MSK "Trenerlər üçün treninq"lərə başlayıb
Bizi izləyin

Nida.az

MSK "Trenerlər üçün treninq"lərə başlayıb

Bu gün Bakıda Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən "Trenerlər üçün treninq"lər işə başlayıb.

Publika.az-ın məlumatına görə, tədbir Milli Məclisə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində təşkil olunub.

Tədbirdə MSK rəsmiləri də iştirak edir.

Cari ildə Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar 2 mərhələli treninq layihəsi hazırlanıb. Artıq start verilmiş birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə keçirilməsi və 4 gün davam etməsi nəzərdə tutulur. Əyani vəsaitlərdən istifadə edilməkə keçirilən “Trenerlər üçün treninq”də iştirakçılar səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə məlumatlandırılır. Tədbir zamanı həmçinin MSK-nın Treninq qrupunun mütəxəssisləri tərəfindən seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı praktiki məşğələlər keçirilir, "Seçki günü məntəqə seçki komissiyalarının rol və vəzifələri”, "Seçki günü prosesləri və müstəsna hallar”, "Səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması” və "Əvvəlki treninqlərdə qazanılmış təcrübə, seçki dairələri üzrə treninqlərin formatı və təşkil olunması” mövzularında təqdimatlar edilir, müzakirələr aparılır və meydana çıxan suallar cavablandırılır.

Treninqlərin 2-ci mərhələsi olan aşağı seçki komissiyaları üzvlərinin treninqinə oktyabrın 12-dən başlanacaq və treninqlər mövcud seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında baş tutacaq. Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin keyfiyyətinin daha da artırılması məqsədilə MSK-nın Treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli hazırlanıb və kiçik qruplar şəklində - hər treninq sessiyasında 36 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Bu mərhələ seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir neçə həftə davam edəcək və treninqlər zamanı hər bir aşağı seçki komissiyası üzvünə MSK tərəfindən hazırlanmış "Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunacaq.

Genişmiqyaslı maarifləndirmə tədbiri olan treninqlər, ümumilikdə 30000-dən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir.

Xatırladaq ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının daha da artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyan və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində gerçəkləşdirilən treninq layihəsinin əsası hələ 2002-ci ildə qoyulub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm