Siyavuş Novruzov: “YAP öz maliyyə hesabatlarını vaxtlı-vaxtında verir”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “YAP öz maliyyə hesabatlarını vaxtlı-vaxtında verir”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov 2014-cü ilin illik maliyyə hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) Ədliyyə Nazirliyinə müraciət etməsinə münasibət bildirib.

YAP-çı deputat Publika.az-a açıqlamasında deyib ki, hər bir siyasi partiyanın fəaliyyəti Yeni Azərbaycan Partiyası (YAP) kimi şəffaf olmalıdır. Onun sözlərinə görə, YAP öz maliyyə hesabatlarını vaxtlı-vaxtında verir: “Hətta bu qanunda dəyişiklik olmayandan öncə də Yeni Azərbaycan Partiyası hər il ictimaiyyətə öz maliyyə mənbəyi barədə geniş məlumatları çatdırırdı. Hazırda da Yeni Azərbaycan Partiyası ölkədə yeganə partiyadır ki, öz gəlirlərini şəffaf şəkildə, yəni bank vasitəsilə üzvlük haqlarının toplanması və sərf olunması hesabatını MSK-ya təqdim edir”.

S.Novruzov söyləyib ki, büdcədən və qeyri-büdcədən maliyyələşən hər bir təşkilat öz fəaliyyəti barədə illik hesabat verməlidir: “Bu təcrübə bütün dünyada mövcuddur. Yəni cəmiyyət hər bir siyasi partiya və ya təşkilatın haradan maliyyə alması barədə məlumatlı olmalıdır. Bilirsiniz ki, Azərbaycanda siyasi partiyaların maliyyələşməsi 2 formada həyata keçirilir. Bunlardan biri dövlət büdcəsindən maliyyələşir, digərləri isə öz üzvlük haqqı və ianələr hesabınadır. Bütün bu siyasi partiyalardan yeganə bir məsələ ilə bağlı tələb var ki, bu da öz maliyyə mənbələri haqqında şəffaf hesabat verməkdir. Bu da ictimaiyyəti məlumatlandırmaq üçündür. Azərbaycanda siyasi partiyaları insanları məlumatlandırmaq üçün Mərkəzi Seçki Komissiyasına öz maliyyə mənbələri barədə müvafiq hesabatlar göndərməlidir. Azərbaycanda parlamentdə təmsil olunan və ya olunmayan bütün partiyalar “Siyasi partiyalar haqqında” qanunun tələblərinə əməl etməyə borcludur. Bu tələb dövlət büdcəsindən maliyyə alan və ya almayan ayrı-ayrı təşkilatlara da şamil edilir”.

S.Novruzov qeyd edib ki, Azərbaycanda siyasi partiyaların maliyyələşməsində kimlərin iştirak edib-etməməsi məsələsi “Siyasi partiyalar haqqında” qanunda da göstərilib: “Qanunun tələblərinə əsasən, xarici və dini təşkilatlar, şirkətlər, dövlət qurumları, xarici ölkə vətəndaşları və Azərbaycan vətəndaşlığı olmayan şəxslər və sairə siyasi partiyalara maliyyə dəstəyi göstərə bilməz. Maliyyə hesabatı da ona görədir ki, burada kimin kimə nə dəstək göstərməsi bəlli olur. Çünki xarici qurumlardan maliyyə alan siyasi partiyalar həmin təşkilatların tapşırıqları ilə hərəkət edir. Yəni, biri var öz üzvlük haqqının hesabına Azərbaycanla bağlı bir ideya ortaya qoyub, onun ətrafında fəaliyyət göstərəsən və sairə. Biri də var ki, hər hansı xarici dövlətdən və ya təşkilatdan maliyyə alıb, onun tapşırıqlarını icra edəsən, Azərbaycan xalqı və dövləti əleyhinə fəaliyyət göstərəsən”.

YAP-çı deputat bildirib ki, ayrı-ayrı xarici kəşfiyyat orqanlarından maliyyə alan bir sıra şəxslərin fəaliyyəti ölkə ərazisində müxtəlif təxribatların törədilməsi, anti-dövlət mövqeyinin, kütləvi iğtişaşların, hüquq mühafizə orqanlarına qarşı müxtəlif təxribatların və vətəndaşın mülkiyyətinə qarşı hücumların təşkilini aşılayır: “Onlara maliyyə ayıran dairələr çalışır ki, bütün bunlar həyata keçsin. Bu baxımdan da hesab edirəm ki, Mərkəzi Seçki Komissiyasının bu addımı tamamilə doğrudur. Əgər hər hansı siyasi partiya hesabatını təqdim etmirsə, o zaman MSK bununla bağlı aidiyyatı qurumlara müraciət etməlidir, həmin qurumlar da ilk növbədə xəbərdarlıq edir, daha sonra isə vəziyyətə uyğun qərar qəbul edir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm