Tural Abbaslı və İltizam Əkbərli Müsavatdan çıxarılır
Bizi izləyin

Nida.az

Tural Abbaslı və İltizam Əkbərli Müsavatdan çıxarılır

Tural Abbaslı və İltizam Əkbərli Müsavat Partiyasından çıxarıla bilər.



Müsavatdan Publika.az-a verilən məlumata görə, yaxın günlərdə partiya nizamnaməsinin pozulması ilə məsələyə baxılacaq: “Partiya noyabrın 1-də keçirilən parlament seçkilərində iştirakdan imtina etdi. Lakin bəzi üzvlər bu qərara çıxaraq seçkidə iştirak etdi. Nizamnaməyə görə, partiya qərarına qarşı çıxan üzvlər ya xaric olunur, ya töhmət alır, ya da onlara xəbərdarlıq edilir”.



Məlumata görə, Müsavat üzvləri Tural Abbaslı və İltizam Əkbərli parlament seçkilərində partiyanın qərarına qarşı çıxaraq iştirak ediblər.



Publika.az adıçəkilən hər iki şəxsin münasibətini öyrənib.



Tural Abbaslı bildirib ki, qurultaydan sonra illərini verdikləri Müsavat Partiyasının gündəmə ancaq intriqalar, qarşıdurmalar və çəkişmələrlə gəlməsindən təəssüf edir: “Mən Divana məsləhət görərdim ki, belə intriqalarla məşğul olmaqdansa, seçkini və onun nəticələrini müzakirə etsin, partiyanın bu seçkilərdən niyə belə zəif çıxdığının analizini aparsın, son bir ildə düşdüyü acınacaqlı vəziyyəti araşdırsın və s”.



Onun sözlərinə görə, partiyanın hazırki rəhbərliyi istənilən addımı ata bilər.

“Divan və partiyanın digər səlahiyyətli orqanlarının yeni başqan seçildikdən sonra verdikləri qərarların qərəzliliyini və nizamnaməyə uyğunsuzluqlarını gördükdə istənilən addımı ata biləcəklərini demək mümkündür. Burada kriteriya nizamnamə yox, Arif Hacılıya münasibətdir. Yəni onun bütün tənqidçiləri və əleyhdarları hədəfdədirlər. Mən partiya nizamnaməsinə uyğun olmayan hansısa addım atdığımı düşünmürəm. Çünki partiya boykot qərarı verdikdə və namizədlərindən geri çəkilməyi tələb edəndə, bu qərar partiya siyahısı üzrə namizədlərə aid idi. Mən isə bildiyiniz kimi şəxsi təşəbbüsümlə namizədliyimi irəli sürmüşdüm. Yəni bu məsələdə partiya qarşısında heç bir öhdəliyim yox idi.

Digər tərəfdən, bu qərarı ümumiyyətlə gecikmiş və yanlış hesab edirəm. Bu da partiya rəhbərliyinin siyasi səriştəsizliyindən irəli gəlirdi. 100 illik partiyanı üzvləri üçün inkvizisiyaya çevirməklə məşğul olmaqdansa, Müsavatı gücləndirməklə və nüfuzunu bərpa etməklə məşğul olsalar daha səmərəli olar”, - deyə o bildirib.



İ. Əkbərli isə qısa olaraq bildirib ki, seçkilərdə iştirakına səbəb seçiciləri qarşısında öhdəlik götürməsi olub: “Partiyanın haqqımda çıxaracağı istənilən qərara hörmətlə yanaşıram”.



Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm