Madər Musayevin vəkilləri Binəqədi ağsaqqalları ilə görüşüb
Bizi izləyin

Nida.az

Madər Musayevin vəkilləri Binəqədi ağsaqqalları ilə görüşüb

Hacı Madər Musayevin vəkillərinin seçicilərlə təması bu dəfə Binəqədi kəndinin ağsaqqalları ilə baş tutdu. Madər Musayevin Seçki Qərargahından verilən məlumata görə, ağsaqqallarla məsləhət xarakterli görüşü 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən Milli Məclisə bitərəf namizəd Madər Musayevin səlahiyyətli nümayəndəsi Niyaz Niftiyev açaraq bu görüşün seçki marafonunda xüsusi əhəmiyyət kəsb etdiyini söylədi:

“Oktyabrın 9-dan start götürmüş seçki marafonunda ən dəyərli görüşlərimizdən biri siz ağsaqqallarla məsləhət imkanı qazanmağımızdır. Madər Musayevin Binəqədi qəsəbəsi, eləcə də Biləcəri qəsəbəsi, 9-cu mikrorayon, hətta seçildiyi dairənin ərazisindən kənarda yerləşən Rəsulzadə və Xocahəsən qəsəbələrində gördüyü işlərlə bağlı hamınız yaxşı məlumatlısınız. İndi sizlərin öhdəsinə nə düşür? Ancaq hər birinizin missiyası reallıqlara – Hacı Madər Musayevin xüsusi təşəbbüslə reallaşdırdığı işlərə söykənən, heç bir xüsusi mübaliğəyə ehtiyacı olmayan izahat işləri aparmaqdır. Sizlərin hər birinizin böyük nüfuz sahibi olmağınızın fərqindəyik və buna görə də təkcə namizədimiz Hacı Madər Musayevin təbliğatında deyil, eyni zamanda seçicilərin məntəqələrə gəlməsinin kütləviliyinin təminində yaxından iştirakçı olacağınıza əminik”.

Sonra söz alan namizədin vəkilləri İsfəndiyar Əbdüləzimov, Telman Salmanov, Nəzirməmməd Quliyev namizəd Madər Musayevin gördüyü işlərin təkcə Binəqədi kəndi üçün deyil, bütövlükdə Binəqədi rayonu üçün nə qədər vacib əhəmiyyət kəsb etməsi barədə konkret faktlarla ətraflı məlumat verdilər.

Görüşə gəlmiş kənd ağsaqqalları Əlisəfa Haqverdiyev, Ağasaleh Sadıqov və başqaları da öz çıxışlarında Hacı Madər Musayevin kəndləri üçün gördüyü işlərdən məmnun qaldıqlarını, hamılıqla bu seçkilərdə də ona səs verəcəklərini söylədilər.

Görüş çox yüksək əhval-ruhiyyədə başa çatdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm