Baronessa Detta O` Kateyn: “Özüm də bu təcrübədən istifadə etdim”
Bizi izləyin

Nida.az

Baronessa Detta O` Kateyn: “Özüm də bu təcrübədən istifadə etdim”

“Seçki günü 6 dairənin ərazisində olduq. Hər yerdə seçkilərə ciddi diqqət olduğunu müşahidə etdim. İnsanlara təsir etmə və digər xoşagəlməz halla qarşılaşmadım”.

Publika.az xəbər verir ki, bu sözləri Böyük Britaniya Lordlar Palatasının seçkiləri müşahidə missiyasının nümayəndəsi Baronessa Detta O` Kateyn bu gün keçirilən mətbuat konfransında deyib.

O, xüsusən də, barmaqların mürəkkəbə batırılması prosesinin çox xoş olduğunu deyib: “Mən özüm də bu təcrübədən istifadə etdim. Həqiqətən də, yoxlanışın ciddi olduğunu gördüm. Hər şey nizam-intizamlı idi. Londonda seçki məntəqələri ətrafında insanlar toplaşır, nələrisə müzakirə edirlər. Burada isə sanki insanlar hərbi hissədəki kimi ardıcıllıqla səs verib gedirdilər. Hər şey çox səliqəli təşkil edilmişdi. Xüsusən bir məqamı qeyd edim ki, Bakıda seçicilərin əksəriyyəti, həm də məntəqə üzvlərinin əksəriyyəti qadınlar idi. Xəzər rayonunda isə iştirak etdiyimiz məntəqələrdə əksəriyyət kişilər idi. Yəqin ki, günorta olduğundan qadınlar ev işləri ilə məşğul idi. Lakin bir məqamı xüsusən qeyd etməliyəm ki, Azərbaycanda insanlar seçkinin hüquqları olduqlarını bilirlər. Böyük Britaniyada isə bəzi insanlar seçkidə iştirak etmirlər, prosesə laqeyd yanaşırlar. Azərbaycanda isə əksinə, aktivlik var idi, bu da insanların demokratik inkişaf yolunu gördüklərini göstərir. Bakıdan kənarda baş çəkdiyimiz məntəqələrdə onu da müşahidə etdik ki, orada da işlər görmək lazımdır. Yəni mərkəzlə kənarlar bir-birinə yaxın olsun. Düzdür, Böyük Britaniya bu səviyyəyə çatmaq üçün əsrlər keçib. Lakin Azərbaycanda da işlər görülür. Birinci xanımın bir çox sahədə, xüsusən qadınlarla bağlı gördüyü işləri çox yüksək dəyərləndiririk”.

Seçici fəallığına toxunan Baronessa Detta O` Kateyn insanların çox aktiv olduğunu deyib: “Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmə görə, seçici fəallığı 60%-dən az olub, lakin məntəqələrdə seçicilərin fəallığını müşahidə edirdik. Məntəqələrin birində 800 nəfərin adı var idi, biz günorta olanda artıq 600 nəfər səs vermişdi. Ümumiyyətlə, seçkilərin aktiv keçdiyini bildirmək istəyirik”.

Baronessa Detta O` Kateyn Britaniya parlamentində Azərbaycanla bağlı debatlar keçirilərsə, seçkilərlə bağlı fikirlərini səsləndirəcəyini bildirib: “Mən Azərbaycanın dostuyam. Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun üzvüyəm. Azərbaycanda sadəcə geosiyasi problemlər olmadığını bilirik. Biz bu problemlərin aradan qaldırılması üçün səhnə arxasından missiyamızı həyata keçiririk. Ola bilsin ki, fəaliyyətimiz kifayət qədər faydalı deyil, lakin bu fəaliyyəti davam etdiririk”.

Böyük Britaniya Lordlar Palatasının nümayəndəsi Lord Devid Evans seçkilərdəki şəffaflıq və təhlükəsizliyin xoşuna gəldiyini deyib: “Müşahidə apardığımız dairələrin 4-ü Bakı, ikisi kənarda idi ki, bu da mərkəzlə kənarlar arasında fərqi görməyimizə imkan verdi”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm