İlham Əliyev Ucardadır - YENİLƏNİB
Bizi izləyin

Nida.az

İlham Əliyev Ucardadır - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfər edib.

Dövlətimizin başçısı əvvəlcə Ucar şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov abidənin ətrafında görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı ərazidə son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bura rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da “Ucar Aqro” MMC-nin quşçuluq sənaye kompleksi ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, müəssisənin illik quş əti istehsalı gücü 9,5 min ton təşkil edir. Müəssisədə 65 çeşiddə istehsal edilən quş əti məhsulları “Mərcan” brendi ilə təqdim olunur.

Qeyd edildi ki, əsas istehsal prosesi beş sahədə - kəsim, şoklama, soyutma, bölünmə və qablaşdırma sahələrində aparılır.

Sonra Prezident İlham Əliyevə Aran iqtisadi rayonu üzrə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən investisiya layihələri barədə məlumat verildi.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Prezident İlham Əliyevə məlumat verdi ki, Aran iqtisadi rayonu üzrə 11 min 400-dək sahibkara 620 milyon manat civarında kredit verilib. Bunun 445 milyon manatını güzəştli kreditlər təşkil edir.

Daha sonra dövlətimizin başçısı quş əti emalı müəssisəsində və quş yetişdirmə fabrikində yaradılan şəraitlə tanış oldu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, yeni xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılıb. Bu ərazinin 1,2 hektarında 4 korpusdan ibarət ikimərtəbəli kompleks tikilib. Xəstəxana kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

Prezident İlham Əliyev tibb ocağında yaradılan şəraitlə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər quraşdırılıb.

Kompleksə cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, ginekologiya, reanimatologiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinatal mərkəz, laboratoriya, təcili tibbi yardım stansiyası və inzibati korpus daxildir. Xəstəxana 118 çarpayılıqdır. Şöbələrin hamısı ən müasir tibbi avadanlıqla təmin olunub.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

***

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, üçmərtəbəli binanın tikintisinə bu ilin əvvəlində başlanılıb və inşaat işləri oktyabr ayında başa çatdırılıb. Ərazisi 2 min kvadratmetr olan Ucar Gənclər Mərkəzi respublikada ən böyük gənclər mərkəzlərindən biridir.

Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzin foyesində gənclərə daim diqqət göstərən ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin Ulu Öndərin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış oldu.

Burada qurulan 7D formatlı kinozal orijinallığı ilə diqqəti cəlb edir. Xarici ölkələrdə istehsal olunan müasir avadanlıqların quraşdırıldığı zalda 7D formatlı filmlərin nümayişi üçün hər cür şərait yaradılıb. Elektron kitabxana və konfrans zalı da bütün lazımi avadanlıqla təchiz olunub. Burada, həmçinin atıcılıq salonu da təşkil edilib. Ən son avadanlığın quraşdırıldığı salonda gənclərin bu sahədə ibtidai hazırlıq keçmələri və onların interaktiv, pnevmatik silahlardan atəşaçma bacarıqlarının yüksəldilməsi üçün məqsədyönlü işlər aparılacaq.

Bildirilib ki, mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır . Mərkəzdə kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Akt zalı müasir üslubda qurulub. Burada gənclər üçün müxtəlif mövzularda tədbirləri keçirmək mümkün olacaq. Mərkəzdə gənclər kafesi də fəaliyyət göstərəcək. Bundan əlavə, mərkəzdə Prezident İlham Əliyevin gənclər siyasətini əks etdirən fotoguşələr yaradılıb. Yaradıcılıq mərkəzində gənclər həm sənət öyrənəcək, həm də onların əl işləri sərgilənəcək. Respublikada ilk dəfə olaraq bu mərkəzdə Aşıq məclisi və poeziya dərnəyi yaradılıb.

Qeyd edilib ki, mərkəzdə gənclərin istirahətini təmin etmək üçün stolüstü oyunlar, eləcə də kafe, bar, internet klub, internet kafe də fəaliyyət göstərir. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcək. Burada yaradılan şərait gənclərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verəcək. Mərkəz, həmçinin gənclərin ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaq.

Dövlətimizin başçısı mərkəzin imkanlarından səmərəli istifadə edilməsi barədə tapşırıq və tövsiyələrini verdi.

***

Oktyabrın 6-da Ucar rayonuna səfəri zamanı Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, partiyanın inzibati binasının tikintisi yüksək standartlara uyğun həyata keçirilib. Ümumi sahəsi 600 kvadratmetr olan bina müasir inventar və avadanlıqla təchiz olunub.

Binanın foyesində Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət guşə var. Binanın 110 nəfərlik akt zalında partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirilə bilər. İnzibati otaqlarda səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılıb.

Yeni Azərbaycan Partiyasının bölgələrdəki qurumları arasında Ucar rayon təşkilatı da fəaliyyəti ilə seçilir. 1993-cü ildə qurulan təşkilat hazırda 4 mindən çox siyasi həmfikiri bir araya toplayıb və onun üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verirlər, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər. Partiyanın rayon təşkilatının üzvlərinin 35 faizini gənclər, 50 faizini isə qadınlar təşkil edir.

Ölkənin avanqard partiyasının rayon təşkilatları üçün bu cür müasir inzibati binaların tikilməsi ilk növbədə işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələrinə hesablanıb. Bu, eyni zamanda, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikanın ağır günlərində yaranan, çətin və şərəfli yol keçən, ölkənin çiçəklənməsində mühüm xidmətləri olan Yeni Azərbaycan Partiyasına dövlətimizin göstərdiyi diqqəti nümayiş etdirir.

***

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib.

Dövlətimizin başçısı muzeyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi sahəsi 650 kvadratmetr olan bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub.

Bu gün ölkəmizdə bir sıra yeni muzeylər tikilir, eləcə də mövcud olanları əsaslı şəkildə yenilənir. Qədim tarixi olan və geniş turizm potensialına malik Azərbaycan üçün bu cür muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu sırada Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün tikilən yeni binanı göstərmək olar. Qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından Ucar Tarix-Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm də Ucarın tarixini əks etdirən və turistlər üçün böyük maraq doğuran çoxlu sayda eksponat var. Bu eksponatlar bölgənin tarixini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Bütün bunlar onu göstərir ki, ölkədə muzey işinin təşkilində əhəmiyyətli uğurlar qazanılıb. Gənc nəslin tarixi keçmişimizə maraq göstərməsini təmin etmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından muzeylərin böyük rolunu nəzərə alaraq bu sahədə tədbirlərin daha da gücləndirilməsinə böyük diqqət göstərilir və bu məsələdə Ucar Tarix-Diyarşünaslıq Muzeyi xüsusi yeri ilə seçilir.

Ucar şəhərinin mərkəzində orijinal layihə əsasında inşa olunan Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası xüsusi dizaynı ilə də diqqəti çəkir.

***

Azərbaycan Respublikasının Prezident İlham Əliyev oktyabrın 6-da yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında iştirak edib.

“Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlətimizin başçısına Göyçay-Ucar avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 3-cü texniki dərəcəli bu yolun uzunluğu 20 kilometrə yaxındır. Eni 12 metr olan yolda iki hərəkət zolağı var. Yol üzərində müxtəlif qovşaqlar, həmçinin bir dəmiryol körpüsü yerləşir. Bu yol Göyçay-Ucar istiqamətində avtomobillərin rahat hərəkətini təmin etməklə yanaşı, bölgədə gedən iqtisadi inkişaf proseslərinə də öz təsirini göstərəcək.

Dövlətimizin başçısı rəmzi açılışını bildirən lenti kəsdi.

Bu gün Azərbaycanda yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Ölkəmizin ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yolların müasir standartlar səviyyəsində tamamilə yenidən qurulması ilə yanaşı, regionları, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsirini göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm