Nida.az
“Qaz müharibələri” qızışır: Bakı üçün bir şad, bir təhlükəli xəbər

Avropanın qaz bazarı uğrunda mübarizə yeni mərhələyə
qədəm qoyur. Rusiya ABŞ-ın əlindəki əsas alternativ olan Azərbaycan
qazını qabaqlamaq üçün bütün vasitələrə əl atıb. Lakin proseslər
Moskvanın xeyrinə deyil. “Türk axını”nda ilişən Kreml üzünü Şimala
tutur.
Ötən həftənin sonu Rusiyanın energetika naziri Aleksandr Novak
“Türk axını” layihəsinin qeyri-müəyyən müddətə təxirə salınması
haqda xəbərləri təkzib etdi.
Publika.az xəbər verir ki, səfir layihə üzərində işin davam
etdiyini vurğulayıb.
Lakin nazirin siyasi ritorikasının əksinə olaraq, ekspertlər belə
düşünmür. Ən azından layihənin 2015-ci ildə bir addım belə
irəliləməsi mümkün deyil. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla
Rusiya prezidenti Vladimir Putinin noyabr ayında planlaşdırılan
görüşü də məhz bu layihəni bir daha gözdən keçirməkdir. Kremlin
sözçüsü Dmitri Peskov da prezidentlərin görüşündə məhz bu detalın
əsas olacağını təsdiq edib.
Xatırladaq ki, görüş sentyabr ayında gözlənilirdi.
Türkiyə Rusiya ilə qiymət məsələsində razılaşmır. Buna görə də
müqaviləni imzalamaqdan imtina edir. Halbuki, Moskva “Türk axını”
layihəsi ilə Vaşinqtonun Rusiya qazına əsas alternativ kimi gördüyü
Azərbaycan qazının Avropa bazarına çıxacağı 2019-cu il tarixini
qabaqlamaq istəyirdi. Bununla həm alternativin qarşısı alacaq, həm
də Avropanı öz qazına möhtac edəcəkdi. Lakin Vaşinqton öz
ssenarisini dövriyyəyə saldı. “Türk axını”nın əsas marşrutu olan
Yunanıstan defolt həddinə çatdı, Serbiya və Makedoniya “rəngli
inqilab” qorxusu ilə geri çəkildi. Türkiyə isə hələ ki qiymət
məsələsini əsas gətirərək masaya oturmaq istəmir. Onsuz da Ankara
üçün bu layihə əvvəldən siyasi gediş imkanlarını genişləndirməyə
hesablanmışdı. Çünki Türkiyə Azərbaycan qazını Avropa bazarına
çıxaracaq TANAP-TAP layihələrinə rəsmən qoşulub və Bakı ilk növbədə
daha sərfəli qiymətə qardaş ölkəni enerji ilə təmin edəcək. Belə
bir məqamda daha mürəkkəb perspektivə malik olan “Türk axını”nına
gələcəyini bağlamaq Türkiyə üçün danışıq mövzusu ola bilməz. Sadəcə
olaraq, Ankara regionun əsas güclərindən olan Rusiya ilə
münasibətləri düzə çıxarıb, bununla Qərbə də mesaj verir. Türkiyə
bir növ əsas regional oyunçu olduğunu növbəti dəfə təsdiqləmək
istəyir. Yəni qiymət məsələsini uzatmaqla layihənin reallaşmasının
qarşısı alır, həmçinin layihədən tamamilə imtina etmədən öz
alternativ gedişlərini genişləndirir.
Bu arada Ankaranın əlində daha bir əsas var: Türkiyədə yeni
hökumət formalaşmayıb və belə bir məqamda hansısa böyük layihəyə
imza atmaq mümkün deyil. Rusiya Baş naziri Dmitri Medvedyev də ötən
həftə “Türk axını” layihəsinin reallaşmaması haqda suala cavabında
məhz bu amili əsas gətirmişdi.
Ruslar türklərin manevrlərini anlayır, lakin onlar üçün daha
sərfəli olan başqa yol yoxdur. Moskva bütün imkanlarından istifadə
edərək, ABŞ-ın istəyinə uyğun olan Ukrayna marşrutundan imtinaya
hazırlaşır. Kiyevlə bağlanan müqavilənin sonuncu tarixi 2019-cu
ildir və Kreml rəsmən müqaviləni uzatmayacağını bəyan edib.
“Türk axını” layihəsinin reallaşması qeyri-müəyyən olduğu bir
vaxtda Rusiya əlavə kartları işə salır. Belə ki, Moskva “Şimal
axını” layihəsini inşa edərkən perspektivdə nəzərdə tutduğu
şaxələndirməni həyata keçirmək üçün ingilis və hollandların ortaq
şirkəti olan “Şell”ə danışıqlara başlayıb. Bunun nə qədər real
olacağı da sual altındadır, xüsusilə Böyük Britaniyanın buna
razılıq verməyəcəyi təqdirdə.
Qeyd edək ki, Baltik dənizinin dibi ilə çəkilən bu qaz kəməri
Almaniya və Rusiya sahillərini birləşdirir. Hazırda Rusiyadan
Almaniyaya qaz ixracı bu kəmərlə reallaşır. Təxminən 4 il öncə
Rusiya gələcəkdə bu kəmərlə Fransa, Hollandiya və Avropanın digər
ölkələrinə qaz nəqlini planlaşdırırdı. 2012-ci ilin sonuna qədər
bunun gerçəkləşməsi planlaşdırılsa da, mümkün olmadı. O zaman hələ
“Cənub axını” layihəsi arxivə göndərilməmişdi və Moskva əsas gücünü
bu istiqamətə vermişdi. Lakin Ukrayna böhranı hər şeyi dəyişdi və
Bolqarıstanın oyundan çıxması ilə “Cənub axını”nın reallaşması
təxirə salındı. Əvəzində Putin Ankara səfərində “Türk axını”
layihəsini elan etdi. İndi bu layihənin də dalana dirəndiyi bir
vaxtda, Rusiya “Şimal axını-2” layihəsini gündəmə gətirir və
2019-cu ildən sonra qazı məhz bu xətlə nəql etməyi düşünür.
Bütün məsələ Avropanın qaz bazarında dominant olmaq uğrunda gedən
müharibədə kimin qalib gəlməsindən ibarətdir. Rusiyanın “Türk
axını” layihəsindən diqqəti yayındıraraq, “Şimal axını”na stavka
etməsi marşrut baxımından Azərbaycanın xeyrinədir. Çünki Cənub Qaz
Dəhlizi və “Türk axını” layihələri Yunanıstanda toqquşur və solçu
Çipras hökuməti bütün real təzyiqlərə rəğmən, hələ də rusların
yanında yer alır. Rusiyanın diqqəti Şimala yönəltməsi isə bu
problemin aradan qalxmasına səbəb olacaq. Amma Avropa bazarında
dominantlıq uğrunda müharibə bununla bitmir, əksinə, yenidən
qızışacaq.
Asif Nərimanlı

-
Magazin122:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto
-
Nəqliyyat21:40
Bakının bu yollarında tıxac yarandı - Foto
-
Kriminal21:24
Arayikgilin məhkəməsi davam etdirildi - Fotolar
-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq