İlham Əliyev Sankt-Peterburqun qubernatorunu qəbul edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Sankt-Peterburqun qubernatorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev qubernator Georgi Poltavçenkonun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Sankt-Peterburq şəhəri ilə gələcək əməkdaşlığın möhkəmləndirilməsi və bütövlükdə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğuladı. Dövlət başçıları, nazirlər və digər səviyyələrdə qarşılıqlı səfərlərin və görüşlərin önəmini qeyd edən Prezident İlham Əliyev bu cür müsbət əlaqələr fonunda regional əməkdaşlığın möhkəmləndirilməsinin zəruri olduğunu dedi. Bu günlərdə Rusiyanın Yekaterinburq şəhərində keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumuna toxunan dövlətimizin başçısı bu tədbirin artıq ənənəyə çevrildiyini vurğulayaraq Forumun regionların əməkdaşlığı ilə yanaşı, iqtisadi layihələrin həyata keçirilməsi baxımından da əhəmiyyətli olduğunu qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Rusiyanın Sankt-Peterburq şəhəri arasında əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi.

Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenko doğulduğu və onun üçün doğma olan Bakının son illər ərzində çox sürətlə inkişaf etdiyini məmnunluq hissi ilə vurğuladı. Bakıda keçirilən birinci Avropa Oyunlarının ölkəsində böyük maraqla izlənildiyini deyən qubernator şəxsən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tədbirə hazırlığın yüksək səviyyədə və keyfiyyətlə həyata keçirilməsinin mümkün olduğunu dedi. Sankt-Peterburq şəhəri ilə əməkdaşlıq məsələsinə toxunan Georgi Poltavçenko bu əməkdaşlığın ənənəvi olaraq həmişə səmimi münasibətlərə əsaslandığını qeyd etdi. Özündən əvvəlki qubernator Valentina Matviyenkonun bu əməkdaşlığa böyük önəm verdiyini vurğulayan Georgi Poltavçenko əlaqələrimizin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi. O, Sankt-Peterburq şəhərinin Azərbaycan ilə iqtisadi, ticarət və digər sahələrlə yanaşı, gəmiqayırma sektorunda da əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm