Arzu Rəhimov hərbi həkim komissiyaları ilə bağlı yeniliklərdən danışdı
Bizi izləyin

Nida.az

Arzu Rəhimov hərbi həkim komissiyaları ilə bağlı yeniliklərdən danışdı

Çağırışçıları müayinə edən hərbi komissiyalarla bağlı yenilik gözlənilir

Məktəblərə təlim silahlar veriləcək - general-leytenant Arzu Rəhimov



Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranmasından iki il ötür. Publika.Az Xidmətin rəisi, general-leytenant c Arzu Rəhimovun AZERİ DEFENCE jurnalına müsahibəsini kiçik ixtisarla təqdim edir.

- Cənab general-leytenant, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından 2 il ötür. Geridə qalan bu iki ili Xidmətin formalaşması və işinin təşkili baxımından necə qiymətləndirmək olar?

- Bildiyiniz kimi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanı ilə müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Dövlət Xidmətinin yaradılmasına, ilk növbədə, ordu quruculuğu prosesinin təkmilləşdirilməsi kimi yanaşmaq lazımdır. Söhbət Azərbaycanda çağırış və səfərbərlik resurslarını tənzimləyən mexanizmin yaradılmasından gedir. Səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində əsas mərhələ vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesidir. Məhz bu baxımdan Xidmətin qarşısında qoyulan ən mühüm vəzifə həqiqi hərbi xidmətə çağırışın qanunlara müvafiq qaydada təşkil edilməsidir. Deyə bilərəm ki, ötən iki il ərzində çağırış və səfərbərlik resurslarını tənzimləyən mexanizmin formalaşdırılması istiqamətində tərəfimizdən mühüm işlər görülüb, ciddi nailiyyətlər əldə olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaq.

- SHXÇDX hazırda işini hansı istiqamətlər üzrə qurur? Hərbi xidmətə çağırış və səfərbərlik işinin təkmilləşdirilməsi istiqamətində hansı işlər qarşıdakı dövrdə hansı işlərin həyata keçirilməsi planlaşdırılır?

- Qeyd edim ki, hazırda Azərbaycanda vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi məqsədilə Xidmət tərəfindən mütəmadi təhlillər aparılır. Çağırış sistemində çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına, yoxlamaların keçirilməsinə nəzarət artırılıb ki, bu da öz növbəsində Xidmətin yerli idarə, şöbə, bölmələrinin və aidiyyəti dövlət orqanlarının həmin sahəyə məsuliyyətlə yanaşmasına və çağırış sistemində şəffaflığın təmin olunmasına zəmin yaradır. Bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq, Xidmət tərəfindən mərkəzləşdirilmiş uçot sistemlərinin təşkil edilməsi, o cümlədən hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sisteminin yaradılması sahəsində işlər həyata keçirilir. Vahid elektron informasiya sistemi vasitəsilə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatı və uçotu aparılacaq. Bu isə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsində mühüm rol oynayacaq.



- Ötən il Azərbaycanda ilk dəfə olaraq hərbi çağırış sistemində elektron xidmətlərin və məlumatlandırmanın təşkilinə başlanıldı. Vətəndaşlarla kontaktsız ünsiyyətin qurulması istiqamətində yüksək dəyərləndirilən bu sistem üzrə hazırda SHXÇDX tərəfindən hansı xidmətlər göstərilir?

- Prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına və “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində şəffaflığın təmin edilməsi, o cümlədən vətəndaşlarla maneəsiz və birbaşa əlaqənin qurulması məqsədi ilə ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytı istifadəyə verilib. Həmin vaxtdan vətəndaşlara Xidmətlə operativ ünsiyyət qurmaq, onları maraqlandıran mövzu və suallarla bağlı informasiya əldə etmək imkanları yaradılıb.
Hazırda SHXÇDX tərəfindən göstərilən elektron xidmətlərin sayı 5-ə çatıb. Ötən il ilk olaraq çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi xidməti istifadəyə verildi. Daha sonra 4 elektron xidmət istifadəçilərə təqdim edildi. Xidmətin internet saytı üzərindən hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu, arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu, itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron qaydada aparılır. Qısa müddətdə bizə sayt üzərindən daxil olan müraciətlərin çoxluğu vətəndaşlar tərəfindən elektron xidmətlərin maraqla qarşılandığını göstərir. Eyni zamanda, elektron xidmətlər bəzi neqativ halların qarşısının alınmasında, fəaliyyətimizdə şəffaflığın təmin olunmasında mühüm rol oynayır.

-Hərbi xidmət və səfərbərlik sahəsində qanunvericilik bazasının yaradılması istiqamətində hansı təklifləriniz var?

- Qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər daimi xarakter daşıyır. Bu məqsədlə inkişaf etmiş ölkələrin müvafiq istiqamətdə qanunvericilik təcrübəsi öyrənilir, mövcud mütərəqqi nümunələr əsas götürülməklə, yerli şərait nəzərə alınmaqla təkliflər hazırlanır. Fəaliyyətimiz dövründə Xidmət tərəfindən qanunlara əlavə və dəyişikliklərlə bağlı 400-dən artıq təklif verilib ki, onlardan da bir çoxu qəbul edilib.

- Silahlı qüvvələr və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələr üçün xüsusi ixtisaslar üzrə mütəxəssislərin hazırlanması istiqamətində hansı işlər görülür?

- Qeyd etməliyəm ki, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təhsil müəssisələrində 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar aidiyyəti dövlət orqanlarının sifarişlərinə əsasən xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb olunurlar. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı Xidmətin yerli idarə, şöbə və bölmələrində mütəxəssis hazırlığı kurslarına göndərilmə və xüsusi hərbi ixtisaslar üzrə hazırlanma məqsədilə onlarla fərdi söhbətlər aparılır. Daha sonra “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis hazırlığı məktəblərində ixtisaslı mütəxəssislərin hazırlanması üçün namizədlər seçilir.

Nəzərinizə çatdırım ki, bir müddət bundan əvvəl “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sabunçu rayon filialı əsaslı təmirdən sonra fəaliyyətə başlayıb. Hazırda Cəmiyyət tərəfindən Silahlı Qüvvələrə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xüsusi hərbi ixtisaslar üzrə peşəkar kadrların hazırlığı aparılır. Gələcəkdə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş ixtisaslar üzrə peşəkar kadrların hazırlanması və ordu sıralarına ixtisaslı mütəxəssislərin göndərilməsi üçün müvafiq tədbirlər görüləcək.

- Orta məktəblərdə çağırışaqədərki hazırlıq fənninin tədrisi ilə bağlı tərəfinizdən hansı yeniliklərin tətbiqi nəzərdə tutulur? Bu istiqamətdə hazırlığı yüksəltmək üçün Sizcə hansı addımların atılmasına ehtiyac var?

- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri yerli dövlət orqanları ilə birgə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, çağırışaqədərki hazırlığı istiqamətində məqsədyönlü iş aparır. Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birgə təsdiq olunmuş plana əsasən, ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsil müəssisələrində hərbi hazırlıq dərslərinin keyfiyyətinin artırılması, bütün məktəblərdə hərbi hazırlıq siniflərinin yaradılması, təhsil müəssisələri üçün ibtidai hərbi hazırlıq və hərbi-vətənpərvərliyə aid normativ sənədlərin, tədris planlarının, yeni dərsliklərin hazırlanması, onların texniki, tədris və əyani vasitələrlə təmin olunması nəzərdə tutulub.

Çağırışaqədərki hazırlıq istiqamətində işlərin təkmilləşdirilməsi daimi xarakter daşıyır və müasir texnologiyalardan istifadə, yeni metodların tətbiqi zəruri məsələ kimi qarşıda dayanır. Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində xidmət edəcək gənclərin fiziki hazırlığı, onların hərbi bilikləri öyrənmələri fəaliyyətimizin mühüm tərkib hissəsidir.
Hazırda Xidmətin tabeliyində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin bazasında atıcılıq tirlərinin bərpa edilməsi, məktəblərin təlim silahları ilə təmin olunması, hərbi hazırlıq fənninin tədrisinin yekun mərhələsində oğlanlarla 3 günlük çöl-təlim məşğələlərinin keçirilməsi, qızların isə tibb bacıları proqramı üzrə məşğələlərini poliklinikalarda və ya xəstəxanalarda keçmələri nəzərdə tutulan işlər sırasındadır. Bütün bunlar gələcəkdə hərbi-vətənpərvərlik tərbiyəsi işinin vəziyyətinin yaxşılaşdırılmasına zəmin yaradacaq.

- Cənab general-leytenant, bir müddət əvvəl ali məktəblərdə hərbi kafedraların bərpa olunacağını söyləmişdiniz. Bu proses nə vaxtdan başlaya bilər?

- Ali təhsil müəssisələrində xüsusi proqram üzrə zabitlərin hazırlanması qaydasının hazırlanması Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilib. Qeyd olunan layihə artıq tərəfimizdən hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

- Son vaxtlar bəzi KİV-lərdə hərbi həkim komissiyalarının fəaliyyətinin qənaətbəxş olmadığı yazılır. Bu istiqamətdə hansı təkmilləşdirmələr aparılır? Xidmətin nəzdində xüsusi tibb müəssisəsinin yaradılacağı barədə məlumatlar həqiqətdirmi?

- Xatırladım ki, çağırış komissiyalarının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibi yerli icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla təsdiq edilir. Qoşun növləri üzrə ilkin təyinat verilərkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilk növbədə sağlam və fiziki cəhətdən hazırlıqlı çağırışçıların seçilməsini əsas götürür. Bununla belə, Xidmət tərəfindən hərbi həkim komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.

- Cənab general-leytenant, ehtiyatda olan zabit kadrlar üçün toplanışların bərpasına nə zamandan başlanacaq?

- Hərbi vəzifəlilərin (ehtiyatda olan zabitlərin) toplanışlara cəlb olunması “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 45-ci maddəsinə əsasən həyata keçirilir. Toplanışların müddətləri və vaxtı bu qanuna uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən müəyyənləşdirilir. Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş hallarda keçiriləcək toplanışların müddətləri və vaxtı məlum olduqdan sonra toplanışlara cəlb olunacaq hərbi vəzifəlilər (ehtiyatda olan zabitlər) məlumatlandırılacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm