İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - ÇIXIŞ/FOTOLAR
Bizi izləyin

Nida.az

İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - ÇIXIŞ/FOTOLAR

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsi keçirilib.

Prezident İlham Əliyev müşavirədə dedi ki, bu ilin 6 ayının yekunları çox müsbətdir və Azərbaycan uğurla inkişaf edir. Dövlətimizin başçısı bildirdi ki, son 6 ayda iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub. Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. Son 6 ayda ölkəmizə 12,7 milyard manat sərmayə qoyulub.

Çıxışında hazırda dünyanın müxtəlif yerlərində xoşagəlməz proseslərin müşahidə edildiyini, Yaxın Şərqdə qanlı toqquşmaların dayanmadığını, Avropanın dərin iqtisadi və mənəvi böhran içərisində olduğunu, bütün bunların da bizi düşünməyə vadar etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Avropa qurumlarına inteqrasiyası, həmçinin əməkdaşlığın formatı ilə bağlı fikirlərini də bölüşdü. “Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk”, deyən dövlətimizin başçısı Avropa İttifaqı ilə əməkdaşlıqda ölkəmizin milli maraqlarının əsas götürüldüyünü bildirdi.

Prezident İlham Əliyev Ermənistandakı kriminal diktatura rejiminin öz xalqını əzdiyini və xuntanın xalqın hesabına varlandığını qeyd etdi. Bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur və Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir, maksimum dərəcədə bu məsələni uzatmağa çalışır.

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamədə münaqişə ilə bağlı əks olunan bəndin də qərəzli olduğunu vurğuladı. Dövlətimizin başçısı dedi: “Qətnamənin mətnində məruzəçilər tərəfindən təklif edilmiş mətndə yazılmışdır ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. O cümləni götürürlər dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Bu nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir”.

Azərbaycana qarşı çirkin kampaniyanın aparıldığını, önəmli beynəlxalq tədbirlər ərəfəsində bunun daha da alovlandığını deyən Prezident İlham Əliyev bəzi riyakar Qərb siyasətçilərinin, erməni pulları ilə özlərinə həyat quran konqresmenlərin, senatorların, islamofob siyasətçilərin Azərbaycana qarşı müharibə elan etdiklərini, bunun təməlində də paxıllığın və bəd niyyətin dayandığını diqqətə çatdıraraq dedi: “Bu gün əfsuslar olsun ki, Avropada faşizm baş qaldırır, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm, yəni təkcə müsəlmanlara qarşı deyil bu hərəkət. Əlbəttə ki, müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar birləşiblər. Eyni zamanda, Azərbaycanda beşinci kalonun qalıqlarının himayədarları bizə qarşı hücuma keçiblər. Yəni, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdur, ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəldi. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərdi ki, bizim iradəmizə heç bir kənar qüvvə təsir edə bilməz”.

Dövlətimizin başçısı bildirdi ki, birinci Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamə müzakirəyə çıxarılsa da qəbul olunmadı. Almaniya Bundestaqında isə anti-Azərbaycan mövzusuna həsr olunan qətnamə qəbul edildi. Bu da bir daha ölkəmizin, onun uğurlarını gözdən salmağa çalışan çirkin kampaniyanın tərkib hissəsidir. Prezident İlham Əliyev dedi: “Sual olunur? Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyaya hakimdirmi, hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur. Əksinə, bizim qazımız, kontraktlarımız, neftimiz onlara lazımdır. Bizim bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır”.

Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamənin də anti-Azərbaycan mövqeyini əks etdirdiyini deyən dövlətimizin başçısı bu qətnamələrin heç bir əhəmiyyətinin olmadığını vurğuladı. Dövlətimizin başçısı dedi: “Bununla bərabər, ikitərəfli formatda Avropa ölkələri ilə bizim problemlərimiz yoxdur. Bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında bütün bu iradları mən əlbəttə ki, deyirəm. Deyirlər ki, fikir verməyin, onlar o fikrə layiq deyillər. Biz fikir vermirik. Əgər fikir versəydik onların dediklərini edərdik. Burada heç kim onların dediklərinin heç birini etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır, ona görə, heç kim heç vaxt onları icra etməyəcək. Bunu bilsinlər. Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər. Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə bu istiqamətdə gedəcəyik”.

Sonra maliyyə naziri Samir Şərifov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ilin 6 ayının yekunları ilə bağlı məruzələrlə çıxış etdilər.

Yekun nitqində Prezident İlham Əliyev ilin sonuna qədər iqtisadi artımın yüksək templərinin və makroiqtisadi sabitliyin saxlanması, dövlət investisiya proqramının, yeni infrastruktur, o cümlədən sosial layihələrin icrası ilə bağlı işlərin görülməsinin vacibliyini bildirdi. Bölgələrin qaz, elektrik enerjisi və içməli su ilə təminatının daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verən Prezident İlham Əliyev bu layihələrin tam icrası məqsədilə müvafiq vəsaitin ayrılacağını da dedi. Ölkədə meliorasiya tədbirlərinin davam etdirildiyini, sənayeləşmə prosesinin uğurla getdiyini deyən dövlətimizin başçısı yeni ixrac bazarlarının tapılması, rəqabətədavamlı məhsulların istehsal olunması və yeni iş yerlərinin yaradılması ilə bağlı göstərişlərini verdi.

Prezident İlham Əliyev qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, ölkədə vergi daxilolmalarının tam təmin edilməsi, bu sahədə qanunsuz halların qarşısının alınması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışdı. Dövlətimizin başçısı yaxın vaxtlarda dərman preparatlarının qiymətlərinin tənzimlənəcəyini və bu sahədə şəffaflığın təmin olunacağını bildirdi. İpoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manatın vəsaitin ayrılacağını deyən Prezident İlham Əliyev paytaxtda ekoloji vəziyyətin getdikcə yaxşılaşdığını, Böyükşor gölünün təmizlənməsi prosesinin davam etdiyini, birinci Avropa Oyunlarından sonra ölkəmizə turist axınının daha da sürətləndiyini bildirdi, turistlərə vizaların verilməsinin tezləşdirilməsi, aviabiletlərin və otellərin qiymətlərinin aşağı salınması ilə bağlı tapşırıqlarını verdi.

“Birinci Avropa Oyunlarının keçirilməsi tarixi hadisə idi. Bu Oyunlar Olimpiya Oyunları səviyyəsində keçirildi, bu isə ölkəmizin gücünü və potensialını göstərdi”, deyən dövlətimizin başçısı bildirdi ki, 21-i qızıl olmaqla ümumilikdə 56 medal qazanan idmançılarımız Azərbaycanın həm də idman ölkəsi olduğunu sübut etdilər və birinci Avropa Oyunları xalqımızın və dövlətimizin təntənəsinə çevrildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm