Nida.az
Azərbaycanın sərhədlərindəki barıt çəlləyi: terror təhlükəsi artır
Son dövrlər Azərbaycanın sərhədyanı bölgəsi olan Şimali
Qafqazda İŞİD-in öz tərəfdarlarını artırdığına və kök atdığına dair
məlumatlar var.
Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev
Publika.az-a açıqlamasında regiondakı vəziyyəti və
yarana biləcək təhlükələri şərh edib.
Azərbaycanın qonşuluğundakı barıt çəlləyi
Onun sözlərinə görə, Rusiya Federasiyasının cənubunda - Şimali
Qafqazda qeyri-sabit ictimai-siyasi vəziyyət hökm sürür: “Dünyada
terrorçu kimi tanınan bir sıra radikal İslam cərəyanları bu
regionda öz dayaqlarını yarada biliblər. Əl-Qaidə, Hizbüt-Təhrir,
Qafqaz Əmirliyi, İŞİD və digər təşkilatlara qarşı aparılan mübarizə
və anti-terror əməliyyatları hələlik ciddi və səmərəli nəticələr
vermir. Rusiya Şimali Qafqazı yalnız hərbçilərin və güc
strukturlarının köməyi ilə əlində saxlaya bilir. Nəzərə almaq
lazımdır ki, şimal qonşumuzun parçalanmasında maraqlı olan
beynəlxalq güclər müxtəlif radikal dini cərəyanlardan öz məqsədləri
naminə istifadə edirlər. Mübarizəni mürəkkəbləşdirən daha bir cəhət
ondan ibarətdir ki, çoxmillətli Şimali Qafqazda yerli idarəçilik
etnik klanların və mafioz qruplaşmaların əlində cəmləşib. Onlar da
bir-birilərinə qarşı mübarizədə radikallardan istifadə edirlər. Bir
sözlə, Şimali Qafqaz bir barıt çəlləyidir. Son vaxtlar bu gərginlik
artan xətlə gedir”.
“İŞİD regionda sürətlə təşkilatlanır”
Ekspert qeyd edib ki, əvvəllər Şimali Qafqazda radikal islamçıların
böyük əksəriyyəti Qafqaz əmirliyində cəmləşmişdi: “Onlara Aliashab
Kebekov (Ali Abu Muhamməd əl Dağıstani) rəhbərlik edirdi. Kebekov
öldürüldükdən sonra onun yerini Abu Usman Gimrinski kimi tanınan
Maqomed Süleymanov tutdu. Ötən ilin axırlarından və bu ilin
əvvəllərindən başlayaraq, Qafqaz əmirliyində parçalanma baş verdi.
Əvvəllər Dağıstan cəbhəsinin və vilayətinin əmiri olmuş Rüstəm
Asilderov (Abu Muhamməd Kadarski) İŞİD-ə biət etdi. Radikalların
bir qismi də Kadarskiyə qoşuldu. Bu da yeni bir gərginlik ocağı
yaratdı. Bu yaxınlarda hazırda Suriyada olduğu bildirilən
dağıstanlı Nadir Mədətov (Nadir Abu Xalid) Qafqaz müsəlmanlarına
müraciət edərək onları İŞİD-ə qoşulmağa çağırıb. Onun bu çağırışı
təsirsiz ötüşməyəcək. Nadir Mədətov Şimali Qafqazda güclü sələfi
alimi kimi tanınır. Suriyaya getməzdən əvvəl Mahaçqala və Dərbənd
məscidlərində fəaliyyət göstərib. Onun minlərlə ölçülən çoxsaylı
tərəfdarları var. Nadir Mədətov sosial şəbəkələrdə də çox aktivdir.
Müəmmalı şəkildə Suriyaya gedən bu şəxsin müraciəti təbii ki, boşa
getməyəcək. İndi Şimali Qafqazdakı radikallar iki cəbhəyə
bölünüblər. Hazırda İŞİD-çilərin sürətli təşkilatlanma prosesi
gedir”.
Dağıstanda çeçen modeli: rəhbərliyə dini lider gələ
bilər
M. Mehdiyev əlavə edib ki, İŞİD-in məşhur çeçen lideri Ömər
Şişaninin Şimali Qafqaza təsir imkanları çoxdur: “Məlumatlara görə,
Rusiyanın cənubundan Suriyaya gedənlər məhz onun rəhbərliyi altında
hərəkət edirlər. Nadir Mədətov da Ömər Şişaninin yaxın
tərəfdarlarından biridir. Şimali Qafqazdakı mövcud durum vəziyyətin
gərginləşəcəyindən xəbər verir. Rusiyadakı bəzi dairələr Şimali
Qafqazdakı iki əmirliyi üz-üzə qoymaqda maraqlıdırlar. Son vaxtlar
bu istiqamətdə müəyyən təbliğat da aparılır. İŞİD-ə biət edənlərlə
etməyənlər arasında hələlik bir soyuq müharibə gedir. Bunun nə ilə
sonuclanacağını indi proqnozlaşdırmaq mümkün deyil. Əgər İŞİD-çilər
tam mütəşəkkil bir formada ortaya çıxarlarsa, Qafqaz Əmirliyinin
gücü xeyli zəifləyəcək. Bunun əksi o qədər də real görünmür. Çünki
Qafqaz İŞİD-çilərinin böyük əksəriyyəti Qafqaz Əmirliyinin
tərkibindən çıxanlardır. Rəsmi Moskva Şimali Qafqazda vəziyyəti öz
xeyrinə dəyişmək üçün müəyyən addımlar atır. Çeçenistandakı
üsul-idarəçilik də Kremlin bir layihəsidir. Qatı dindar olan Ramzan
Kadırov müstəqil hərəkət etmiş kimi görünür. Rusiya buna dözmək
məcburiyyətindədir. Çünki Çeçenistandakı idarəçilik ictimai
tələbatdan irəli gəlir. Ramzan Kadırov Çeçenistan respublikasının
başçısı olmaqla yanaşı, həm də dini rəhbərdir. O, radikalların
mövqeyinə müəyyən qədər zərbə vura bilib. Elə Moskvaya da bu
lazımdır. Onlar Çeçenistan rəhbərinin və parlamentinin hətta
federal qanunlara zidd qərarlarına belə göz yumurlar. Bir sıra
təhlillər göstərir ki, Kreml belə bir layihəni Dağıstanda da həyata
keçirməyə məcbur olacaq. Çünki onlarla millət və xalqın yaşadığı
Dağıstanı Rusiya bayrağı altında birləşdirmək çətin olacaq. Bir
neçə ildir ki, Moskva üçün başağrısına çevrilmiş bu forpostda
vəziyyət çox pisdir. Əhali federal mərkəzdən gələn dotasiya ilə
güclə dolanır. Etnik klanların mübarizəsi ara vermir. Demək olar
ki, hər gün keçirilən anti-terror əməliyyatları radikal islamçıları
mövqelərindən çəkindirmir. Belə davam edəcəyi halda, Dağıstanda
hakimiyyət başına siyasi-dini liderin gətirilməsi qaçılmaz
olacaq”.
Regionda baş verənlər Azərbaycana necə təsir
edəcək?
M. Mehdiyev Şimali Qafqazda, o cümlədən Dağıstanda gedən
proseslərin Azərbaycana da təsirsiz ötüşməyəcəyini düşünür. Onun
sözlərinə görə, bu bölgədəki radikal dini baxışlar Azərbaycan
ərazisinə də ixrac olunur.
“İndi hər iki əmirliyin mövcudluğu respublikamız üçün təhlükədir.
Əvvəla, təşkilatların hər ikisinin adı Qafqaz Əmirliyidir.
Azərbaycan da Qafqazın bir parçasıdır və Cənubi Qafqazda yeganə
müsəlman ölkəsidir. Hamıya məlumdur ki, Azərbaycandan da Suriyaya
gedib İŞİD-ə qoşulanlar var. İŞİD-in Şimali Qafqazda möhkəmlənməsi
radikalların marşrutunu dəyişdirəcək. Onlar üçün daha münbit şərait
yaranacaq. Digər tərəfdən, İŞİD-in Qafqaz Əmirliyinə qoşulanlar
gələcəkdə Azərbaycanda da müxtəlif təxribatlar törədə bilərlər. Heç
kəsə sirr deyil ki, şimal bölgəsində az sayda olsa da xavaric
qruplaşmaları mövcuddur. Onların İŞİD-in Qafqaz Əmirliyinə
qoşulmayacağına heç kəs zəmanət verə bilməz. Bu baxımdan
Azərbaycanın şimal regionunda ciddi və planauyğun tədbirlər
görülməlidir. Dini duruma nəzarət yerli icra və hüquq-mühafizə
orqanları tərəfindən koordinasiya edilmiş şəkildə həyata
keçirilməlidir. Dini maarifçilik sahəsində qeyri-ənənəvi
metodlardan istifadə edilməlidir. İctimaiyyət Şimali Qafqazda baş
verənlərdən yaxından xəbərdar olmalı, qarşıdurma meyllərinə qarşı
müqavimət göstərməlidir. Biz yalnız milli və dini həmrəyliyə nail
olmaqla radikal dini baxışların cəmiyyətdə özünə yer tutmasının
qarşısını ala bilərik”, - deyə ekspert vurğulayıb.
Asif Nərimanlı

-
Magazin122:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto
-
Nəqliyyat21:40
Bakının bu yollarında tıxac yarandı - Foto
-
Kriminal21:24
Arayikgilin məhkəməsi davam etdirildi - Fotolar
-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq