• USD 1,7000 0,00% EUR 1,9570 +0,46%
    • GBP 2,2216 +0,36% RUB 0,0259 0,00%

Avropa Ermənistanı işğalçı kimi tanıdı: Qarabağ azad olunacaqmı?

  • Nida.az
  • 5 Noyabr 2015 17:00
  • 1 798 Baxış
Avropa Ermənistanı işğalçı kimi tanıdı: Qarabağ azad olunacaqmı?

Britaniyalı məruzəçi Robert Valterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” adlı hesabat məruzəsi əsasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi komitəsinin büro iclasında qətnamə layihəsi qəbul olunub.

AŞPA Minsk prosesi çərçivəsində həmin ərazilər üzərində Azərbaycanın tam suverenliyini tanımağa çağırıb. Komitə etimad tədbirlərinin möhkəmləndirilməsinin, Naxçıvana çıxış üçün dəhlizin yaradılmasının vacibliyini bildirib. Qətnamədə Ermənistanın təmas xəttində mülki şəxslər də daxil olmaqla itkilərlə nəticələnən gərginlik yaratması pislənilib.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov məruzənin qəbul olunmasından sonra Ermənistan nümayəndə heyətinin britaniyalı məruzəçiyə xoşagəlməz ittihamlar yağdırdığını deyib.

“Bu, Azərbaycan nümayəndə heyətinin uğurudur. Ermənilərin həqiqəti gizlətmək, ona mane olmaq üçün bütün cəhdlərinə baxmayaraq, Azərbaycan Prezidentinin apardığı siyasətin nəticəsində həqiqət, ədalət qalib gəlir və AŞPA-da deputatlar arasında Azərbaycanla bağlı beynəlxalq qanunun normalarına riayət edilməsinə başlanılır. Mən əminəm ki, bu məruzə yanvar sessiyasında açıq şəkildə müzakirə olunacaq və dəstəklənəcək. Bu proses Minsk qrupu çərçivəsində aparılan danışıqlara da öz töhfəsini verəcək”- deyə Səməd Seyidov bildirib.

Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov Publika.az-a açıqlamasında bildirib ki, bu, faktiki olaraq Azərbaycan torpaqlarının işğal olunmasına hüquqi dəstəkdir və olduqca pozitiv məqamdır: “Bu günə qədər müxtəlif beynəlxalq strukturlar tərəfindən bu cür qətnamələr, qərarlar qəbul olunub. Bu qərar hüquqi baxımdan dəstəkdir. Lakin narahatedici bir məqam var. İndiyə qədər qəbul olunan qərarların heç biri real olaraq Ermənistana təzyiq etməklə bağlı olmayıb. Halbuki sanksiyalar olmadan, təzyiq etmədən Ermənistanın işğalçı siyasətinə son qoymaq mümkün deyil”.

Politoloq hesab edir ki, Ermənistana real təzyiqlərin olmaması aparıcı dövlətləri erməni diasporu ilə işbiriyindən irəli gəlir: “Mən istisna etmirəm ki, burada din amili də mövcuddur”.

Politoloq Rasim Musabəyov AŞPA-dakı qərarın münaqişənin həllində rol oynayacağını düşünmür: “AŞPA-dan öncə BMT-nin dörd qətnaməsi var, lakin indiyə qədər bu qətnamələr yerinə yetirilməyib. Bu baxımdan inanmıram ki, AŞPA-nın qərarı Ermənistanı işğalçı siyasətdən yayındıracaq. Lakin bütün bunlara baxmayaraq, bu qərar beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın işğalçı olması kimi tanınmasında böyük əhəmiyyətə malikdir”.



Asif Nərimanlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>