Novruz Məmmədov: “Dağlıq Qarabağ münaqişəsi geosiyasi oyunların “bəhrəsidir”
Bizi izləyin

Nida.az

Novruz Məmmədov: “Dağlıq Qarabağ münaqişəsi geosiyasi oyunların “bəhrəsidir”

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyədə ingilis dilində nəşr olunan “Caucasus İnternational” jurnalına müsahibə verib.


Publika.az xəbər verir ki, PA rəsmisi müsahibəsində Dağlıq Qarabağ münaqişəsi, regionda baş verən siyasi proseslər, həmçinin Qərbin yanlış siyasətini şərh edib.


N. Məmmədov bildirib ki, beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsinin sanki “dondurulmasına” cəhdlər var: “Bir çox hallarda bu münaqişəni israrla “dondurulmuş münaqişə” adlandırırlar. Cəbhə xəttində baş verənlərdən narahat olduqlarını diqqətə çatdıran beynəlxalq ictimaiyyət isə münaqişənin əsl səbəblərini araşdırmaq əvəzinə, vəziyyətin “dondurulması”na cəhdlər edir. Münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupunu regiona səfəri isə sanki “turist səfəri”dir. İndiyə qədər ortada ciddi nəticə yoxdur və bu nə vaxta qədər belə davam edəcək?”


Münaqişənin tarixi və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal faktından danışan PA rəsmisi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin yaranması geosiyasi oyunların “bəhrəsidir”. Onun sözlərinə görə, belə oyunlar davam etdiyi dövrdə münaqişə həll olunmayacaq.


“Moldova, Gürcüstan və Ukraynada baş verənlər də məhz bunun təzahürüdür. Minsk qrupu nə işə məşğuldur? Onlar sadəcə olaraq regiona səfər edir və fəaliyyət görüntüsü yaradırlar. Doğrudur, həmsədrlər müəyyən səy göstərir, bəyanatlar, təkliflər səsləndirirlər. Amma irəli sürülən təşəbbüslərə də Ermənistan tərəfi maneələr yaradır. Görünür, vəziyyətin belə davam etməsi müəyyən dairələrə sərf edir. Münaqişənin həlli faktiki olaraq, Minsk qrupunun monopoliyasına çevrilib. Hər dəfə münaqişənin həlli ilə bağlı hansısa müstəvidə əməli addımlara səy göstəriləndə, “bununla Minsk qrupu məşğul olur” deyə mövqe bildirilir. Digər tərəfdən isə həmsədrlərdən qəti mövqe tələb olunanda, “problemi münaqişə tərəfləri özləri həll etməlidirlər və biz istənilən həll variantını dəstəkləyəcəyik” kimi yanaşmalar sərgiləyirlər”, - deyə PA rəsmisi bildirib.


N. Məmmədov vasitəçilik missiyasının mahiyyətində dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırıb: “Ermənistan işğalçı ölkə olduğunu etiraf etməli və təcavüz siyasətindən əl çəkməlidir. Lakin biz bunu müşahidə etmirik. Danışıqların bu səviyyədə davam etməsi rəsmi Bakını qane etmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, danışıqlar naminə danışıqlar aparılmayacaq, Azərbaycan heç bir vaxt torpaqlarının bir qarışının da erməni işğalı altında qalmasına razı olmayacaq və gec-tez öz torpaqlarını azad edəcək. Bununla bağlı həm sülh yolu, danışıqlar yolu, həm də bütün başqa yollar öz qüvvəsində qalır. Hesab edirəm ki, həm Ermənistanın, həm də Minsk qrupu həmsədrlərinin bu reallığı dərk etməsi bütün tərəflər üçün faydalı olar”.

N. Məmmədov müsahibəsində beynəlxalq münasibətlər sistemində yaranmış çatlardan da bəhs edib. Bildirib ki, Qərbin özünün səbəb olduğu və yaratdığı proseslər sonradan özünə qarşı çevrilir.


Müsahibənin orijinalı ilə bu linkdə tanış ola bilərsiniz: (http://cijournal.az/post/colloquy-with-novruz-mammadov-on-crises-of-international-law-and-governance-causes-and-consequences-102)


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm