Rasim Musabəyov “cırılan maskalar"dan danışdı
Bizi izləyin

Nida.az

Rasim Musabəyov “cırılan maskalar"dan danışdı

“Birinci Avropa Oyunlarının Bakıda keçirilməsilə əlaqədar Azərbaycana yönəlmiş diqqətdən Avropa və ABŞ-dakı bəzi qüvvələr öz maraqları üçün istifadə etməyə çalışdılar”.


Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov “Cırılan maskalar” başlığı ilə paylaşdığı yazısında bildirib.


Politoloq qeyd edib ki, bu qüvvələr hökumətə təzyiqlər göstərməyə, vətəndaşların hüquq və azadlıqlarının pozulduğuna dair ittihamlar səsləndirməyə, ilk növbədə, “siyasi məhbusların” azadlığa buraxılması tələblərini səsləndirməyə başladılar: “Bu məsələdə Avropa Parlamenti xüsusi təşəbbüskarlıq göstərir. Daha sonra Bundestaq məsələ ilə bağlı bəyanat qəbul etdi, son olaraq isə prosesə AŞPA qoşuldu. Birinci Avropa Oyunlarının insan haqları problemilə əlaqəsi öz-özlüyündə sünidir və korrekt hal deyil. Bu məsələlər müxtəlif müstəvilərə aiddir. Hazırlıq üçün vaxt məhdudiyyətinə rəğmən, miqyaslı idman tədbirinin təşkili öhdəliyini üzərinə götürmüş Azərbaycan bununla böyük maliyyə, təşkilatçılıq yükünü də çiyinlərinə almışdı. Odur ki, əlavə, idmana aid olmayan tələblərin irəli sürülməsi Bakı tərəfindən yersiz hərəkət, müəyyən mənada Avropa parlamentariləri və hökumətləri tərəfindən nankorluq kimi qiymətləndirilib. Bütün bunlarla yanaşı, iyunun 23-də AŞPA-da “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Azərbaycana qarşı qərəzlilik və ikili standartlar bütün sərhədləri keçdi.

Monitorinq komitəsi ermənilərin və onlara himayədarlıq edən avropalı nümayəndələrin israrı ilə layihənin ilk paraqrafında dəyişiklik etdi. Nəticədə, həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış sənəddəki “Assambleya Ermənistanın Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal etməsindən xəbərdardır” formulu “Assambleya Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən xəbərdardır” ifadəsi ilə əvəzləndi. Səhəri gün AŞPA-nın plenar iclasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamə qəbul olundu. Qətnaməni qəbul etmiş deputatların problemin məğzindən xəbərsiz olduqlarını söyləmək mümkün deyil. Axı, hələ 2005-ci ildə AŞPA-da “Dağlıq Qarabağ münaqişəsində ATƏT-in Minsk Qrupunun həlli ilə məşğul olduğu münaqişə haqqında” adlı qətnamə qəbul olunub.

Həmin sənəddə bildirilir ki, Avropa Şurasına üzv hər hansı dövlətin digər ölkənin ərazisini işğal etməsi həmin dövlətin üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozmasıdır. Orada BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad da olunub. Məlum olduğu kimi, bu qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə hörmət ifadə olunur. AŞPA üzvləri Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı işlə bağlı bu yaxınlarda qəbul etdiyi qərardan da xəbərsiz ola bilməzlər. Orada Ermənistan Azərbaycanın bir hissəsinin işğalını davam etdirən ölkə kimi göstərilir.

Bütün bunlarla yanaşı, nümayəndələrin əksəriyyəti özlərini elə apardılar ki, sanki mövcud vəziyyətdən ya xəbərdar deyillər, ya da ona ciddi önəm vermirlər. Sanki onlar anlamırlar ki, erməni işğalının davam etməsi, Azərbaycanda, təxminən, 1 milyon qaçqın və məcburi köçkünün öz torpaqlarında yaşamaq kimi elementar insan haqlarından məhrum olunması, “nə hərb, nə sülh” şəraiti Azərbaycanda ictimai sabitliyə və təhlükəsizliyə təhdiddir. Guya onlar bu amillərin ölkənin böyük demokratiyaya, plüralizmə, azadlığa doğru hərəkətinə mane olduğunu anlamırlar”.


Deputat qeyd edib ki, AŞPA-nın bəzi nüfuzlu üzvləri hətta Azərbaycana qərəzli mövqelərini gizlətməyə belə, çalışmırdılar. Onun sözlərinə görə, bu işdə ənənəvi olaraq bu ampluada çıxış edən Andreas Qrossla yanaşı, AŞPA-nın Fransadan olan vitse-prezidenti Rene Ruke də fərqlənirdi: “Qeyd edək ki, o, rəsmi Bakının icazəsi olmadan işğal altında saxlanılan Dağlıq Qarabağa və Azərbaycanın digər işğal olunmuş ərazilərinə səfər edib. Qurumun Ukraynadan olan yeni vitse-prezidenti Vladimir Aryev isə “Facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsilə Azərbaycan və Ermənistan əhalisinə birmənalı şəkildə yolverilməz olan çağırış ünvanlayıb: “Avtoritar hökumətlərinizi devirin”. Doğrudur, Aryevin, təxminən, 40 yaşı var və siyasətdə yeni deyil. Üstəlik, bu şəxs ardıcıl olaraq üçüncü çağırış Ali Radanın deputatıdır. Lakin onun ali təhsilinin olmamasını bu işdə yüngülləşdirici amil saymaq olmaz.

Poroşenkonun Ali Radadakı tərəfdarları arasında “hökuməti devirmək” təcrübəsi olan deputatlar az deyil. Lakin onların bilikləri və təcrübələri praktiki iş üçün kifayət etmir. Əks təqdirdə, Ukraynanın idarə olunması, ölkədə islahatların aparılması üçün əsas hökumət postlarına Gürcüstandan, Litvadan, Kanadadan varyaqlar dəvət olunmazdı. Bəs, onlar vəziyyəti müsbətə doğru dəyişə biləcəklərmi? Bu sual, hələ ki, açıq qalır”.


R. Musabəyov bildirib ki, yalnız parlamentarilər deyil, bəzi qərbli diplomatlar, həmçinin jurnalistlər və ekspertlər də ikili standartlardan çıxış edir, Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq normalarına deyil, ermənilərə olan simpatiyalarına, azərbaycanlılara bəslədikləri antipatiyaya əsaslanırlar.


“Fövqəldövlətlər və beynəlxalq strukturlar ermənilərə qarşı təzyiqlərə əl atmaq arzusunda deyillər. İkibaşlı qətnamələr, fikirlər, Dağlıq Qarabağ separatçılarının liderlərinin qılığına girmək isə ermənilərdə heç zaman gerçəkləşməyəcək ümidlər yaratmaqdan başqa bir şey deyil. Buna son misal kimi, Londonun “Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunda Dağlıq Qarabağ münaqişəsilə bağlı dinləmələrə Bako Saakyan adlı şəxsin dəvət olunmasını göstərmək mümkündür. Bu şəxs özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış “dövlət”in “prezident”i kimi təqdim edir. Bununla əlaqədar olaraq, Böyük Britaniyanın Bakıdakı səfiri İrfan Siddiq Azərbaycan XİN-nə çağırılıb, xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan tərəfinin qəti etirazını diplomatın nəzərinə çatdırıb. Siddiq öz növbəsində, bildirib ki, tanınmamış separatçı rejimin liderinin Londona dəvət olunması Böyük Britaniyanın məsələ ilə bağlı mövqeyində hər hansı dəyişikliyin olduğunu göstərmir.

Onun sözlərinə görə, London bu separatçı rejimi dövlət kimi tanımır və onunla hər hansı rəsmi əlaqəyə malik deyil. Bako Saakyanın bir neçə ay səfər etdiyi, hətta parlamentində bəzi görüşlər keçirdiyi Fransanın hökuməti də məsələ ilə bağlı analoji mövqe ortaya qoyub. Lakin bu izahlar kifayət sayıla bilməz. Axı Brüssel nəinki tanınmamış Krım və Donbasın liderlərinin, hətta Ukraynanın Kiyevin nəzarətində olmayan ərazilərinin adi sakinlərinin Aİ-yə və digər Qərb ölkələrinə səfərini qadağan edib. Analoji qadağalar qanunsuz olaraq Gürcüstandan müstəqilliyini elan etmiş Abxaziya və Cənubi Osetiyanın liderlərinə, vəzifəli şəxslərinə də tətbiq edilir. Rəsmi Bakı bu məqamı dəfələrlə gündəmə gətirsə də, təəssüf ki, hələlik onun mövqeyini anlayışla qarşılayan yoxdur”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm