Qubad İbadoğlu Azərbaycana qayıdacaqmı?
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu Azərbaycana qayıdacaqmı?

“Qubad İbadoğlu gələn ilin fevral ayında Azərbaycana qayıdacaq”.

Bu barədə Publika.az-a açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədr müavini Səxavət Əlisoy deyib.

Onun sözlərinə görə, Q. İbadoğlunun vətənə dönməməsinə heç bir əsas yoxdur: “Arif Hacılının dəstəsi Qubad bəyin rəhbəri olduğu QHT-nin adını hallandırıb guya onun Azərbaycana qayıtmayacağını deyirlər. Bildirmək istəyirəm ki, Qubad İbadoğlunun rəhbəri olduğu QHT-nin fəaliyyəti tam şəffafdır, özü bu barədə bəyanat verib. Bundan başqa “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasında işləyən birinin qeyri-şəffaf çalışması məntiqə sığışmır”.

ADR sədrinin müavini Avropada yaşayan müsavatçıların mövqeyinə də aydınlıq gətirib.

Onun sözlərinə görə, Avropadakı müsavatçılar Arif Hacılını Müsavat başqanı kimi qəbul etmirlər: “Əksinə ADR-i dəstəkləyirlər. Sosial şəbəkələrdə “Mühacir müsavatçılar” qrupu var. Müsavatda vəsiqə alveri məsələsi ortaya çıxanda onlar narahat oldular, məsələnin mediada geniş yer aldığını görəndən sonra Arif Hacılının tapşırığı ilə bəyanat hazırladılar və guya məni ittiham etmək istədilər. Qrupun 39 üzvü var, cəmi 7 nəfər həmin bəyanata imza atmışdı, təşkilatçı da Eldəniz Yusibov idi. Oğlu və başqa dörd nəfər imza atmışdı. Mənə həmin adamlar zəng edib nəyə imza atdıqlarını bilmədiklərini söylədilər. Bəyanatda guya hakimiyyətin mənim əlimlə Müsavatı parçalamaq iddiasını ortaya qoymuşdular. Mentalitetimizə uyğun şəkildə onlara mesajlarımı göndərdim, bildirdim ki, ortaya faktlar qoyun. Avropada olanda mühacir müsavatçıların bir qismi ilə görüşdüm. Bu qərardayam ki, bu gün Avropada olan bir neçə müsavatçını çıxmaq şərti ilə qalanları Arif Hacılını dəstəkləmir. Onlar Müsavat cameəsində qarşıdurma yaranmasın deyə öz fikirlərini mediaya açıq şəkildə çatdırmırlar”.

S. Əlisoy qeyd edib ki, Müsavat Partiyasında vəsiqə alveri olub və bu alverin başında Arif Hacılı dayanıb.

“Avropada isə bunu Eldəniz Yusibov həyata keçirib. Müsavatın Təşkilat Komitəsinin cəsarəti varsa, kimlərə vəsiqə verildiyini açıqlasınlar. Bu cür alver saxtakarlığın daha ağır formalarından biridir. Necə ki 2003 və 2008-ci ildə seçki qərargahına toplanmış ianə və vəsaitlər, üzvlük haqlarının miqdarı açıqlanmırdı, indi də heç bir vəsaitlə bağlı rəqəm açıqlanmır, belə olan təqdirdə Müsavatı zəbt etmiş Hacılının demokratiyadan danışmağa mənəvi haqqı yoxdur. 4-5 il bundan əvvəl Avropada olanda Müsavat adından Avropaya üz tutan adamla tanış oldum, soruşdum ki, İsa Qəmbərin müavini kimdir? Bir dəfə Etibar Məmmədov, bir dəfə Zərdüşt Əlizadənin adını dedi. 10 il İsa Qəmbərin müşaviri olmuşam, məni belə tanımadı. Tam təsadüf nəticəsində Avropaya getmiş adam idi. Onlara ən böyük dayaq verən də Eldəniz Yusibovdur”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm