Kəşfiyyat mərkəzi Qarabağ planını de-şifrə etdi: Moskva nə istəyir, Vaşinqton nə...
Bizi izləyin

Nida.az

Kəşfiyyat mərkəzi Qarabağ planını de-şifrə etdi: Moskva nə istəyir, Vaşinqton nə...

“Neftlə zəngin Cənubi Qafqaz-Xəzər hövzəsi ilə Yaxın Şərq arasında geosiyasi mübarizələr başqa mərhələyə keçdi. Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ münaqişəsi kiçikdir, lakin Xəzər-Qafqaz qövsünün aparıcı bloku olaraq qalır”.


Publika.az xəbər verir ki, bu barədə “Cənub cəbhəsi” (South Front) kəşfiyyat və analitik mərkəzinin Dağlıq Qarabağla bağlı təhlil materialında deyilir.


“Azərbaycan rəhbərliyi Qarabağın azad olunmasını rəsmi prioritet elan etdi”


Dağlıq Qarabağla bağlı məqalədə münaqişənin tarixindən bəhs edilir. Bildirilir ki, Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsi ilə nəticələnən münaqişə 1994-cü ildə bağlanan atəşkəslə dondurulub: “İrəvan hazırda Dağlıq Qarabağa nəzarəti əldə saxlamağa çalışır. Buna baxmayaraq, Azərbaycan ərazilərini hərbi yolla olsa belə geri qaytarmaq fikrindən daşınmayıb. Bölgəyə güclü təsirə malik olan Rusiya hər iki ölkə ilə münasibətlərini qorumağa çalışır. Lakin bu münasibətlərdə Ermənistanla Azərbaycan arasında bir neçə kritik fərq var. 5 min rus hərbçisi Ermənistandakı hərbi bazada xidmət edir və bu ölkə Moskvadan asılıdır. Azərbaycan yeni minillikdə Türkiyə və ABŞ-a daha yaxın hərəkət edirdi. Eyni zamanda var gücü ilə milli silahlı qüvvələrini silahlandırmağa kökləndi. Bakının müdafiə xərcləri Ermənistanın dövlət büdcəsini kölgədə qoydu. Azərbaycan rəhbərliyi Dağlıq Qarabağın azad olunmasını rəsmi prioritet elan etdi. Lakin Rusiyaya görə indiyə qədər regionda tammiqyaslı hərbi əməliyyatlardan çəkinir. Yaxın zamanlarda isə Azərbaycanla Avropa Birliyi arasında əlaqələr soyudu. Bakı ABŞ ilə münasibətlərdə dost olaraq qalır. Azərbaycan bir tərəfdən ABŞ kapitalı, siyasi dəstəyi və texnologiyalarından yararlanır, digər tərəfdən, daxili stabilliyini qoruyur, həmçinin, Rusiya ilə iqtisadi və siyasi münasibətlərini genişləndirir”.


“Qlobal və regional qüvvələr münaqişənin gərginləşməsində maraqlı tərəf kimi çıxış edirlər”


Təhlildə qeyd olunur ki, Cənubi Qafqazda, Yaxın Şərqdə və Cənubi Asiyada beynəlxalq vəziyyətin pisləşməsi mövcud status-kvonun sürətlə dəyişməsinə səbəb olur: “Eyni zamanda, son dövrlər təmas xəttində gərginlik kəskinləşir. Qlobal və regional qüvvələr sanki münaqişənin gərginləşməsində maraqlı tərəf kimi çıxış edirlər. Bu, bulanıq suda yaxşı balıq ovlamağa bənzəyir. ABŞ qaz və neft tranzitində əsas gücü ələ almaq üçün Cənubi Qafqazda möhkəmlənməyə can atır. Həmçinin Ermənistanın Rusiya ilə yaxınlığını laxlatmaq üçün bu ölkədə stabilliyi pozmağa cəhdlər edir. Hazırda bu cəhdlər alınmır. Lakin Ermənistanda Amerikapərəst güclər iqtidara gələrsə, rus hərbçilərinin bu ölkədə yolu bağlanacaq, yaxud ən azından onlara problemlər yaradılacaq. Beləliklə, Dağlıq Qarabağda etibarsız sülhü saxlayan tək güc bilavasitə öz təsirini itirəcək”.


Rusiya diplomatik uğur qazanır, lakin...


Mərkəz son dövrlər Rusiyanın münaqişənin həlli üçün diplomatik səylərini artırdığına diqqət çəkir.

“Moskva indiyə qədər görünməmiş diplomatik səylərə başlayıb. Son aylarda Bakı və Moskvanın yüksək səviyyəli məmurları bir neçə dəfə görüşüb. Həmçinin erməni məmurları Rusiyanı mütəmadi olaraq ziyarət edirlər. İlkin görüntü Rusiyanın diplomatik uğur qazanmasıdır”, - deyə məqalədə qeyd olunur.


“Bu proses müharibənin başlanmasına səbəb olacaq...”


Eyni zamanda diqqətə çatdırılır ki, hər şeyə rəğmən Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzərindən gərginlik yeni mərhələyə daxil oldu: “Hər iki tərəf son aylar hərbi hücumlarını davam etdirir. Müasir dövrdə Qafqaz regionunda kövrək sülhü saxlayan siyasi ittifaqlar və münasibətlərin ziddiyyətləri üzə çıxır. Bu təxribatçı proses müharibənin başlanmasına səbəb olacaq və daha sonra bütün Xəzər regionunda stabilliyi pozacaq. Azərbaycanın ictimai rəyi müharibədən yanadır. Belə bir vəziyyətdə Vaşinqtonun taktiki məqsədi Yaxın Şərqdə hərbi əməliyyatlar üzərində sövdələşərkən Rusiyanın qarşısında əsas tuzu əldə etmək və Cənubi Qafqazda yaranacaq qeyri-sabitlikdən istifadə edərək Moskvanı Əsədin arxasından geri çəkilməyə məcbuir etməkdir”.


Qeyd edək ki, “South Front” mərkəzi Yaxın Şərq, Ukrayna, Mərkəzi Asiya və dünyanın bir çox bölgələrində münaqişələri araşdıraraq ictimaiyyətə əsl həqiqəti çatdırmaq məqsədilə müxtəlif ölkələrdən olan analitiklər tərəfindən yaradılıb. Mərkəz özünü “Wikileaks” saytının davamçısı kimi təqdim edir. Lakin “Wikileaks”dən fərqli olaraq, burada daha çox hərbi, siyasi analizlər yayımlanır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm