Nida.az
Qüdrət Həsənquliyev: “İlham Əliyev kifayət qədər ağıllı, təcrübəli, xarizmatik liderdir” - MÜSAHİBƏ
Müsahibimiz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevdir.
- Qüdrət bəy, Nazirlər Kabinetinin
iclasında Prezidentin çıxışlarını müxalifət partiyasının sədri
olaraq necə qarşılayırsınız?
- Mən belə bir çıxışı çoxdan gözləyirdim. İlin əvvəlində verdiyim
müsahibədə qeyd etmişdim ki, sahibkarlığa aidiyyəti olmayan
qurumların bu sahəyə müdaxiləsi, onlardan pul tələb etməsi
fəaliyyətə mane olur. O cümlədən vergi və hüquq mühafizə orqanları
ilə bağlı danışmışdım. Bildirmişdim ki, vaxtilə mərhum prezident
Heydər Əliyev qeyd etmişdi ki, hüquq mühafizə orqanları onlara
daxil olan şikayət əsasında və ya konkret cinayət hadisəsi ilə
bağlı sahibkarların işinə müdaxilə edə bilər. Və bu da müvafiq
qaydada baş verməlidir. Yəni sahibkarların maliyyə-təsərrüfat
fəaliyyətini yoxlamaq səlahiyyəti olan dövlət orqanlarına müvafiq
məktub göndərilir, həmin yoxlamanın nəticələri hüquq mühafizə
orqanlarına təqdim edilir və onlar da tədbir görürlər. Ancaq
təəssüf ki, belə müdaxilələr var və son dövrlər artıb. Mən bununla
bağlı həyəcan təbili çalmışdım. Çünki bu, həm insanları
hakimiyyətdən narazı salır, həm də sahibkarların vəziyyətini
çətinləşdirir. Son nəticədə yeni iş yerlərinin yaradılmasının
qarşısı alınır, büdcəyə qanuni daxilolmaları məhdudlaşdırır və s.
Hesab edirəm ki, Prezidentin ətrafında olan müvafiq şəxslərin
təqdim etdiyi hesabat əsasında Prezident bu məsələyə şəxsən
müdaxilə etməsi zəruriliyi qənaətinə gəlib. Ümid edirəm ki, onun
göstərişləri icra ediləcək və sahibkarlar rahat nəfəs ala
biləcəklər. Sahibkarlar da susmamalı, bu haqda Prezidenti və
ictimaiyyəti məlumatlandırmalıdır.
- Prezident çıxışı zamanı turizm
haqqında danışdı, otellərin qiyməti ilə xidmətinin uyğun gəlməməsi,
təyyarə biletlərinin qiymətinin yüksək olmasını vurğuladı. Sizin bu
mövzuya baxışınız necədir?
- Əlbəttə, bizi narahat edən məsələ idi. Media bu barədə dəfələrlə
yazır, insanlar şikayətlənirdi. Bəzi hallarda Bakıdan 150 kilometr
kənarda 3-4 gün istirahət etmək Antalyada 1 həftə dincəlməkdən baha
başa gəlirdi. Eləcə də, təyyarə biletlərinin qiymətinin yüksək
olmasını hamı deyirdi. Mən bu məsələləri parlamentdə qaldırmışdım,
müqayisə etmişdim. Məsələn, Türkiyə yanacağı idxal, biz isə ixrac
edən ölkəyik. Bakıdan Naxçıvana olan təyyarə biletinin qiyməti ilə
İstanbul-Ankara təyyarə biletinin qiymətini müqayisə etmişdim. Axı
niyə dövlət əlavə olaraq Naxçıvan-Bakı reysindən istifadə edən hər
şəxsə görə, 30-40 manat dotasiya ödəməlidir. Axı onsuz da 50 manat
təyyarə qiyməti yetərlidir ki, şirkət rentabelli işləsin. Fikrimcə,
bu şirkətdə ciddi yoxlamalar aparılsa, bəlli olacaq ki, niyə bu
müəssisələr qiymətin aşağı olmasını onlara sərf etmədiyini
deyirlər. Çünki 1 manatlıq işi 5 manata gördürəndə vəsait qıtlığı
yaranır. Vəsait çatışmazlığı olan kimi isə avtomatik təyyarə
biletlərinin qiyməti qaldırılır. Bu da ona səbəb olur ki, insanlar
AZAL-ın xidmətindən istifadə etmir. Eyni zamanda, bu, turizmə zərbə
vurur, kənardan ölkəyə adam gəlmir. Həmçinin kənar ölkələr AZAL
vasitəsilə harasa uça bilər, amma onlar bu xidmətdən istifadə
etmirlər. Səbəb kimi bahalıq göstərilir. Biz də xeyli vəsait
itiririk. Bunun da yeganə yolu şəffaflığın təmin edilməsidir.
Prezidentin özü də Respublika Günü ilə bağlı tədbirdə qeyd etdi ki,
ictimai nəzarət olmalıdır. Amma bir var ictimai nəzarət, bir də var
institusional nəzarət. İnstitusional nəzarət isə parlament
tərəfindən həyata keçirilə bilər. Nəzərə alın ki, mətbuat hansısa
faktı yaza bilər. Amma bu fakta görə, hakimiyyətdən məsuliyyəti
müxalifət tələb etməlidir. Bizdə isə müxalifət faktiki olaraq çox
zəifdir. Biz dünən partiyada müzakirələrdən sonra iqtidarı
islahatlar aparmağa çağırdıq. Bu islahatlar iqtisadi, siyasi,
məhkəmə islahatları olmalıdır. Bunsuz ölkəni yeni mərhələyə
çıxarmaq mümkün deyil. Əlbəttə, indiyə qədər ölkədə çox işlər
görülüb və bunu etiraf etmək lazımdır. Mən görülən işlərin üzərinə
kölgə salmaqdan çox uzağam və bu işləri zamanında vurğulamışam.
Amma Azərbaycanı yeni mərhələyə keçirmək lazımdır, bunun üçün isə
islahatlar olmalıdır. Bu islahatlar da yuxarıdan aparılmalıdır.
İslahatları iqtidar güclü olanda aparmalıdır. İndi iqtidar
güclüdür. Güclü olanda aparılan islahatlar öz məqsədinə çata bilir.
İqtidar zəif olanda isə aparılan islahatlar bir çox hallarda
nəticəni vermir, əksinə, qarşıdurmalara yol açır. Əslində,
Prezidentin çıxışı böyük islahatları hədəfləyən çıxış idi. Bunun
ardınca institusional islahatlar aparılmalıdır ki, qanunu pozan
şəxsləri cəzalandırmaq mümkün olsun.
“Beynəlxalq təşkilatlar Azərbaycana heç bir töhfə verməyib”
- Dövlət başçısının müşavirədə
Avropa qurumları və Almaniya Bundestaqı ilə bağlı sərt çıxışı oldu.
Dedi ki, onların qətnaməsi bizim üçün kağız parçasıdır, heç kim
Azərbaycanla diktə dili ilə danışa bilməz. Bu bəyanatı necə şərh
edərsiniz?
- Bu, normal yanaşma idi. Hazırda Avropadan olan tənqidlər gözdən
salmaq, ləkələmək xarakteri daşıyır. Baxın, I Avropa Oyunlarını
Avropanın bir çox dövlət başçıları boykot etdilər. Baxmayaraq ki,
bu ilk oyunlar idi və onu tanıtmaq, əhəmiyyətini artırmaq üçün
Avropa liderləri bura qatılmağa borclu idilər. Amma qatılmadılar.
Bu da əks reaksiya doğurmalı idi. İkincisi, dövlətə bu yolla təzyiq
göstərmək olmaz. Həmin dövlətlərin xüsusi xidmət orqanları var və
onlar gözəl bilirlər ki, hər dövlət başçısı hansı xarakterin
sahibidir və onunla necə işləmək lazımdır. Onlar gözəl bilirdilər
ki, cavab necə olacaq. Bəlkə də, çoxları bunda maraqlı idi. Həmin
dövlət liderlərinin Oyunlara gəlib Prezidentin yanında əyləşməsi və
problemləri dostcasına müzakirə etməsi daha ciddi effekt verərdi,
nəinki boykot yolu. Hazırda Avropada islamafobiya, anti-semitizm
mövcuddur. Fransadan İsrailə yəhudi köçü müşahidə olunur. Bunlar
düşünür ki, Qarabağ kimi problemi olan kiçik ölkə onların sözü ilə
oturub-durmalıdır. Reallıq odur ki, biz Cənubi Qafqazda böyük
dövlətik, amma Avropa üçün kiçik dövlətik. Bəzən belə kiçik
ölkələrin müstəqil siyasət aparması böyük dövlətləri qıcıqlandırır.
Beynəlxalq təşkilatlar bu günə qədər Azərbaycana heç bir töhfə
verməyib. Mən ilk olaraq bunu deyəndə ən ağrılı problemimizə
onların münasibətini əsas götürürəm. İndi media yazır ki, niyə
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoq tərəfdaşı olmaq
istəyir, amma ATƏT, Avropa Şurası, Avropa Parlamenti, Almaniya
Bundestaqı Azərbaycanın ərazi bütövlüyünü tanısa da, ona qarşı
kampaniya aparılır. Çünki bunlar siyasi gedişlərdir. Onların qəbul
etdiyi qətnamə Prezidentin dediyi kimi kağız parçasından başqa şey
deyil. Onlar səmimi olsaydılar, BMT-nin Qarabağla bağlı 4
qətnaməsinə hörmət edərdilər. Ancaq onlar, sadəcə olaraq,
Azərbaycanın daxilində ictimai rəylə oynamaq üçün belə qərarlar
qəbul edirlər. Ermənistana hansı sanksiya tətbiq ediblər? ABŞ bu il
də Dağlıq Qarabağa yardım edilməsinə dair qərar qəbul edib. Niyə
Abxaziya, Osetiya, Dnestryanı bölgəyə yardım ayırmırlar? Ancaq
Dağlıq Qarabağa yardım edir, separatçı rejimin liderini Londona
çağırırlar. Qondarma Donetski respublikasının başçısını da Londona
dəvət etsinlər, niyə etmirlər? Riyakarlıq göz önündədir.
“Oğurlanan vəsaitlərin geri qaytarılması üçün dövlət ən sərt addımlar atmalıdır”
- “Azadlıq” qəzeti hökumətin
Rusiyaya üz tutduğunu, siyasətində dəyişiklik etdiyini, Azərbaycan
iqtidarının Qərbdən imtina etdiyi haqda kampaniya aparır.
Həqiqətdirmi?
- Çünki Rusiya bunlardan prezident seçkiləri ərəfəsində istifadə
edərək atıb. Cəmil Həsənli də buna görə aqressivdir. Əli Kərimli və
Milli Şura da Rusiyadan buna görə acıqlıdır. Bunu oxucular
bilməlidir. Guya bunlar anti-Rusiya mövqeyindədir. Milli Şuranın
təsis bəyannaməsində özləri yazmışdı ki, Azərbaycanın xarici
siyasətini referendumla müəyyən edəcəyik. İndi bu adamlar iqtidarın
üzərinə gəlirlər ki, niyə Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoq
əməkdaşlığı barədə razılıq vermisən. Birincisi, bu, hələ üzvlük
deyil. İkincisi, mən ora üzv olmağı qəbahət görmürəm. Nə mənada? Bu
iqtisadi əlaqələrin genişlənməsi əhalinin sosial-iqtisadi həyatına
töhfə verəcəksə, çox gözəl. Bundan qorxmaq lazım deyil. Şanxay
Əməkdaşlıq Təşkilatında Çin kimi nəhəng dövlət təmsil olunur.
Hazırda bank sektorumuzda problemlər var. Burada kadr, struktur
islahatları aparmağa ehtiyac var. Biz əvvəllər təklif edirdik ki,
xaricdə olan valyuta ehtiyatından 2 milyard ölkəyə gətirib aşağı
faizlə yerli banklara vermək lazımdır. İndi isə düşünürük ki,
minimum 4 milyard gətirmək lazımdır ki, sahibkarlara ucuz faizlə
kreditlər verilsin. Bunun iqtisadi əhəmiyyəti qədər psixoloji
əhəmiyyəti də var. İnsanlar baxır ki, dövlət valyuta ehtiyatını
ölkədə saxlamır. Biz xaricdə olan pulu gətirib 7-8 faizlə iş
adamına verə bilərik. Bu gün sahibkarlar 25-35 faizlə kredit
götürür. Bu pulun 4 milyardını ölkəyə gətirməklə insanlarda
psixoloji inam artacaq, öz pullarını banklarda saxlamağa üstünlük
verəcəklər. Həm də, bu imkan verəcək ki, iqtisadiyyat inkişaf
etsin. Ölkə iqtisadiyyatı canlı orqanizmdirsə, bank institutu onun
qan-damar sistemidir. Bizdə bankların iqtisadiyyatın inkişafında
rolu aşağıdır. Bildiyiniz kimi, ayrı-ayrı şəxslərə Beynəlxalq Bank
böyük məbləğdə kreditlər verib. Bu kreditlər səmərəsiz istifadə
edilib. Krediti alanlar da neqativ hallara yol veriblər. İndi də
kreditlərin qaytarılmasında problem yaranıb. Bu da ona gətirib ki,
əslində, bu vəsaitlər batıb. Mərkəzi Bank da vaxtında buna nəzarət
etməyib. İndi də, həmin kreditlərlə tikilən binalar və müəssisələr
rentabelli deyil. Oğurlanan vəsaitlərin geri qaytarılması üçün
dövlət ən sərt addımlar atmalıdır. Bunu qaytarmayan şəxslər də onun
əvəzini azadlığı ilə ödəməli, gedib cəzalarını
çəkməlidirlər.
“Xalq heç vaxt Əli Kərimli və Cəmil Həsənlinin arxasınca getməyəcək”
- Son zamanlar AXCP-də istefalar
baş verir. Sizcə, niyə?
- Əli Kərimlini yaxından tanıyıb onunla bir yerdə olmaq mümkün
deyil. Gənclər bir qədər çılğın və emosional olur. Ola bilsin ki,
Əli Kərimlinin radikal çıxışı gəncin ürəyindən olur və ona qoşulur.
Amma onu yaxından tanımaq üçün müddət lazımdır. Əli Kərimlini
yaxından tanıyan kimi qaçacaqlar. Mümkün deyil ki, Əli Kərimlini
tanıyasan və onunla bir yerdə olasan. Açığı, orada bir qrup insanın
maliyyə asılılığı var. Maaş alırlar deyə oradan uzaqlaşa bilmirlər.
Bir qrup insan Əli Kərimlini hələ yaxından tanımır deyə orada
qalıb. Bir qrup insan isə hökumət tərəfindən rədd edilən
insanlardır. Özləri də bilir ki, hökumətlə yaxınlaşmaq imkanları
yoxdur. Məsələn, Cəmil Həsənli və adını çəkmədiyim başqa şəxslər.
Biri var ki, statuslu insan bəyanat verir, hakimiyyətin siyasətini
qəbul etmədiyini elan edir və müxalifətə keçir. Bunu insanlar
normal qarşılayır. Amma biri də var ki, səni pis əməllərinə və ya
qeyri-səmimiliyinə görə qovurlar və sən də deyirsən ki, mən
müxalifətəm. Təbii ki, bu halda cəmiyyət səni qəbul etməyəcək və
arxanca getməyəcək. Xalq narazı ola bilər, amma Əli Kərimli və
Cəmil Həsənlinin arxasınca heç vaxt getməyəcək. Mən bunu illər
əvvəl demişəm və zaman da dediklərimi təsdiq edir.
- Milli Şuranın parlament
seçkilərində aktivliyini necə qiymətləndirirsiniz, seçkiyə
qatılacaqlar, yoxsa boykot yolu tutacaqlar?
- Onlar prezident seçkilərindən fərqli olaraq parlament
seçkilərində hər zaman iştirak ediblər. Düşünüblər ki, bəlkə seçilə
bilərik. Odur ki, seçkiyə qatılacaqlar. Keçmiş təcrübə də göstərir
ki, Prezident seçkilərini boykot etsələr də, parlament seçkilərinə
daima qatılıblar. Mən də həmişə sual vermişəm ki, niyə parlament
seçkilərinə qatılırsınız, Prezident seçkilərinə qatılmırsınız.
Deməli, Prezident seçkilərində şansınızın olmadığını görürsünüz,
amma parlament seçkilərində seçilə biləcəyinizə ümid edirsiniz.
Əslində, bu seçkiləri eyni komissiyalar keçirir. Bir seçkiyə
getməyib, seçki komissiyasının tərkibinə etiraz etmək, amma deputat
seçkilərində iştirak etmək siyasi baxımdan riyakarlıqdır. Onlar
seçkiyə qatılacaqlar, amma düşünmürəm ki, xalqdan səs ala
bilsinlər. Proporsional seçki sistemi olsaydı, bəlkə də, 2-3 faiz
səs yığa bilərdilər. Amma majoritar seçki sistemi elədir ki, 3-4
namizəd olanda minimum 30-35 faiz səs toplamalısan. Mən ümidliyəm
ki, iqtidar bəzi dairələrdə namizəd irəli sürməyəcək ki,
parlamentdə müxalifət formalaşsın. YAP funksionerləri qeyd edib ki,
125 dairə üzrə namizədlər irəli sürəcəklər. İqtidarın resursu
böyükdür. Seçki zamanı da ən ciddi faktor maliyyə resursudur.
Məncə, YAP öz siyasətinə baxmalıdır. Düşünürəm ki, 3-4 partiyanın
parlamentə seçilmək imkanı var və bu partiyalar fraksiya yarada
bilməsə də, rəqabət, debat mühiti yarada bilərlər.
“Ölkə üzrə dairələrin yarısından namizəd irəli sürəcəyik”
- BAXCP-nin seçkilərdə hədəfi
nədir?
- Partiyanın seçkilərdə yer tutması ilə yanaşı həm də, gələcək üçün
proqramının təbliğatını aparmaq vacibdir. Odur ki, çalışacağıq ki,
ölkə üzrə dairələrin yarısından namizəd irəli sürək. Məsələn,
Sumqayıtda 4 seçki dairəsi var. Vacib deyil ki, hər bir dairədən
namizəd irəli sürəsən. Bölgələri əhatə etmək, proqramımızı yaymaq
baxımından 60-70 dairədən namizədimiz olacaq. Ancaq real olaraq
bəzi dairələrdə təbliğatımızı qurmaq üçün bu işi görəcəyik, bəzi
dairələrdə isə qalib gəlmək üçün ciddi işləyəcəyik. Bu da bizim
alternativlərimizin kim olmasından asılı olacaq. Əlbəttə, biz hansı
dairədən kimin namizəd olmasını araşdıracaq, təhlil aparacağıq.
Bəzi dost partiyalarla razılaşmaların olması da mümkündür. Vaxtilə
bir blokda olduğumuz, əməkdaşlıq etdiyimiz partiyalar var.
Çalışacağıq ki, bəzi dairələrdən bizim razılaşdırılan
namizədlərimiz olsun, eləcə də, dost partiyaların aparıcı
şəxslərinin namizəd olduğu dairədən biz namizəd irəli
sürməyək.
- Seçkilərdə namizədliyinizi hansı
dairədən irəli sürəcəksiniz?
- Böyük ehtimalla namizədliyimi deputat olduğum dairədən irəli
sürəcəyəm. Amma bu, daha çox seçki zamanı həmin dairədən YAP-ın
namizəd irəli sürüb-sürməyəcəyindən, sürəcəksə, kimi irəli sürəcək
faktorlarından da asılı olacaq. Biz bu məqamları nəzərə alacağıq.
Partiya üçün önəmlidir ki, onun sədri mütləq şəkildə parlamentdə
olsun. Odur ki, son qərarı seçki ərəfəsində verəcəyik. İndilikdə
qərarımız budur ki, həmin dairədən namizədliyimizi irəli sürək.
Əslində, bunun üçün də əsas var. Mən indiyə qədər hansı dairədən
deputat olmuşamsa, həmin bölgənin problemlərini maksimum şəkildə
qaldırmışam. O, cümlədən də təkcə Ordubadın deyil, bütövlükdə
Naxçıvanın problemlərini qaldırmışam. Düşünürəm ki, seçicilər məni
dəstəkləyər.
“Parlamentə siyasi hazırlığı yüksək insanlar gəlməlidir”
- İndi siyasi partiyalardan kənar
QHT və media sistemində yeni nəsil formalaşıb, beyin mərkəzi olaraq
müxtəlif analitik məqalələr, yeni ideyalarla çıxış edirlər. Bu yeni
nəsillə bağlı nə düşünürsünüz?
- Azərbaycanda çoxpartiyalı sistem bizim istədiyimiz şəkildə
inkişaf etmədi. Parlamentdə 46 bitərəf deputat var. Bu göstərir ki,
iş adamları parlamentə yol tapa bilirlər. Bunun qarşısı
alınmalıdır. İndi partiyalardan kənar QHT və mətbuatda kifayət
qədər güclü region və dünya siyasətindən baş çıxaran hazırlıqlı
insanlar var. Onlar parlamentari kimi Azərbaycanı beynəlxalq
qurumlarda yüksək səviyyədə təmsil edə, ermənilərlə polemikada
Azərbaycanın maraqlarını qoruya bilərlər. Dil bilənə üstünlük
verilə bilər. Amma onun siyasi hazırlığı cavab vermirsə ki, sabah
beynəlxalq təşkilatda Azərbaycanın mövqeyini qoruya bilsin, bu
halda o, kimə lazımdır. Söhbət siyasi hazırlıqdan gedir. Siyası
hazırlığı olmayan adam parlamentə düşməməlidir. Mən media sahəsində
10-15 tanınmış jurnalistin adını çəkə bilərəm ki, onlar hər gün
medianı, dünyada baş verənləri izləyir. Ancaq partiya funksioneri
var ki, həftələrlə qəzet oxumur, televiziyaya baxmır. Düşünürəm ki,
fərqli yanaşma olmalı, parlamentə hazırlıqlı insanlar gəlməlidir.
Belə hazırlıqlı şəxslər QHT sektorunda, daha çox jurnalistikada
var. BAXCP olaraq bizim müəyyən fikrimiz var. Elə hazırlıqlı media
nümayəndəsi var ki, seçkiyə qatılmaq istəmir. Amma bizim
müraciətimiz olacaq. Dünyagörüşü, baxışları bizə yaxın olan
hazırlıqlı jurnalistlər var. Əgər etiraz etməsələr, namizədliyini
partiya xətti ilə irəli sürəcəyik. Vacib deyil ki, bizim üzvümüz
olsun. Sadəcə, onun yazılı ərizəsi olmalı və namizədliyinin partiya
tərəfindən irəli sürülməsinə etiraz etmədiyini qeyd etməlidir. Belə
olan halda biz bu kimi hazırlıqlı şəxslərin namizədliyini irəli
sürəcək və onun seçki kampaniyasının da maliyyələşməsinə yardım
edəcəyik. Bu, Azərbaycan üçün lazımdır. Bizim də partiya özündən
çox Azərbaycanı düşünür. Biz bu işi görəcəyik. Mən bir məqama da
aydınlıq gətirmək istərdim. Son zamanlar kampaniya aparılır ki,
Azərbaycan hökuməti ölkəni Rusiyadan asılı hala salır. Burada iki
məqam var. Dəfələrlə demişəm ki, Rusiya Qarabağı Azərbaycana
güzəştə gedəcəyi halda biz Rusiyanın bölgədəki maraqlarını nəzərə
ala bilərik. Azərbaycan Avrasiya İttifaqına yalnız Rusiya Qarabağ
məsələsində güzəştə gedəcəyi təqdirdə qoşula bilər. Mən hətta
Qarabağ naminə Rusiyanın Azərbaycanda hərbi baza saxlamasını mümkün
saymışam. Qəbələdə vaxtilə Rusiyanın hərbi bazası var idi, guya
bizim suverenliyimiz məhdudlaşmışdı? Əlbəttə, elə şərtlər var ki,
onu qəbul etmək olmaz. Məsələn, sərhədlərin birgə qorunmasını. Buna
qətiyyən getmək olmaz. Biz, əlbəttə, iqtidarı bir çox məsələlərdə
tənqid etsək də, İlham Əliyev kifayət qədər ağıllı, təcrübəli
siyasətçidir, xarizmatik liderdir. Prezident başa düşür ki, hansısa
dövləti özündən asılı duruma salmaq istəyən dövlətlər onun kimi
liderlərlə işləmir. Onlara sözə baxan siyasətçi lazımdır.
Azərbaycanı Rusiyadan asılı hala gətirmək birinci Prezidentə
ziyandır. Çünki böyük dövlətlər müstəqil siyasət aparan liderlərlə
işləmir. Onlar sözə baxan, müti xarakterli siyasətçilərlə işləməyə
üstünlük verirlər. Prezident bunu hamıdan gözəl bilir. Odur ki,
iqtidarın marağında deyil ki, Azərbaycanı hansısa böyük dövlətin
təsir dairəsinə salsın. Prezident də bütün bu məsələləri ola bilməz
ki, nəzərə almasın. Dünən Prezident elan etdi ki, pula satılan
insanlar üstümüzə gəlir. Prezident ad çəkmədi. Ermənilər düşməndir,
bu, bəllidir. Amma pula satılanların bir hissəsi də Rusiyanın
puluna satılanlardır. Bunu xüsusi qeyd edim ki, Rusiyanın
Almaniyada güclü dayaqları var. Rusiyanın böyük bir kəşfiyyat
agenturası var. Birinə deyirlər atan bizim agent olub, açıb ortaya
qoyarıq, digərini pulla satın alırlar. Rusiyanın da marağındadır
ki, Azərbaycanın Qərblə münasibətləri tamam korlansın. Korlanandan
sonra Azərbaycanın ona yaxınlaşmaqdan başqa yolu qalmasın. Əlbəttə,
Prezident ad çəkmirsə, o demək deyil ki, bunları bilmir. Elə
məsələlər var ki, bağlı qapılar arxasında müzakirə edilməlidir.
Qərb Azərbaycanla bağlı siyasətinə yenidən baxmalıdır.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO