Müxalifətdə yenə “vahid namizəd” davası: REAL-ın Müsavatla ittifaqı pozulur
Bizi izləyin

Nida.az

Müxalifətdə yenə “vahid namizəd” davası: REAL-ın Müsavatla ittifaqı pozulur

Ötən həftə parlament seçkilərində birgə hərəkətlə bağlı razılaşmaya gələn Müsavat Partiyası ilə REAL arasında qarşıdurma yaranıb.


Publika.az xəbər verir ki, Məclis üzvü Mustafa Hacıbəyli ilə REAL İdarə Heyətinin üzvü Azər Qasımlı arasında sosial şəbəkələrdə gərginlik yaşanıb.


Mustafa Hacıbəylinin bu qüvvələrin seçkilərə birgə getməsinə dair təbliğatına Azər Qasımlı ciddi etiraz edib: “Müsavatla REAL-ın yalnız texniki məsələlərdə əməkdaşlığı mümkündür. Verilən birgə bəyanat da onu ehtiva edir. Vahid namizəd mövzusunda heç bir müzakirə və ya birgə qərar ola bilməz!”


M. Hacıbəyli isə qarşı tərəfə cavab olaraq məsləhət bilib ki, verilən birgə bəyanatla tanış olsun, həmin sənədə baxsın: “Məncə, bəyanatı oxumaq yaxşı olar. Burada söhbət seçkilərdə birgə müşahidə aparmaqdan, fəaliyyəti uzlaşdırmaqdan gedir. Biz mübarizə naminə seçkilərə qoşulmuşuq. Və bu prosesdə olan qüvvələrin, insanların əməkdaşlığı təbii haldır”.

Müsavat başqanının müavini Səxavət Soltanlı da yaşanan bu gərginliyə münasibət bildirib.


“Bu müzakirə, məncə, tərəflərin niyyətinə adekvat deyil. Texniki məsələləri - mətni kim yazıb, kim oxuyub, kim düzəliş edib, təklifi kim irəli sürüb, təşəbbüs kimdən gəlib kimi məsələləri kənara qoyaq. Biz Müsavat olaraq bu təşkilatlarla bu bəyanata imza atmağı indiki şəraitdə mümkün və doğru hesab etdik. Nəzərə alsaq ki, qarşıdan gələn günlərdə birgə müşahidə edəcəyik, bu da cəmiyyətin marağı baxımından doğrudur, burada alqışlanası məqamları önə çəkmək lazımdır. Vahid namizəd məsələsi boş söhbətdir”, - deyə o qeyd edib.

REAL-ın icraçı katibi Natiq Cəfərli isə bildirib ki, burada söhbət Müsavata inam məsələsindən getmir: “Bu, inam söhbəti deyil, sırf seçki dönəmini əhatə edir, ancaq seçkiyə nəzarətdə birgə fəaliyyəti ehtiva edir”.


N. Cəfərli əlavə edib ki, onlar siyasətə ciddi yanaşırlar: “Bu, müttəfiqlik deyil, blokda əməkdaşlıq deyil. Mətn açıq və dəqiqdir. Mətni də biz yazmışıq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm