş verən belə vəziyyətlərdən çıxmaq üçün xarici faktordan istifadə edirlər. Gərginlik baş verən zaman Ermənistanın Müdafiə Nazirliyi və digərləri bəyan edirlər ki, daxildə gərginlik artacağı bir vaxtda Qarabağı itirə bilərik. İstisna etmirəm ki, iqtidar təxribatlara əl atcaq. Ola bilsin ki, yayın sonu, payızın əvvəlində cəbhə xəttində ermənilərin təxribatı nəticəsində gərginlik artacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm