XİN-dən “Alman dalğasına” sərt etiraz
Bizi izləyin

Nida.az

XİN-dən “Alman dalğasına” sərt etiraz

Azərbaycan Xarici İşlər Nazirliyinin XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın “Deutsche Welle” (DW) radiosunun hazırladığı verilişə münasibət bildirib.

Publika.az xəbər verir ki, H. Hacıyev Almaniya Federativ Respublikasının “Deutsche Welle” (DW) ictimai yayım şirkəti tərəfindən 31 iyul 2015-ci il tarixində efirə getmiş “Dağlıq Qarabağ münaqişəsində gərginlik artır” adlı verilişin qərəzli, birtərəfli və obyektiv jurnalistika prinsiplərindən kənar xarakter daşıdığını bəyan edib: ““DW”-in öz çəkiliş qrupunu qanunsuz olaraq, işğal olunmuş Azərbaycan ərazilərinə göndərməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulmasıdır. Verilişdə yalnız Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticəsində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin “hərbi və mülki nümayəndələri”nin yalan fikirlərinə yer ayrılır. Lakin verilişdə münaqişənin bilavasitə qurbanı olmuş və etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkününün hüquqları və əzab-əziyyətləri barədə məqsədyönlü şəkildə heç nə deyilmir. Mahiyyət etibarilə, veriliş Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə əməlləri, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü və bunun nəticəsində yaradılmış qondarma kriminal rejimin təşviqinə xidmət edərək, münaqişənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə və Azərbaycan ictimaiyyətinə qarşı hörmətsizlik mənası daşıyır. “DW” əsas məqsəd və məramlarından birinin dünya mədəniyyətləri və xalqları arasında anlaşmaya xidmət etdiyini iddia etsə də, bu veriliş vasitəsilə “DW” dini və etnik zəmində nifaqın gərginləşməsinə xidmət edir. Münaqişənin əsl mahiyyətini təhrif edərək, qərəzli və obyektivlikdən kənar verilişi təqdim etməklə, “DW” eyni zamanda öz yerli və beynəlxalq tamaşaçı auditoriyasına da hörmətsizlik nümayiş etdirir. Bu cür yanaşma eləcə də ifadə və mətbuat azadlığı prinsiplərinin kobud şəkildə pozulması və ondan sui-istifadə edilməsi kimi qiymətləndirilir”.

XİN sözçüsü qeyd edib ki, ciddi narazılıq doğuran məqam ictimai yayım şirkəti olan “DW”-in eləcə də Almaniyanın dövlət büdcəsi vasitəsilə maliyyələşdirilməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm