Svetlana Əkbərova: “Seçicilərim sahibkarlığın inkişafında yeni səhifələr açan Prezidenti dəstəkləyir”
Bizi izləyin

Nida.az

Svetlana Əkbərova: “Seçicilərim sahibkarlığın inkişafında yeni səhifələr açan Prezidenti dəstəkləyir”

Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Svetlana Əkbərovanın Publika.az-a müsahibəsi.


- Təbliğat-təşviqat kampaniyanız necə gedir?

- Təbliğat-təşviqat kampaniyamız uğurla davam edir. Yağışlı havalara baxmayaraq, seçicilərimlə yaşadıqları ərazilərdə görüşlərimi davam etdirirəm. Kampaniyamda seçdiyim bu yol çətindir, lakin insan nəyəsə nail olmaq istəyirsə, əziyyət çəkməlidir. Seçicilərim məni və fikirlərimi müsbət qarşılayırlar. Bu, mənim ən böyük uğurumdur.


- Seçicilərinizi ən çox maraqlandıran nədir?

- Seçicilər cənab Prezidentimizin son günlərdə sahibkarların hüquqlarının qorunması ilə bağlı addımlarını dəstəkləyir və bu addımların onların ürəyincə olduğunu bildirirlər. Düşünürəm ki, prezidentin sahibkarların hüquqlarının qorunması ilə bağlı qəbul etdiyi son qərarlar sahibkarlığın inkişafında yeni bir mərhələ açıb. Sahibkarlıq subyektlərində mövcud olan qanunsuz tələblər, çoxsaylı yoxlamalar, sahibkarların fəaliyyətinə müdaxilələrin dayandırılması korrupsiya hallarının aradan qaldırılmasına şərait yaradıb. Əminəm ki, bu tədbirlər qısa zamanda öz müsbət nəticəsini verəcək və Azərbaycanın ümumi inkişafına böyük töhfə olacaq.

- Avropa ittifaqı ilə Azərbaycan arasında münasibətlərin səviyyəsinə sizin baxışınız necədir?

- Bildiyiniz kimi, Prezidentimizin xarici siyasətinin əsasını ölkəmizin dünyaya inteqrasiyasının təmin edilməsi, ölkələr arasında səmimiyyətə, bərabərliyə və dostluğa əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərin qurulması təşkil edir. Bu əlaqələrdə ölkəmizin müstəqil siyasət aparması prinsipi daim əsas götürülüb. Avropa İttifaqı ilə əlaqələrin dostluq və strateji tərəfdaşlıq çərçivəsində olması dövlətimiz tərəfindən arzulansa da, Avropa tərəfindən adekvat münasibət yoxdur. Avropa İttifaqının mütəmadi ikili standartlar nümayiş etdirməsi, ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinə maneə olur. Avropa İttifaqı ərazisində yaradılmış bir çox regional təşkilatların ölkəmizə qarşı qərəzli mövqeyi dövlətimiz və onun rəhbəri tərəfindən ən yüksək səviyyədə cavabını alır.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” adlı məqaləsi Azərbaycan-Avropa İttifaqı münasibətlərinin aydınlaşdırılması və analiz edilməsi üçün dəyərli vəsaitdir. Bu məqalədə Azərbaycana qarşı yürüdülən siyasət və ölkəmizin adekvat siyasəti ətraflı şəkildə diqqətə çatdırılır. Hesab edirəm ki, hörmətli Ramiz Mehdiyevin fikirləri Avropa İttifaqının və bu ittifaqa üzv olan bəzi dövlətlərin, habelə bir çox strukturların ölkəmizə qarşı siyasətinə ən tutarlı cavabdır. Avropa İttifaqı Azərbaycana qarşı yürütdüyü qərəzli siyasətə son qoymalı və ikili standartlardan əl çəkməlidir. Əgər Avropa İttifaqı özünü demokratiyanın vətəni sayırsa, ölkəmizin müstəqil siyasət yürütməsinə qarşı çıxmamalı və qərəzli münasibətlərdən əl çəkməlidir. Fikrimi hörmətli Ramiz Mehdiyevin dəyərli sözləri ilə bitirmək istəyirəm: “Azərbaycan Qərb üçün mühüm tərəfdaş olub və belə olaraq qalır. Biz qarşılıqlı münasibətlərdə yalnız bərabərhüquqlu ola bilərik”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm