Rauf Arifoğlu istefa ərizəsini yazdı – TAM MƏTN
Bizi izləyin

Nida.az

Rauf Arifoğlu istefa ərizəsini yazdı – TAM MƏTN

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından istefa verib.


Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılı “facebook” səhifəsində yazıb.

Müsavat başqanı R. Arifoğlunun istefa ərizəsini ötən həftə ona təqdim etdiyini bildirib.


Baş redaktor istefa ərizəsində bildirib: “Bu ərizə ilə Müsavat Partiyasındakı 23 illik rəsmi üzvlüyümə son verirəm”.

Daha sonra o, Müsavat Partiyasındakı fəaliyyətinə diqqət çəkib.


“Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü olmuşam, partiyanın rəhbər strukturlarında vəzifələr daşımışam; bundan əvvəlsə, 1989-cu ilin oktyabrında qurulan (AMDP) Yeni Müsavat Partiyasının qurucularından və rəhbərlərindən biri olmuşam. Bir sözlə, Müsavatımızın müqəddəs adı və missiyası ilə düz 26 il fasiləsiz olaraq bərabər yaşamışam.

Bildiyiniz kimi, mətbuata hərəkatdan, daha sonra isə Müsavat Partiyasının funksioneri olaraq gəlmişəm. Lakin zaman keçdikcə bəlli oldu ki, mahiyyətcə bir-birinə zidd olan bu sahələrdə eyni anda fəaliyyət göstərmək kifayət qədər mürəkkəb məsələdir. Uzun illərdir ki, media və partiya fəaliyyətinin bərabər zamanlılığının mənə yaratdığı diskomfortu, problemləri yaşamaqdayam. Və qarşımda 3 dəfə seçim olub: 1992-ci və 2001-ci illərdə partiya fəaliyyətini seçərək, mətbu fəaliyyəti arxa plana atmışam. 2006-cı ildən etibarən isə partiyadakı funksiyalarımdan imtina edərək, çox ağır durumda olan “Yeni Müsavat” qəzetinin yaşamasını təmin etmək üçün qəzetçilik fəaliyyətinə üstünlük verməyi seçmişəm. Düz o zamandan - artıq 9 ilə yaxındır ki, Müsavat Partiyasında nəzərə çarpan fəaliyyətim olmayıb. Lakin “Yeni Müsavat” qəzetini qoruya, daha da müstəqilləşdirə, onun elektron versiyasını ölkənin ən güclü yayım orqanına çevirə, onu redaksiya ilə təmin edə; üstəlik, rus dilində fəaliyyət göstərən daha iki sayt yarada bilmişəm. Gecə-gündüz işləməyimin, dostlarımın və “Yeni Müsavat”çıların fədakar əməyinin sayəsində, ağır şərtlərin olmasına baxmayaraq, bu müddət ərzində “Yeni Müsavat” media qrupu yarada, onu ölkənin və regionun əsas yayım quruluşuna çevirə bilmişəm. “Yeni Müsavat” media qrupu bizim hər birimizə əziz olan Müsavat adına, demokratik düşərgə və milli azadlıq hərəkatı adına olan ən uğurlu layihələrdən biri kimi, 26-cı ilində ən yüksək peşəkarlıq və tirajlılıq dövrünü yaşayır.

Təəssüflə qeyd etməliyəm ki, mənim azad qəzetçi kimi fəaliyyətim, bir şirkət sahibi kimi bəzən biznes çıxarlarından; korporativ maraqlardan, ya da geniş ictimaiyyətə, hətta sizlərə belə açıqlaya bilmədiyim həyati əhəmiyyətli məsələlərdən doğan manevr və gedişlərim Müsavat Partiyasının və şəxsən özümün bədxahlarımızda, bəzənsə hətta bir sıra dostların özündə qıcıq və suallar yaradır. AXCP və ona bağlı olan qurumlarsa bu məqamdan Müsavata qarşı şantaj məlzəməsi kimi istifadə edir. Müsavat Partiyasının 5-ci başqanı İsa Qəmbər kənardan və daxildən olan bu basqılara cavab kimi “... “Yeni Müsavat”a qarşı hücumlar mənə olan hücumlardır” düsturunu irəli sürmüşdü. Lakin hesab edirəm ki, bu cür proses uzun müddət davam edə bilməz. Tamamilə haqlı olaraq, Müsavatın 6-cı başqanı Arif Hacılı Məclisdəki sonuncu çıxışında “Yeni Müsavat”ı partiyadan asılı olmayan, öz baş redaktorunun və kollektivinin yönəltdiyi müstəqil qəzet elan edib.
Mən də bunun bir gerçək olduğunu, oyun olmadığını təsdiq edirəm və bu qəzetin təsisçisi-baş redaktoru olaraq şəxsimi partiya mükəlləfiyyətinin yaratdığı məcburiyyətlərdən, Partiyamızı isə mənim qəzetçi-iş adamı fəaliyyətimin yaratdığı məsuliyyət və suallardan azad edirəm. Partiyada üzvlüyümü dayandırıram, müstəqil qəzetçi kimi bütün davranış və manevrlərimin, fəaliyyətimin sorumluluğunun yalnız mənə aid olduğunu bəyan edirəm.

Lakin bilmənizi istərdim:

- Müsavat mənim hər şeyimdir!
- Müsavat mənim həyatımın mənası və özüdür!
Bundan sonra da bir vətəndaş və qəzetçi olaraq bu ada və onun ehtiva etdiyi anlama, dəyərlərə, missiyaya, bayrağa, istiqlal amalına, milliyyətçilik ülküsünə, müsəlman – demokratik ideolojisinə, insan haqlarına dayalı siyasi kursa sadiq qalacağıma əmin ola bilərsiniz. Mən təşkilatda üzvlüyümü dayandırsam da, əqidəcə müsavatçı kimi qalıram, bu missiyanın gələcəyinə inanaraq, onun üçün əlimdən gələni etməyə hazır olduğumu bildirirəm.

Müsavat Partiyasının indiki rəhbərliyini, onun başqanını, siyasi kurs və mübarizəsini dəstəkləyirəm, sevinirəm ki, Müsavat adına olan təşkilatımız əmin və etibarlı əllərdədir.
Fəaliyyətiniz boyunca qəzetimizdən əvvəlki kimi və ondan daha yaxşı təmənnasız informasiya dəstəyi ala, bu media quruluşunu özünüzə ən yaxın olanı hesab edə bilərsiniz.
Mən də bir vətəndaş və partiyasız müsavatçı kimi sizlərə, 23 il sıralarında olduğum Müsavata hər cür dəstəyə hazıram.

İnanıram ki, partiya da gərəkən zamanda, həmişə olduğu kimi, söz azadlığına və “Yeni Müsavat”a dəstək olacaq.
Allah bayrağımızı, Müsavatımızı və Azərbaycanımızı qorusun”.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm