ABŞ-ın dünyadakı rolunda Azərbaycanın əhəmiyyəti – FOTOLAR
Bizi izləyin

Nida.az

ABŞ-ın dünyadakı rolunda Azərbaycanın əhəmiyyəti – FOTOLAR

ABŞ-ın Yuta ştatının paytaxtı Solt Leyk Siti şəhərində yerləşən Yuta Universitetində konqresmen Kris Stüartın təşəbbüsü ilə “ABŞ-ın dünyada rolu” adlı tədbirdə Azərbaycanın regional və geosiyasi əhəmiyyəti müzakirə edilib.


Azərbaycanın ABŞ-dakı səfirliyindən Publika.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə başlayan konqresmen Stüart Azərbaycanın Şərq və Qərbin kəsişməsində yerləşdiyini bildirib. Ölkəsinin Azərbaycanın strateji əhəmiyyətini daha dərindən anlamalı olduğunu qeyd edən konqresmen, Azərbaycanın tarixən dünyanın enerji təchizatında əhəmiyyətli rolunun olduğunu qeyd edib, hazırda da həmin rolun Avropanın enerji təhlükəsizliyində qabarıq əks olunduğunu vurğulayıb.

Tədbirə əsas natiq qismində qatılmış səfir Elin Süleymanov bir çox mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın tarixən tolerant və sülhsevər cəmiyyət olduğunu vurğulayıb, ölkədə demokratik dəyərlərin hələ bir çox qabaqcıl Avropa ölkələrindən daha öncədən mövcud olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, dünyanın bir çox nöqtələrində dözümsüzlüyün cərəyan etdiyi halda, Azərbaycanda bütün xalqların nümayəndələrinin azad və anlaşma şəraitində yaşadığını misal olaraq göstərib.

Dünyada baş verən hadisələrin fonunda Azərbaycanda müxtəlif dini qrupların birgəyaşayışının, insanların dini mənsubiyyətinə görə diskriminasiya olunmamasının, habelə bütün qadınların və azlıqların hüquqlarının tam təmin olunmasının bir çox cəmiyyətlər üçün misal ola biləcəyini söyləyən səfir Süleymanov, məhz bu yanaşmanın Azərbaycanın strateji əhəmiyyətini daha da artırdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.


Konqresmen Stüartın ölkəmizin strateji əhəmiyyəti barədə fikirlərinə istinadən E. Süleymanov Azərbaycanın aparıcı rolu ilə əhəmiyyətli regional layihələrin həyata keçirildiyini qeyd edib. O, Bakı-Tbilsi-Ceyhan əsas ixrac neft boru kəməri və Cənub Qaz Dəhlizi kimi regional layihələrin Azərbaycanı bir tərəfdən Avropanın enerji təhlükəsizliyinin təminatçısına, digər tərəfdən, iqtisadi və loqistik mərkəzə çevirməkdə olduğunu söyləyib.

E. Süleymanov çıxışı zamanı regionun üzləşdiyi əsas problemlərə də toxunub, bu sırada Azərbaycan ərazilərinin hələ də Ermənistan tərəfindən işğalının davam etməsini əsas faktor kimi göstərib.

Ölkəmizlə ABŞ arasında uzun müddətdir ki, yaxın tərəfdaşlığın olduğunu vurğulayan səfir, beynəlxalq terrorizmə qarşı mübarizədə və beynəlxalq enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın etibarlı tərəfdaş olduğunu xatırladıb.

Dünyada dəyişən dinamikalardan misallar gətirən səfir Süleymanov, regionda qeyri-sabitlik və ekstremizmin artdığını qeyd edib, bu halda ABŞ-ın davamlı və uzunmüddətli strateji yanaşmasını qısa müddətli taktiki addımlardan üstün tutmasının vacibliyini vurğulyıb.

Nüfuzlu ekspertləri bir araya gətirən konfransda, eləcə də Yuta Ştatının qubernatoru, ABŞ Qubernatorlarının Milli Assosiasiyasının rəhbəri Qari Herbert, ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general mayoru Kevin Sullivan, Kolumbiyanın ABŞ-dakı səfiri Xuan Karlos Pinzon və digər tanınmış simalar iştirak ediblər.

Konfrans sonrasında səfir Elin Süleymanovun Ştatın Qubernatoru Qari Herbert ilə görüşü keçirilib. Görüş zamanı regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb, ştatla Azərbaycan arasında ikitərəfli iqtisadi münasibətlərin qurulması imkanları müzakirə edilib. Qubernator səfir Süleymanovla əvvəlki görüşlərini xatırladaraq onun yenidən Yuta ştatına səfər etməsindən məmnunluğunu ifadə edərək, bunun münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli olduğunu qeyd edib.


Eyni gündə E. Süleymanov Yuta ştatının yerli senatoru və Senatda azlıq rəhbəri Cin Devis ilə görüşü baş tutub. Görüşdə ştatla ölkəmiz arasında münasibətlərin perspektivlərinin müzakirə olunması ilə yanaşı, regional dinamika barədə söhbət aparılıb.


Xatırladaq ki, keçən il məhz senator Cin Devisin təşəbbüsü və Səfirliyin nümayəndə heyətinin iştirakı ilə Yuta Ştatının Nümayəndələr Palatası və Senatında Azərbaycana həsr edilmiş tədbir keçirilib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm