AİHM-nin “erməni soyqırımı” qərarı nələrə presedent olacaq? – ŞƏRH
Bizi izləyin

Nida.az

AİHM-nin “erməni soyqırımı” qərarı nələrə presedent olacaq? – ŞƏRH

Türkiyə, nəhayət ki, ermənilərin 100 illik qondarma “soyqırım” iddialarına qalib gəldi. Belə ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 1915-ci ildə baş verən hadisələrin “soyqırım” olmadığını dilə gətirdiyi üçün İsveçrə dövləti tərəfindən cəzalandırılan Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçəyin lehinə qərar çıxarıb.

D. Perinçək 2005-ci ildə İsveçrədə keçirdiyi konfransda “erməni soyqırımı” iddialarından danışarkən “bu, imperialist bir yalandır” dediyi üçün bu ölkənin məhkəməsi tərəfindən müxtəlif cəzalara məhkum edilmişdi. Bundan sonra partiya sədri qərardan AİHM-ə şikayət etmişdi. AİHM D.Perinçəyin lehinə qərar çıxararaq, bunun “söz azadlığı” haqqına uyğun olduğunu açıqlamışdı. İsveçrə hökuməti daha sonra apelyasiyaya şikayət vermişdi. AİHM tərəfindən 15 oktyabr tarixində çıxarılan qərarda birinci hökm qüvvədə saxlanılıb və D. Perinçək bəraət alıb.


“1915-ci il hadisələrinin həqiqət olması müzakirə mövzusudur. Bu mövzuda hər hansı hüquqi qərar yoxdur. Buna görə də 1915-ci ildə yaşananlar II Dünya müharibəsində baş verən yəhudi soyqırımından fərqlidir. Bu, tarixçilərin araşdırmalı və müzakirə etməli olduğu məsələdir. Ona görə də bu məsələdə parlamentlər və məhkəmələr qərar verə bilməz. 1915-ci il hadisələrinin “soyqırımı” olduğunu inkar etməyin qanunla qadağan olunması və buna görə cəzaların verilməsi söz azadlığına qarşıdır. Bu cür qadağalar və cəzalandırmalar AİHM-nin 17-ci maddəsi ilə dəyərləndirilə bilməz”, - deyə AİHM-in qərarında bildirilir.


Doğu Perinçəy AİHM-nin qərarını alqışlayıb.


“Erməni soyqırımı” böyük yalandır. Bunu indi Avropada da anladılar. Bundan sonra heç kim xaricdə “erməni soyqırımının” inkarına görə türkləri ittiham edə bilməyəcək. Bu qərar Türkiyə üçün böyük qiymətə malikdir”, - deyə qalib siyasətçi bildirib. Onu Türkiyədə əsl qəhrəman kimi qarşılayıblar.


AİHM-nin bu qərarının “erməni soyqırımını” tanıyan ölkələr üçün də keçərli olacağı hesab olunur.


Publika.az xəbər verir ki, Dövlətlərarası münasibətlərin hüquqi nizamlanması mərkəzinin direktoru, rusiyalı ekspert Dmirti Matvey bu qərarın gələcəkdə “erməni soyqırımının” inkarına görə çıxarılan məhkəmə qərarlarında Türkiyənin qalib gəlməsini təmin edəcək: “İlk növbədə qeyd edim ki, hökm Avropa Şurasının bütün üzvlərinə deyil, təkcə İsveçrəyə ünvanlanıb. Bu baxımdan, “erməni soyqırımının” inkarını qanunla qadağan edən digər ölkələrin üzərinə öhdəlik düşmür. Bununla belə, proqnozlaşdırmaq mümkündür ki, bundan sonra AİHM-nin bu qərarına istinad edərək, “erməni soyqırımı”nı inkara görə məsuliyyətə cəlb edilən hər kəs məhkəmədə qalib gələ bilər. Yəni, bu bir presedentdir”.


Ekspert qeyd edib ki, bu qərar gələcəkdə belə bir qanun qəbul edən ölkələrin geri çəkilməsinə də səbəb ola bilər.


“Bu məsələ ilə bağlı qanun qəbul edən ölkələr buna görə tənqidə məruz qaldıqlarını gördükcə, tədricən bu qanunları ləğv edəcəklər. Təbii ki, zamanla baş verəcək”, - deyə o bildirib.


D. Perinçəyin oğlu, tarixçi və politoloq Mehmet Perinçək Türkiyə mediasına açıqlamasında bunu bütün bəşəriyyətin və humanizmin qələbəsi olduğunu deyib: “Bu, həmçinin Türkiyənin böyük qələbəsidir. Hesab edirəm ki, tədricən bütün Avropa ölkələri buna riayət etməyə başlayacaqlar. Hətta AİHM-yə üzv olan Ermənistanda da “erməni soyqırımını” inkara görə heç kəsə cəza verə bilməyəcəklər”.


M. Perinçək AİHM-nin bu qərarının “erməni soyqırımı” yalanının sonu olacağını qeyd edib.


Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov isə hesab edir ki, bu qərar erməni diasporunun qanunsuz fəaliyyətinə və nüfuzlu lobbi qruplarının ermənipərəst davranışlarına maneələr yaradacaq.


“Faktiki olaraq, bu qərar qondarma “erməni soyqırımının” heç bir siyasi, yaxud hüquqi əsasa malik olmadığının sübut etdi”, - deyə o qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm