Avstraliya parlamentində azərbaycanlı girovlarla bağlı məsələ qaldırılacaq
Bizi izləyin

Nida.az

Avstraliya parlamentində azərbaycanlı girovlarla bağlı məsələ qaldırılacaq

Avstraliya parlamentinin üzvü, Avstraliya-Azərbaycan dostluq qrupunun sədri Luke Simpkinsin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşüb.

Trend-in məlumatına görə, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun da iştirak etdiyi görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında ətraflı məlumat verilib.

Görüşdə Kəlbəcərdən olan məcburi köçkünlər avstraliyalı parlamentarilərin diqqətinə çatdırıblar ki, Azərbaycanda dövlət tərəfindən qaçqın və məcburi köçkünlər üçün hərtərəfli şərait yaradılsa da, daim doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayırlar.

Onlar qonaqlardan xahiş ediblər ki, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri, qaçqın və məcbur köçkün problemini dünya, o cümlədən öz ölkələrinin ictimaiyyətinə çatdırsınlar.

Həmçinin parlamentarilərə Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə məlumat verilib və bu məsələnin də müvafiq təşkilatlarda qaldırılması xahiş olunub.

L.Simpkins bu məsələni Avstraliya parlamentində qaldıracağını bildirib.

Avstraliya deputatı Nensi Şerman Stoun isə bildirib ki, BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi böyük problemlər yaradır: "Ümumiyyətlə, bu gün dünyada qaçqın və məcburi köçkün probleminə az diqqət yetirilir ki, bu da daha böyük problemlərə yol açır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm