Eldar Namazov hədəflərini açıqladı - Müsahibə
Bizi izləyin

Nida.az

Eldar Namazov hədəflərini açıqladı - Müsahibə

Eldar Namazov hədəflərini açıqladı - Müsahibə


EL Hərəkatının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Eldar Namazovun Publika.Az -a müsahibəsi

“Hələ o vaxt lazım olan qədər potensialımız var idi”

-Siz Milli Şuradan rəhbərlik etdiyini hərəkatın təşkilatlanmasına daha çox vaxt ayırmaq istədiyini deyərək çıxdınız. EL-in yaranmasından bir il ötdü. Hazırda işləriniz necədir?

- Martın 12-də hərəkatın yaranmasının bir il tamam oldu. EL yaranandan cəmiyyətdə rezonans doğurdu, qısa müddətdə Bakı, Gəncə, Sumqayıt şəhərlərində, ümumilikdə 35 rayonda yerli özəklər yarandı. Hələ o vaxt biz qurultay keçirməyi qarşımıza məqsəd qoysaydıq, hətta bir neçə siyasi qurumun qeydiyyatdan keçməsi üçün lazım olan qədər potensialımız var idi.



-Amma bu olmadı və hərəkat müəyyən qədər zəiflədi.

- EL-ə qarşı müəyyən təzyiqlər oldu, ofislər əlimizdən alındı, prokurorluğa çağırıldıq, bizə qarşı ittihamlar irəli sürüldü. Eyni zamanda, Milli Şura yarandı, prezident seçkilərinə start verildi. Ona görə də təşkilatlanma və qurultay keçirmək imkanlarımız yox idi.

2 ay bundan əvvəl isə qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Bütün strukturların fəaliyyətinə xitam verilib. Qurultaya hazırlıq başa çatandan sonra qanuna uyğun olan bütün legitim strukturlar formalaşacaq və biz EL-in qeydiyyat məsələsini həll etməyə çalışacağıq. Təşkilat Komitəsinin işində qanunda nəzərə tutulmuş üzvlərin sayı ilə bağlı problem olmadığına görə, indiki mərhələdə işimizi daha çox hərəkatın ideoloji və siyasi proqramlarının hazırlanması üzərində qururuq.

Ondan sonra proqram sənədləri üzərində təşkilatlanma və qurultaya hazırlıq işini başa çatdıracağıq. Biz tələsik addımlar atmaq istəmirik, təmkin və səbirlə ciddi işlər görmək xəttini götürmüşük. Artıq ideoloji və siyasi sənədlərin hazırlanması prosesi başa çatır. Biz bu işlərə ona görə önəm veririk ki, hərəkat kiminləsə şəxsi münasibətlər üzərində yaradılan qurum olmamalıdır. Siyasi qurumun bünövrəsində ideoloji xətt, konkret proqramlar olmalıdır. Bunun ətrafında həmin birlik formalaşmalıdır. Bizim özümüz üçün müəyyən edilmiş ana xətlər, təməl prinsipləri var. Bu millilik, dövlətçilik, demokratiya, dünyəvi dövlət prinsipi, ərazi bütövlüyüdür. Bunların hamısı bizim üçün qırmızı xətlərdir və bu xətlər çərçivəsində biz hər bir təbəqə ilə işimizi qurmağı planlaşdırırıq. Hər bir təbəqənin tanınmış üzvlərinin bu prosesdə iştirakını təmin etməyi düşünürük.

“Parlament seçkiləri ilə bağlı müzakirələrimiz gedir”

- Müsavat Partiyası ilə EL-in əməkdaşlıq müzakirələri nə yerdədir?

- Biz Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması uğrunda mübarizə aparan, fəaliyyət göstərən hər bir siyasi qüvvə ilə əməkdaşlığa hazırıq. Konkret olaraq Müsavata gəlincə, onların təkliflərinə müsbət yanaşdıq. Bu haqda müzakirələrimizi davam etdiririk. Vaxtaşırı görüşlərimiz olur. Hesab edirəm ki, Müsavatla da, digər siyasi qurumlarla da geniş əməkdaşlıq quracağıq.



- Qarşıdan parlament seçkiləri gəlir. Müxalifət düşərgəsində yeni koalisiyaların yaradılmasının vacibliyi haqqında danışırlar. Siz necə düşünürsünüz?

- Bu haqda danışmaq hələ tezdir. Qarşıdan hələ bələdiyyə seçkiləri gəlir. Amma bu seçkilər demək olar ki, unudulub. Çünki Azərbaycan cəmiyyətində əsas seçkilərin prezident və parlament seçkiləri olduğu fikri formalaşıb. Ən sonuncu diqqət bələdiyyə seçkilərinədir. Biz bu seçkilərin hər üçünün də çox vacib olduğunu hesab edirik. Hər bir siyasi qurum bu üç siyasi prosesdə fəal iştirak etməyə çalışmalıdır. Bizim gələcək parlament seçkiləri ilə bağlı hələ ki müzakirələrimiz gedir. Onunla bağlı tələsik qərarlar verməyə ehtiyac duymuruq.

“Qurmaq nə qədər çətindirsə, qoruyub saxlamaq ondan da çətindir”

- Ümumiyyətlə, müxalifətdə yeni koalisiyanın yaranmasına ehtiyac varmı?

- Cəmiyyətdə belə bir ümumi fəlsəfi yanaşma var ki, nə qədər böyük birlik olsa, bir o qədər yaxşıdır. Hamı bir araya gəlsə yaxşı olar. Amma təəssüflər olsun ki, Azərbaycan reallığında bunu həyata keçirmək çox çətindir. Nadir hal kimi ötən il Milli Şura yarandı və bu qurumun ətrafında müxalifət düşərgəsinin əksər qüvvələri, ziyalıları, gənclər təşkilatları birləşdi. Amma sonrakı proseslər göstərdi ki, bunu qurmaq nə qədər çətindirsə, qoruyub saxlamaq ondan da çətindir. Buna görə də yeni koalisiyalara ehtiyacın olmasına birmənalı olaraq cavab vermək çətindir. Çünki təcrübədə görmüşük ki, bir neçə güc mərkəzi seçkilərə qatılır, hər kəs öz elektoratını, tərəfdaşlarını fəallaşdırır, eyni zamanda bir-biri ilə əməkdaşlıq qurursa, bu da müsbət nəticələr verə bilər. Amma ümumi fəlsəfi baxımından, təbii ki, hamının bir araya gəlməsi daha yaxşı olardı.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm