Bakıda seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələrinə dair seminar-müşavirə keçirilir – FOTOLAR
Bizi izləyin

Nida.az

Bakıda seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələrinə dair seminar-müşavirə keçirilir – FOTOLAR

Bu gün Bakıda Azərbaycan Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının təşkilatçılığı və KİV rəhbərlərinin iştirakı ilə “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilir.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, Milli Məclisə seçkilərdə iştirakla bağlı namizədlərin irəli sürülməsi prosesi artıq başa çatmaq üzrədir. Bu gün saat 18.00-dək bütün şəxslər öz namizədlikləri ilə bağlı tələb olunan sənədləri Dairə Seçki Komissiyalarına (DSK) təqdim etməlidirlər. DSK isə bu həftə ərzində öz qərarlarını verməlidir.

Prezident İlham Əliyevin şəffaf seçkilərin keçirilməsi ilə bağlı ortaya qoyduğu iradənin təqdirəlayiq hal olduğunu diqqətə çatdıran M.Pənahov bildirib ki, seçkilərin şəffaf keçirilməsində kütləvi informasiya vasitələrinin (KİV) rolu böyükdür:

“Çalışırıq ki, seçkilərlə bağlı kimin fikri varsa, ortaya qoysun. Bütün məsələlər aydınlaşdırılmalıdır. Mətbuatın bu işdə rolunu xüsusi vurğulamaq lazımdır. Təşviqat kampaniyasından öncə deputatlığa namizədlərin təşviqatla məşğul olması yolverilməzdir: “Biz bu məsələləri diqqətdə saxlayırıq. Ölkədə keçirilən seçkilərə həssas, ciddi yanaşırıq. Əlimizdən gələni etməliyik ki, seçki prosesinə kölgə salınmasın”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə çıxışında mətbuatın seçki prosesindəki rolundan danışıb: “Mətbuat seçkilərin keçirilməsində cəmiyyətin, siyasətçilərin fikrini formalaşdırır, seçkilərin şəffaf keçirilməsində mühüm rol oynayır. Azərbaycanda bu il parlament seçkiləri ilidir, hər bir seçki müəyyən sahələrin birgə fəaliyyətindən təşkil olunur. Azərbaycanda müstəqillik dövründə 15-ə qədər seçki keçirilib. Bu işlərdə mətbuatın iştirakı təmin olunub. Burada şəffaflıq təmin edilib. Ümumən, seçkilərin əksəriyyəti şəffaf keçirilib. Düzdür, müəyyən qədər qüsurlar olub, bundan kimsə sığortalanmayıb. Bu, ictimai-siyasi mühitdən və seçki üçün yaradılmış prosesdən asılıdır. Azərbaycanda hüquqi siyasi proses olan seçkilər üçün bütün şərait yaradılıb. Mətbuat tam müstəqildir . Mətbuat siyasi partiya olaraq seçkiyə qatılmır. Ona görə də jurnalist vəsiqəsi kifayət edir ki, seçkini izləyə bilsinlər. Mərkəzi Seçki Komissiyası müstəqildir. Bəzən Mərkəzi Seçki Komissiyasının verdiyi rəylərə şübhə ilə yanaşırlar. Amma Mətbuat bu məsələni də diqqətdə saxlamalıdır.

Mətbuat deputatlığa namizədlərə bərabər şərait yaratmalıdır. Deputatlığa namizədlərdən biri pul verirsə, o biri vermirsə, burada qərəzə yol vermək olmaz. Balans qorunmalıdır”.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu jurnalistlər üçün seçki prosesi ilə bağlı treninqlər keçirildiyini bildirib: “Seçkilərin normal şəraitdə keçirilməsi üçün bu istiqamətdə işlər davam etdirilir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm