İlham Əliyev Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunu qəbul edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqi qəbul edib.

Publika.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq Azərbaycan Respublikasının Prezidenti ilə görüşdən şərəf hiss duyduğunu qeyd edərək dedi: “Mən Sizin rəhbərliyinizlə ölkənizdə sözün həqiqi mənasında həyata keçirilən uğurlu işlərdən heyranlığımı ifadə edirəm və Sizə təbriklərimi çatdırıram. Azərbaycanda miqrasiya xidməti işləri çox yüksək səviyyədə aparılır və sözsüz ki, cənab Prezident, Sizin dəstəyiniz olmadan bu sahədə uğurlar əldə etmək mümkün olmazdı. Fikrimcə, miqrasiya sahəsində ölkənizdə həyata keçirilən işlər, ümumilikdə, miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə ola bilər”.

Azərbaycan Miqrasiya Xidməti ilə hazırda bir sıra təşəbbüslərin müzakirə edildiyini bildirən qonaq, rəhbərlik etdiyi təşkilatın bu təşəbbüslərin həyata keçirilməsi işinə kömək göstərməsi məsələlərinə baxıldığını da bildirdi. Azərbaycanın digər sahələrdə əldə etdiyi uğurlara toxunan Uilyam Leysi Sinq dedi: “Mən, eyni zamanda, ölkənizin sosial-iqtisadi sahədə əldə etdiyi inkişaf ilə bağlı da təbriklərimi çatdırıram. Mən televiziya vasitəsilə birinci Avropa Oyunlarının keçirilməsini maraqla izlədim. Səfərim zamanı gördüyüm yeni tikilmiş stadion və idmançılar üçün inşa edilən binalar da məni valeh etdi”.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Azərbaycanın artıq mötəbər beynəlxalq tədbirlərin, o cümlədən idman oyunlarının keçirildiyi bir məkana çevrildiyini bildirərək, birinci Avropa Oyunlarına hazırlıq işlərinin qısa vaxt ərzində həyata keçirildiyini vurğuladı və ölkəmizdə artıq Formula-1 və İslam Həmrəyliyi Oyunları kimi böyük idman yarışlarına hazırlıq işlərinin getdiyini qeyd etdi. Dövlətimizin başçısı bu cür tədbirlərin ölkəmizin beynəlxalq aləmdə daha yaxından tanınması üçün gözəl imkanlar yaratdığını bildirdi və Azərbaycanda turizmin inkişafının böyük potensiala malik olduğunu dedi.

Prezident İlham Əliyev qeyd etdi ki, bir neçə il bundan əvvəl Azərbaycanda müstəqil struktur kimi Miqrasiya Xidməti yaradılan vaxt dünyada miqrasiya məsələləri bugünkü qədər aktual deyildi, lakin biz gələcək inkişaf proseslərini qabaqcadan proqnozlaşdıraraq miqrasiya ilə bağlı idarəetmə, tənzimləmə prinsiplərini özündə əks etdirən effektiv qurum yaratdıq ki, Azərbaycanda olan miqrantlar özlərini rahat şəraitdə hiss etsinlər və eyni zamanda, bu məsələlər daxili prosedurlara uyğun şəkildə nizamlansın. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanda demoqrafik şəraitin müsbət istiqamətdə inkişaf etməsi və ölkəmizin böyük işçi qüvvəsinə malik olması nəzərə alınmaqla miqrasiya ilə bağlı məsələlər dövlətin daim diqqət mərkəzindədir.

Görüşdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə Azərbaycan Dövlət Miqrasiya Xidməti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm